Məktub gəlmir: Öz torpağında girov olmaq dəhşətlidir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi



Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terrorizm siyasəti 30 ildən çoxdur ki, davam etməkdədir. Məlumdur ki, Ermənistan tərəfindən işğala məruz qalan Dağlıq Qarabağ və ətraf rayonlardan bir milyondan çox azərbaycanlı, bu müddət ərzində öz ata-baba yurdlarına gedə bilmirlər. Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyi, danışıqlardan hər vəchlə yayındığı üçün problem qalmaqdadır. Bir milyondan çox məcburi köçkün bu gün də Vətən, doğma torpağının həsrəti ilə yaşayırlar.

Ermənistan ordusu əraziləri işğalda saxladığı üçün, məcburi köçkünlər ata-baba yurduna ayaq basa bilmirlər. Çünki gedənlər Dağlıq Qarabağda yaradılmış separatçılardan və terrorçulardan ibarət qondarma  rejim tərəfindən ya öldürülür, ya da girov saxlanılır. 

Onlar sadəcə işğalda olan kəndlərində yaxınlarının məzarını ziyarət etmək istəyiblər


Bu hallardan biri 5 il yarım bundan öncə yaşandı. Belə ki, 2014-cü il iyulun 11-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda doğulmuş, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürüldülər. Doğma rayonlarını ziyarət etmək üçün onlarla birlikdə gedən Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürüldü.
Hadisə haqqında belə açıqlama verildi: 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.

Təxminən 3 aydan sonra, 2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də o, Bakının Binəqədi qəbiristanlığında dəfn edilib. 
İşğal altındakı qondarma rejim, girov götürülən D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Səhhətləri ilə bağlı narahatlıq artır


Qeyd edək ki, D.Əsgərov və Ş.Quliyev Kəlbəcərin Şaplar kəndində olduqlarını əks etdirən videolarını yaymışdılar. Videonun hələ 2009-cu ildə çəkildiyi bəlli olurdu. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Onların məktublarını ailələrinə çatdırır, ailələrindən məktub alır. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. 
Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur. Bu da müəyyən şübhələrə yol açır. Onların səhhəti ilə bağlı narahatlıq artır.
"Qızıl Xaç"ın məktub aparıb-gətirməsi prosesi də son bir ildə ləng gedir. Çünki girovların ailə üzvləri mətbuata mütəmadi olaraq məktub, videogörüntü və ya şəkil almadıqlarını qeyd edirlər. 

Qeyri-humanist yanaşma...


Girovların erməni terrorçularından azad edilmələri üçün Azərbaycan tərəfi qeyri-rəsmi və rəsmi surətdə 5 ildir ki, fəaliyyət göstərir. 
Belə ki, 2016-cı il noyabrın 23-də Bakıda, Girovların Hüquqlarının Müdafiə Komitəsi yaradılıb. Müdafiə Komitəsində 80-ə qədər üzv var ki, bütün beynəlxalq instansiyalara müraciətlər edilib. 

Bununla yanaşı rəsmi Bakı tərəfindən bir çox addımlar atılıb, Qarabağ danışıqlarında Dilqəm və Şahbazın azad edilməsi üçün məsələ qaldırılıb. Amma heç bir humanizm prinsiplərini qəbul etməyən Ermənistan tərəfi girovları hələ də azad etmir, bundan boyun qaçırır. 
Bununla yanaşı Azərbaycan tərəfindən 2019-cu il sentyabrın 11-də beynəlxalq təşkilatlara D.Əsgərovla Ş.Quliyevin Azərbaycanda saxlanılan Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilməsinə hazır olduqları ilə bağlı müraciət göndərilib. Ermənistanın müdafiə naziri David Tonoyan iki erməni əsirini iki azərbaycanlı girov müqabilində dəyişdirmək barədə Azərbaycanın təklifinin qəbul olunacağının mümkünlüyünü bəyan etmişdi. Amma bu da baş vermədi. Çünki Dağlıq Qarabağdakı separatçı qondarma qurum girovların verilməsindən imtina etdi. Əslində isə, rəsmi İrəvan separatçılara göstəriş versə idi, girovlar azad edilə bilərdi. Lakin görünən odur ki, rəsmi İrəvan humanitar məsələlərdə də qeyri-adekvatdır. 

Ümid 2020-ci ilədir …


Artıq girovlarımızla bağlı məsələ Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) çıxarılıb. Bu ilin oktyabr ayında Azərbaycan hökuməti girovlarla bağlı mövqeyini AİHM-ə təqdim edib.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib ki, sözügedən məsələ ilə bağlı Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb:

"Bununla bağlı çox müfəssəl mövqe AİHM-ə təqdim olunub. Bu, prosesdə sonuncu mərhələdir. Bundan sonra AİHM artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər".
Ç.Əsgərov qeyd edib ki, AİHM öz qərarında bu iki şəxsin hüquqlarının pozulmasını müəyyən edəcək: “Ardınca Ermənistan bu qərarı icra etməli olacaq. Buna nəzarət isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməsindən asılıdır". Ç.Əsgərov bildirib ki, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər: "Amma Avropa Şurasının müvafiq təsir mexanizmləri mövcuddur. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin".
Hər halda rəsmi şəxsin bu açıqlaması gələn il girovların azad oluna biləcəyini, şad xəbər alacağımıza ümid yaradır. Amma Çingiz müəllimin də dediyi kimi, rəsmi İrəvan həmişə olduğu kimi, bu dəfə də məsələnin həllindən boyun qaçıra bilər ki, bu, istisna deyil. Çünki işğalçı dövlətin qeyri-konstruktiv mövqeyinin zaman-zaman şahidi oluruq. 

Elə bu günlərdə Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov da məsələyə toxunub.

Nazir qeyd edib ki, Ermənistan D.Əsgərov və Ş.Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir: “Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşdü. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan D.Əsgərov və Ş.Quliyevin işini xüsusi qeyd etmək istərdim”. 

Nə məktub var, nə görüntü…


D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyir ki, artıq 2 ildir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları atasından nə videogörüntü, nə şəkil təqdim edirlər. Onun sözlərinə görə, 2 ildən çoxdur ki, atası ilə bağlı sadəcə olaraq şifahi məlumat əldə edirlər:

“Bu yaxınlarda bizdə ümid yarandı ki, əsir və girovların dəyişdirilməsi prosesi baş tutacaq. Hətta Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama verdi ki, əsir və girovların dəyişdirilməsi ilə bağlı hazırlıq işləri gedir. Amma hələ ki, sabitlikdir. Nə dəyişilmə prosesi baş tutdu, nə hazırlıq işləri görüldü. 5 ildən artıqdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə iş vermişik. Ümid edirdim ki, bu ilin sonuna kimi girovların dəyişdirilməsi baş tutacaq və atam geri qayıdacaq. Avropa İnsan Hüquqları Məhkəməsi işi üzərinə götürüb, kommunikasiya qəbul edib və kommunikasiya başa çatdıqdan sonra işə baxılma prosesi baş tutmalıdır. Avropa Məhkəməsində işi aparan insanlar açıqlama vermişdilər və biz ümid edirdik ki, bu il atamın və Şahbaz Quliyevin məsələsinə baxılacaq. Amma təəssüflər ki, Avropa İnsan Hüquqları Məhkəməsinin gələn il bu işə baxacağı bildiriləndə, ümidlərimizin hər biri öldü. Mən ümid edirdim və inanırdım ki, bu il Avropa İnsan Hüquqları Məhkəməsində işə baxılmamışdan qabaq girovların dəyişdirilməsi prosesi baş tutacaq və atam nəhayət ki, 6 ildən sonra xilas ediləcək. Hələ ki, gözləyirik, görək nə baş verəcək”.

K.Əsgərov atasından sonuncu dəfə 2017-ci il noyabrın 1-də məktub aldığını bildirib:

“O vaxtdan bəri heç bir məktub gəlməyib. Hər dəfə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirirlər ki, “Atanızın saxlanma şəraiti yaxşıdır, səhhəti normaldır”. Onlara cavab verirəm ki, “Atamın səhhətinin yaxşı olduğunu deyirsiz. Yaxşı, mən sizinlə razıyam. O zaman bir dəqiqəlik videogörüntü gətirin və biz görək ki, həqiqətən də atamın vəziyyəti yaxşıdır. Beləliklə sübut olunsun ki, siz beynəlxalq təşkilat olaraq düz deyirdiz, mən isə yanılırdım. Amma siz atamdan bir dəqiqəlik görüntü gətirə bilmirsizsə, beynəlxalq təşkilat olaraq sizə inanmıram”.

Ş.Quliyevin qardaşı İlham Quliyev də uzun müddətdir ki, qardaşından xəbər ala bilmədiyini deyir:

“Şahbazdan sonuncu dəfə nə vaxt məktub aldğımız heç yadımda da deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi məni proseslərdən kənarlaşdırıb. Artıq məni dəvət etmirlər. Ona görə də qardaşımla bağlı heç bir məlumat əldə edə bilmirəm”.

Deputatlar çıxış yolu göstərdi


Beşinci çağırış Milli Məclisin üzvü, deputat Elman Məmmədov düşünür ki, AİHM-nin verdiyi qərar heç də həlledici rol oynamayacaq.

Millət vəkili qeyd edib ki, məhkəmə bizim lehimizə qərar versə, təbii ki, Ermənistan tərəfi çətin vəziyyətdə qalacaq: "Lakin qəbul olunan dörd qətnamə kimi bu, beynəlxalq sənədi tanımaqdan imtina edib  girovları azad etməyə də bilərlər. Onsuz da düşmənlərimizin məkrli siyasəti hamıya məlumdur. Ermənistan illərdir ki, heç bir beynəlxalq sənəd tanımır və bu əməllərinə görə onları cəzalandıran yoxdur. Əgər AİHM bizim xeyrimizə qərar qəbul etsə və qərarının üzərində ciddi-cəhdlə dayansa, bəlkə də girovlarımız azad ola bilər".

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Beşinci çağırış Milli Məclisin üzvü, deputat Zahid Oruc hesab edir ki, 5 ildən çoxdur ki, düşmən qüvvələri ən ağır məhrumiyyətləri girovlarımızın üstündə sınamaqdadılar:

"Separatçı rejimin qərarı ilə qurulan oyuncaq “məhkəmə” və həmyerlilərimizə qarşı kəsilən “hökm” Ermənistan siyasi hakimiyyətinin iç üzünü açan və bəşəriyyət miqyasında təqdim etdiyi məzlum obrazını darmadağın edən bir durumdur. Şahbazla Dilqəmin başına gətirilən oyun eyni zamanda Ermənistanın qonşu dövlətlərə münasibətinin təzahürüdür. Nə yazıq ki, yüz illərdir Ermənistan dövlətinin və siyasi elitasının region dövlətlərə qarşı münasibəti dəyişməyib”. Millət vəkili düşünür ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər təşkilatlar girovlarımızın azad edilməsi istiqamətində heç bir real addım atmadığı üçün məsələ ildən-ilə uzanır: "Məsələnin həlli yubandığı üçün ermənilərin onlar üzərindəki qeyri-insani rəftarları da gündən-günə artır. Məncə, Azərbaycanın xüsusi kəşfiyyat orqanları öz gücünü göstərməli, mülki və ya hərbçi olmasından asılı olmayaraq erməni vətəndaşlarını ələ keçirməlidir ki, dəyişilmə əməliyyatı ilə bu problem sonlansın. Əgər müharibəyə başlaya bilmiriksə, ən azından bu addımı atmalıyıq”.

Sonda isə bir məsələni qeyd edək. Bu günlərdə Milli Məclisdə Azərbaycan Respublikasının İnsan Haqları üzrə yeni müvəkkili  (Ombudsman) seçildi. Yeni Ombudsman ilk açıqlamasında girovların məsələsi ilə məşğul olacağını xüsusi qeyd etdi.

Bununla yanaşı Azərbaycandakı Rus icmasının sədri, deputat Mixail Zabelin deyib ki, yeni Ombudsmandan gözləntiləri böyükdür:

“Yeni və çalışqan bir xanım Ombudsman seçilib. Azərbaycanlı girovların məsələsini yenidən gündəmə gətirmək və müzakirə etmək üçün mütləq yeni Ombudsman Səbinə Əliyeva ilə görüşəcəm”.
Bütün hər kəs, girovların ailələri də, xalq da Dilqəm və Şahbazın erməni girovluğundan azad olunacağını səbirsizliklə gözləyir. 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.