Siqaretin qiyməti qalxmalı deyil, düşməlidir: Bahalaşma etiraz yaratdı - AKTUAL

Ölkəmizdə siqaretin qiyməti bahalanıb. Belə ki, qiyməti 2.50 manata olan siqaretlər 20 qəpik, 2.50 manatdan yuxarı olan siqaretlər isə 30 qəpik baha satılır. 

Qeyd edək ki,  Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, bu ildən ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcəsi artırılıb.

Siqaret və spirtli içkilərin süni monopoist bahalaşma olduğunu deyən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bildirib ki, bu bahalaşmanın heç bir iqtisadi, sosial-mənəvi, psixoloji əsası yoxdur:

“Əksinə ucuzlaşdırmaq üçün hər cür şərtlər var. Çünki bu məhsulların yerli istehsalı getdikcə artır. Necə olur ki, eyni məhsul xaricdən gətiriləndə daha ucuz olurdu, amma onun yerli istehsalı artanda baha olur?! Bu tam məntiqsizlik, ədalətsizlik və monopolist yanaşmadır.



Elçin Bayramlı: “Necə olur ki, eyni məhsul xaricdən gətiriləndə daha ucuz olurdu, amma onun yerli istehsalı artanda baha olur?!”


Bəhanə gətirsələr ki, “biz vətəndaşların mənafeyi, zərərli vərdişləri tərgitməsi üçün bunu edirik”. Bu, tam gülünc bir iddia olardı. Dünyada və bizdə əvvəlki təcrübə göstərir ki, çıxış yolu bahalaşdırma deyil. İndiyədək dəfələrlə bahalaşıb, amma bu məhsullardan istifadə edənlər nəinki azalıb, əksinə artıb”. 

İqtisadçı qeyd edib ki, Rusiyada, Türkiyədə, Avropa ölkələrində, Amerikada dövlət siqareti tərgidənlərə maddi və psixoloji dəstək verir, onlara güzəştlər tətbiq edir:

“Bu yolla da məqsədə nail olurlar. Çünki burada maddi qazanc güdülmür. Bizdə isə yalnız maddi qazanc güdülür. Bu fasiləsiz bahalaşmalar da siqaret istehsalçıları və idxalçılarının maddi mənafelərinə hesablanmış işlərdir. Təkcə tütün və spirtli içkilər bahalaşmır. Ölkəmizdə ərzaq məhsullarında da bahalaşma gedir. Belə süni bahalaşmaların qarşısı alınmasa, ciddi inflyasiyaya və sosial narazılığa səbəb olacaq”.