Çoxuşaqlı ailələrin sayı sürətlə azalır: İki uşaqlı ailə modelinə keçirik - SOS

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə bir az daha da artırılsın.  Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib.
 
O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var: 

“Sosial təminatı zəif olan, o cümlədən, imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.



Ekspert: "Əgər aylıq uşaqpulu bərpa edilmirsə, heç olmasa 3 və daha çox uşaqlı ailələrə əlavə yardım edilməlidir"


Deputatın təklifinin son dərəcə təqdirəlayiq və vacib olduğunu deyən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Sherg.az-a bildirib ki, məsələ parlamentdə müzakirə olunmalı və müvafiq qərar qəbul edilməlidir.

İqtisadçı bildirib ki, çoxuşaqlı ailələrin sayı sürətlə azalır və 1-2 uşaqlı ailə modelinə keçirik:

“Səbəb də onunla bağlıdır ki, əksər ailələrin 3-5 uşaq böyütmək üçün lazımi maddi imkanları yoxdur. Bu, demoqrafik vəziyyəti pisləşdirir və ailə modelini zəiflədir. Dövlətimizin əlbəttə, bunu həyata keçirmək üçün kifayət qədər maliyyə imkanı var. Hesab edirəm ki, 3 və daha çox uşaq olan ailələrə aylıq yardımlar verilməsi vacibdir. 5 uşaqlı ailələrə edilən yardım əhalinin heç 0,1 faizini belə əhatə etmir və bunun sosial yükü yoxdur. Çünki indiki dövrdə nəinki 5-6, heç 3 uşaqlı ailələrə də rast gəlmək olmur. Yaxşı olardı ki, aylıq uşaqpulu bərpa edilsin və hər uşağa aylıq 100 manat dövlət yardımı edilsin. Əgər aylıq uşaqpulu bərpa edilmirsə, heç olmasa 3 və daha çox uşaqlı ailələrə əlavə yardım edilməlidir. Bu yardımlar tətbiq olunarkən əlbəttə yüksək maddi imkanı ola ailələrə yox, aşağı maddi təminatı olan ailələrə üstünlük verilməlidir. Bu halda büdcəyə əlavə yük düşməz. Məsələn, aylıq gəliri adambaşına yaşayış minimumundan- 200 manatdan artıq olmayan ailələrə yardım edilə bilər. Bu, mütləq edilməlidir. Çünki, demək olar bütün ölkələrdə bu tətbiq edilir. Bizim maliyyə imkanlarımız yüksəkdir, demək bunu rahatlıqla tətbiq edə bilərik”.