Xanım deputatdan etiraz: "Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?!"

Parlamentin bu gün keçirilən iclasında millət vəkili Aytən Mustafazadə Binəqədi rayonundakı “Avtovağzal” metrostansiyası yaxınlığında baş verən cinayətdən danışıb.

Sherg.az-ın xəbərinə görə, millət vəkili qeyd edib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır:

“Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?!

Onu da deyim ki, bu gün metroda yoxlamalar ciddi aparılmır. Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Xatırladaq ki, Bakıda ər arvadını qətlə yetirib. Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib. Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.