Həmid Vəliyev: "Jurnalistika mənim taleyimdir" - MÜSAHİBƏ

"Hətta bu gün də telefonla qəzet çıxara bilərəm"



Məzunu olmağa hazırlaşdığım Bakı Dövlət Universiteti ilə yarı yaşda olan Jurnalistika fakültəsində tələbələrin gələcək peşəkarlardan biri olması üçün sözün əsl mənasında can yandıran, təkcə verdiyi biliklə kifayətlənməyib, həm də şəxsiyyəti ilə nümunə olan müəllimlər kifayət qədərdir. Burada Beynəlxalq jurnalistika kafedrasının müdiri professor Həmid Vəliyevin adını çəkə bilərik. Gürcüstanın Sadaxlı kəndində anadan olan Həmid müəllim müxtəlif illərdə Tbilisidə "Sovet Gürcüstanı" qəzetində korrektor, baş korrektor (1960-1968), şöbə müdiri (1968-1972), redaktor müavini (1973-1991) vəzifələrində  çalışıb, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına rəhbərlik edib (1991-1995), "El qəzeti"nin, "Mübarizə" və "Şəfqət" qəzetlərinin, "Borçalı" jurnalının baş redaktoru olub. Gürcüstan SSR-in "Əməkdar jurnalisti (1988), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına (2009), "Əməkdə fərqlənməyə görə" (1970) və "Tərəqqi" (2005) medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1972), Azərbaycan mətbuat şurasının diplomuna (2013) və digər mükafatlara layiq görülüb. O, 1992-ci ildən BDU-da çalışır. 

Bir müddət əvvəl  80 yaşlı professorun “Ömür dedikləri...” adlı kitabı çapdan çıxdı. 13 hissədən ibarət olan kitabda müəllif öz xatirələrini oxucularla bölüşür, onlara peşəkarlığa gedən yoldan danışır. 
Bu yaxınlarda Həmid müəllimlə görüşüb onunla adıçəkilən kitab haqqında və bizi maraqlandıran digər suallar ətrafında həmsöhbət olduq. 

- Həmid  müəllim, necə oldu ki, “Ömür dedikləri...” kitabını yazmaq qərarına gəldiniz?

- 80 il az müddət deyil. Özümü dərk edəndən ətrafımda baş verən hadisələrə maraqla yanaşmışam. Çalışmışam ki, hər şeyin dərinliyinə gedim, mahiyyətini müəyyənləşdirim. İndiyə kimi gördüklərim, müşahidə etdiklərimə əsasən belə qərara gəldim ki, mənim həyat yolum jurnalistikaya marağı olanlar üçün bir açar rolunu oynaya bilər. Ona görə bu kitabı ərsəyə gətirdim. 

- Bu illər ərzində həyat sizə nələr öyrədib?

- Şübhəsiz çox şey. Mənə elə gəlir, kimlərisə tənqid edəndə bir az diqqətli olmaq lazımdır. Düzdür, tənqid islahedici xarakter daşıyır. Amma həm də şəxsin özünümüdafiəsidir. Xüsusilə indiki dövrdə tənqid hədəfsiz yerə güllə atmaq kimidir. Bu mənada amerikalı yazıçı və pedaqoq Deyli Karneginin dediyi kimi, insanlarda nöqsan axtarmağa yox, mümkün qədər təbəssüm etməyə çalışmaq lazımdır. Çünki təbəssüm insanın özündən heç nə almır, qarşı tərəfə isə çox xoş aura ötürür. 

- “Ön söz”də qeyd etmisiniz ki, kitab tərcümeyi-hal xarakteri daşıyır. Sizcə, qeydlərinizdə həyatınızı tam əks etdirə bilmisinizmi?

- Dediyim kimi, indiyə kimi kifayət qədər çox hadisələrlə üzləşmişəm. Çalışmışam ki, kitabda onların ən maraqlılarını, ən əhəmiyyətlilərini toplayım. Əks halda 2-3 qat böyük bir kitab ərsəyə gələcəkdi. 

- Bəs gələcəkdə kitabın davamını yaza bilərsiniz? 

- Doğrusu, kitabın davamını da yazmaq olar. Bu haqda düşünürəm. Ola bilsin, gələcəkdə “Ömür dedikləri...”ndə yazmadığım xatirələri növbəti kitabda birləşdirərəm.

- Kitabda həm jurnalist, həm də müəllim kimi çalışdığınız dövrlərdən geniş yazmısınız. Siz əvvəl jurnalist, ya müəllimsiniz?

- Mən praktik jurnalistəm. Orta məktəbi bitirdiyim illərdən 1991-ci ilədək Gürcüstanın müxtəlif mətbu orqanlarında əməkdaşlıq etmiş, radioda diktor vəzifəsində çalışmışam. Müəllimliyə də jurnalistikadan gəlmişəm. Amma əvvəlcə jurnalistəm. Jurnalistika mənim taleyimdir. Hətta bu gün də telefonla qəzet çıxara bilərəm. Dəqiq deyə bilərəm ki, hansı materialı neçənci səhifədə, səhifənin hansı hissəsində yerləşdirmək lazımdır. 

- Bu gün də Gürcüstan mətbuatını izləyirsiniz?

- Hər gün həm Azərbaycan, həm də Gürcüstanda baş verən yeniliklərlə tanış oluram. Bunu ilk növbədə mənim ixtisasım tələb edir. “Azad Gürcüstan” qəzetinin elektron versiyasını maraqla oxuyuram. “Gürcüstan”  da maraqlı, oxunaqlı qəzetdir. Doğrudur, hazırda bu qəzetin maliyyə imkanları o qədər də yaxşı deyil. Həftədə bir dəfə kiçik formatda çıxır. Lakin vaxtı ilə böyük formatda nəşr olunurdu və çox böyük oxucu auditoriyası var idi. 

- Müəllimliyə sevginiz necə yaranıb?

- Bu haqda kitabda da yazmışam. Nədənsə, müəllimlik məni həmişə cəlb edib. Müəllimlik, doğrudan da, maraqlı peşədir. Xüsusilə əgər tələbələr sənə qulaq asırlarsa, bu insana əlavə zövq verir. 

- Kitabda “Beynəlxalq jurnalistlər, haradasınız?” adlı bir hissə var. Burada indiyə kimi yetişdirdiyniz beynəlxalq jurnalistlərdən söz açmısınız. Bu qədər beynəlxalq jurnalist yetişdirmək necə hissdir?

- Orada, sözsüz ki, kafedranın bütün məzunları haqqında yaza bilməmişəm. Əslində bizim yetirmələrimiz adlarını oxuduqlarınızdan qat-qat daha çoxdur. Şübhəsiz, sevindiricidir ki, bizim tələbələrimiz bu gün peşəkar beynəlxalq jurnalist kimi fəaliyyətlərini davam etdirirlər. Deməli, işimizin öhdəsindən layiqincə gələ bilərik. Yadda saxlamaq lazımdır ki, bizim hazırkı dövrdə beynəlxalq jurnalistlərə çox ehtiyacımız var. Ümumiyyətlə, beynəlxalq jurnalistika jurnalistikanın zirvəsidir. 

- Sizcə, əsl müəllim necə olmalıdır?

- Əsl müəllimin həmişə tələbəyə deyiləcək sözü olmalıdır. Müəllim auditoriyaya bilik vermək, tələbələrinə yeni nə isə öyrətmək üçün girməlidir, vaxtı keçirmək üçün yox. Bütün müəllimlərə məsləhət görərdim ki, Deyli Karneginin trilogoyasını, o cümlədən onun “Natiqlik sənəti haqqında” əsərini oxusunlar. Çünki nitq hazırlamaq ən mühüm amildir. Müəllim elə danışmalıdır ki, tələbə mühazirəyə nəinki qulaq assın, hətta dərsdən zövq alsın. Həm də müəllimlər təkcə konkret sahəni tədris etməklə kifayətlənməməli, eyni zamanda tələbələri vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər. Bu, indiki dövrün tələbidir. 

- Tələbələrə tövsiyələriniz nələrdir?

- Tələbələr gərək çox oxusunlar. Bəzən gənclər hər şeyi bilmək istəyir, ancaq nə isə oxumaqdan boyun qaçırırlar. Bu, səhvdir. Oxumadan biliyə yiyələnmək olmaz. Gənclər hər şeydən əvvəl vətənpərvər olmalıdırlar. Fransız yazıçısı və jurnalisti Onoro de Balzak yazırdı: “Fransızlar əvvəlcə jurnalist, sonra fransızdırlar, ingilislər isə əvvəlcə ingilis, sonra jurnalistdirlər”. Çalışmaq lazımdır, ilk növbədə layiqli vətəndaş olasan. Həm də demək istərdim ki, yetişməkdə olan nəsil çox dil bilsin. Dil bilməyin ziyanı yoxdur. İnsan nə qədər çox dil bilsə beynəlxalq aləmdən bir o qədər tez baş çıxara bilər. 

- Həmid  müəllim, etiraf etmək lazımdır ki, kitab oxucular tərəfindən birmənalı qarşılanmadı...

- Ola bilər. Hər kəsin zövqünü oxşamaq olmaz ki...

- Kitabınızın son cümləsi belədir: “Elə yaşamalısan ki, öləndən sonra da yaşayasan”. Bunun üçün nə etmək lazımdır?

- Gərək ləyaqətini daim qoruyasan. İnsanlara kömək etməyə, bildiklərini onlara öyrətməyə çalışasan. Bununla yanaşı, özündən sonra bu həyatda nə qoyacağın barədə düşünəsən. Dünyada ancaq yaxşılıq, bir də mənəvi miras qalacaq. 

- Səmimi cavablar üçün çox sağ olun, müəllim.

- Sağ olun. 

P.S: Müsahibə dərc olunmazdan bir gün əvvəl eşitdik ki, böyük bir jurnalist nəsli yetişdirmiş professor Həmid Vəliyev BDU-nun 100 illik yubileyi münasibətilə Przident İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordenilə ilə təltif olunub. Bu münasibətlə professoru təbrik edir və ona daha böyük uğurlar arzu edirik.

Kənan Novruzov