Növbəti tədris ilindən Azərbaycanda ali təhsilli orta tibb işçiləri hazırlanacaq. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bakalavr səviyyəsi üzrə orta tibb işçilərinin hazırlanması Azərbaycan Tibb Universitetində həyata keçiriləcək. Bu da regionlarda, eyni zamanda kəndlərdə, daha ucqar yerlərdə kadrlara ehtiyacı ödəməyə kömək edəcək.
Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov bildirib ki, abituriyentlər 4-cü qrupu seçməklə bu ixtisasa qəbul ola biləcəklər: “Ali təhsilli orta tibb işçilərinin hazırlanması praktikası dünyada geniş yayılıb. Hətta dünyanın bir sıra ölkələrində məhz bakalavr pilləsində təhsil almış orta tibb işçiləri fəaliyyət göstərirlər”.
S.Cavadov deyib ki, ali təhsilli orta tibb işçilərinin hazırlanması günün tələbidir. Şöbə müdiri bildirib ki, bakalavr pilləsi üzrə orta tibb işçisi ixtisasında təhsil alanlar gələcəkdə tibb müəssisələrində baş tibb bacısı vəzifəsində çalışa bilərlər.
Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı Sherg.az-a açıqlamasında bildirib ki, ali təhsil alan tibb işçiləri digərlərindən fərqlənəcəklər:
“Onlar həm elmi, həm təcrübə, həm də digər elmlərə yiyələnmə baxımından seçiləcəklər. Pasiyentlə ünsiyyətdə olanda dərmanın kimyəvi tərkbini onlara başa sala biləcəklər. Praktiki həkim kimi deyirəm ki, bəzən tibb işçisindən göndəriş vərəqəsində “kalsium analizinin verilməsi”ni yazmasını istəyirsən. Amma tibb işçisi kalsiumun yerinə karbon yazır. Deməli bəzi işçilər elementar məqamları bilmirlər. Bu cür insanların kimyadan xəbəri yoxdur. Ona görə də təhsilli kadrlarların hazırlanması ancaq alqışlanmalıdır”.