«Bircə mövzumuz var-Qarabağ ! » - Yeni hərbi saytın rəhbəri danışdı - Müsahibə


«Bir müddət materialları ancaq rus dilinə tərcümə etməklə geniş erməni auditoriyasına çatmasına çalışacağıq »

«Onsuz da ermənilərin çoxu bu dili bilir. Əgər gələcəkdə erməni dilini bilən tərcüməçi tapsaq bu məsələyə də diqqət edəcəyik»

«Hərbi jurnalistikamızda müəyyən boşluqlar var. Çalışacağıq ki, həmin boşluqları aradan qaldıraq»



Onlayn medianın daha geniş vüsət aldığı bu dövrdə ölkədə yüzlərlə sayt, xəbər portalı fəaliyyət göstərir. Bu günlərdə onların arasına  daha bir elektron media quruluşu əlavə olunacaq. “Frontline.az” adlı sayt yaxın günlərdə oxucuların görüşünə gələcək. Ancaq işğal altında olan Dağlıq Qarabağ və hərbi-vətənpərvərlik mövzularında yazılar, xəbərlər təqdim edəcək. Saytın rəhbərləri isə hərbi ekspertlər və peşəkar hərbi jurnalistlərdir. Saytın fəaliyyəti istiqaməti ilə bağlı daha geniş məlumat əldə etmək üçün  onun qurucularından olan hərbi jurnalist Asəf Quliyevlə həmsöhbət olduq.

-Belə bir saytı təsis etmək təşəbbüsü necə  yarandı?

-Bu domen məndə çoxdan var idi. Dostlarımız- hərbi ekspert Nazim Bayram, hərbi reportyor Elgün Gəncimsoy, hərbi bloqer Tofiq Şahmuradov, fikir adamı Vasif Qurbanzadə ilə hər dəfə görüşəndə belə bir saytın ərsəyə gətirilməsi  haqqında müzakirələr aparırdıq. Nəhayət, həmin fikir mübadilələrinin məqsədyönlü nəticəsi olaraq “Frontline.az” saytını yaratdıq. 

-Adını çəkdiyiniz insanlardan əlavə, kənar müəlliflərlə də əməkdaşlıq edəcəksinizmi?

-Hələ ki, saytın heç bir maliyyə dəstəyi olmadığına görə yazarlara qonorar vermək məsələsi çətin olacaq. Ancaq məhdudiyyət qoymamışıq. Qarabağ mövzusunda yazmaq istəyən hər kəs bizə müraciət edə bilər. Bircə mövzumuz var-Qarabağ ! Sayt fəaliyyətə başlayandan sonra konsepsiyamızı da elan edəcəyik.

-Sayt ölkədə hərbi jurnalistikanın inkişafına necə təsir göstərəcək?

-Bu barədə  indidən nə isə demək çətindir. Ancaq hərbi jurnalistikamızda müəyyən boşluqlar var. Çalışacağıq ki, həmin boşluqları aradan qaldıraq. Fəaliyyətimizlə nümunə olacağımıza inanıram. Çünki komandamızda bu sahəni bilən kifayət qədər peşəkar var. 

-Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında “Frontline.az”ın nə dərəcə rolu, xidməti olacaq?

-Əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaq çox mühüm məsələdir. Amma ilk növbədə həqiqətləri tapmaq lazımdır. Faktı tapmadan onu yaymaq olmaz. Həqiqətləri tapmaq üçün kifayət qədər imkanlarımız var. Lakin  onları beynəlxalq aləmə çatdırmaqdan ötrü müəyyən tələblərə cavab verməliyik. İlk növbədə xarici KİV-dən tərcümələr etməliyik. Digər tərəfdən isə həqiqətlərin düşmən auditoriyasına da çatmağına nail olmalıyıq. Bəzən bu məsələyə səthi yanaşırlar. Ancaq dediyim amil informasiya müharibəsində qalib gəlməyin əsas şərtlərindəndir.
 
-Belə çıxır, materialları erməni dilinə də tərcümə edəcəksiniz?

-Bu, vacib məsələdir. Lakin komandamızda erməni dilini bilən mütəxəssis yoxdur. Ona görə də bir müddət materialları ancaq rus dilinə tərcümə etməklə geniş erməni auditoriyasına çatmasına çalışacağıq. Onsuz da ermənilərin çoxu bu dili bilir. Əgər gələcəkdə erməni dilin bilən tərcüməçi tapsaq bu məsələyə də diqqət edəcəyik.