İŞİD üzərində qələbə: Suriyada vətəndaş müharibəsinə son qoyuldu

“Astana prosesi”ndə, yəni Rusiya, Türkiyə və İranın birgə iştirakı ilə keçirilən görüşlərdə Suriya böhranı ilə bağlı müəyyən irəliləyişlər olub”.  Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, məhz bu üç ölkənin Suriyadakı proseslərə müdaxiləsindən və bir-biri ilə koordinasiyalı iş aparmasından sonra İŞİD üzərində qələbənin şahidi olmuşuq: 

“Rusiya, Türkiyə və İranın ortaq mübarizəsi sayəsində Suriyada vətəndaş müharibəsinə son qoyulub. “Astana formatı”na qədər hər üç dövlətin mövqelərində ciddi fərqlər var idi. Amma ortaq geosiyasi və geostrateji maraqlar Rusiya, İran və Türkiyənin həmrəylik nümayiş etdirməsinə gətirib çıxardı. Həm də üç ölkənin heç biri digərinin bölgədə təkbaşına güclənməsini istəmir. Türkiyə ilə İran və Rusiya arasında ən ciddi problem İdlib şəhəri ilə bağlıdır. İdlibdə Suriya müxalif qüvvələrin mövcudluğu, Ankara hökumətinin maraqlarına cavab verir. Amma Rusiya və Əsəd rejimi müxalif güclərdən narahatlıq duyur. Hələlik bu məsələ ilə bağlı müzakirələr aparılmaqdadır”. 



Politoloq: “Ortaq geosiyasi və geostrateji maraqlar Rusiya, İran və Türkiyənin həmrəylik nümayiş etdirməsinə gətirib çıxardı”


Analitikin sözlərinə görə, Qərb ölkələri, faktiki olaraq ABŞ Suriyanın neftlə zəngin ərazilərinə nəzarət edir: 

“Amerika üçün əsas məsələ Suriyadakı, ümumiyyətlə Yaxın Şərqdəki enerji yataqlarıdır. Ona görə də “Astana prosesi” başlayandan etibarən Vaşinqton danışıqlarda kordinator rolunu oynamaqdan geri çəkilib. Hazırda Yaxın Şərq bölgəsində söz sahibi ölkələr - Rusiya, Türkiyə və İrandır”.