Parlamentin dəyişməsinə ehtiyac vardı: Məclis Prezidentin islahatları ilə ayaqlaşa bilmir

“Növbədənkənar parlament seçkisinin keçiriləcəyi ilə bağlı ictimaiyyətin gözləntisi var idi”. Bunu Sherg.az-a açıqlamasında AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib. 

Ekspert bildirib ki, Milli Məclisdə müəyyən səbəblərdən boşalmış kifayət qədər yer var idi: 

“Parlamentdə 9-dan artıq yer boşalmışdı. Müxtəlif vəzifələrə təyin olunmuş deputatlar var idi ki, onların bəziləri mandatından imtina etmişdi. Digər tərəfdən Prezidentin apardığı sürətli islahatlar günün tələbinə cavab verməyən parlamentlə ayaqlaşmırdı. Əlbəttə, dövlət başçısının qeyd etdiyi kimi Milli Məclisdə “yaşlı-cavan” söhbətinin olmasının tərəfdarı deyiləm. Məsələyə fərdi yanaşmaq lazımdır. İşləməyi bacaran, fəal deputatlarla yanaşı, passiv parlament üzvləri də var. Elə deputat var ki, illərdir susub, "lal" olub. Amma gənc olmadığı halda kifayət qədər fəal olan deputatlardan biri Elxan Süleymanovdur. Mən onunla uzun müddətdir işləyirəm. İndi onu da “yaşlı deputat” adlandırırlar. Lakin o təkbaşına onlarla cavanın görə bilmədiyi işi görür. Bunları qiymətləndirmək lazımdır”. 



Məhərrəm Zülfüqarlı: "Bizə Azərbaycan himnini ürəkdən oxuyan və millətə sadiq olan deputatlar lazımdır"


M.Zülfüqarlının sözlərinə görə, ilk növbədə istedadlı, dinamik, eyni zamanda Vətənə bağlı şəxslərə üstünlük verilməlidir: 

“Bizə himni, bayrağı və gerbi ilə fəxr edən milli kadrlar lazımdır. Ola bilər ki, gənc ingilis və rus dillərini yaxşı bilər, amma Azərbaycana ögey münasibət bəsləyər, Vətəninə yuxarıdan-aşağı baxar. Sadəcə dil bildiyi üçün belə gənclərin parlamentdə təmsil olunması qətiyyən doğru deyil. Bizə Azərbaycan himnini ürəkdən oxuyan və millətə sadiq olan deputatlar lazımdır”.