"Avropa İttifaqı indi “əkdiyini biçir” - AKTUAL

Sədrəddin Soltan:“Türkiyəni də Suriyanın vəziyyətinə salmağa çalışırlar. Həmin qüvvələr Suriyadan axın edən qaçqınların hesabına Ankaraya zərbə vurmaq istədi”

“Elə bu səbəbdən də Aİ 3 milyard avronu 5 ildir Türkiyənin hesabına köçürmür. Ancaq bumeranq effekti yaranmağa başlayır”

Son günlər Suriyanın İdlib bölgəsinin Bəşşar Əsəd və dəstəkçiləri tərəfindən bombalanması yeni qaçqın dalğasının yaranmasına səbəb olub. Türkiyə də böhrandan çıxış yolunu qaçqınları Avropa İttifaqı sərhədinə buraxmaqda görüb. Yunanıstan başda olmaqla Aİ-yə üzv ölkələrin liderləri yüz minlik suriyalı qaçqın ordusundan vahimələnməyə başlayıb. Onlar Suriya vətəndaşlarının ölkədən başını götürüb qaçmasında az qala Türkiyəni qınamğa cəhd göstərirdi. Ancaq hadisələr Aİ-nin humanitar hadisələrə hazırlıqsızlığını təsdiqlədi.

Məsələni “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, Yunanıstan və Bolqarıstan sərhədlərində Avropaya yollanmaq istəyən miqrantların sayı artmaqdadır.  Ekspertin sözlərinə görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında vurğulanıb ki, 45 dövlətin ərazisində 6 milyon 664 min 415 suriyalı qaçqın qeydə alınıb: 



“Qaçqınların 3,6 milyonu Türkiyə, 952 mini Livan, 674 mini İordaniya, 534 mini Almaniya, 252 mini isə İraq ərazisində yerləşdirilib. Yaxın Şərq Agentliyi 2015-ci ilin məlumatına əsasən Suriya əhalisinin sayının 18,5 milyon nəfər olduğunu açıqlayıb. Eyni zamanda ölkə əhalisinin sayının 8 faiz azaldığı da bildirilib. Göründüyü kimi, Suriya əhalisinin təxminən üçdə biri xarici ölkələrə sığınıb. Onların yarısından çoxu isə Türkiyəyə sığınıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə baş verən hadisədən sonra Avropa İttifaqı ölkələrinə üz tutmaq istəyən miqrantlara mane olmayacaqlarını vurğulayıb. O deyib ki, ölkəsi artıq qaçqınları qəbul edə bilmir. Hətta 5 ildir Türkiyəyə 3,6 milyon suriyalı qaçqın üçün 3 milyard avro ayıran və indiyədək bu məbləği hələ də verməyən Avropa İttifaqı əlüstü Yunanıstana 100 min suriyalı qaçqın üçün 700 milyon avro ayırıb. Avropa Komissiyasının sədri Ursula von der Leyen Yunanıstan-Türkiyə sərhədinə səfər edərək vəziyyətlə yerində tanış olub. O, 700 milyon avronun 350 milyonunun artıq Yunanıstan hökumətinə verildiyini bildirib. Leyen həmçinin Yunanıstana 100 sərhəd mühafizəçisi, 7 gəmi, 2 helikopter, 1 təyyarə və 3 xüsusi avtomobil də veriləcəyini bildirib”. 

S.Soltan vurğulayıb ki, Aİ rəsmiləri Yunanıstanın üzləşdiyi qaçqın problemini qurumun sərhədində baş verən hadisə olaraq dəyərləndirirlər. Halbuki Türkiyə də Avropa ölkəsidir: 

“Düzdür, Aİ onu qəbul etmir. Ancaq NATO-nun əsas üzvlərindən sayılır. Deməli, bütün qaydalara əsasən Türkiyə Alyansın son sərhədidir. Bu ölkə ilə bağlı baş verənlərə NATO üzvlərinin laqeyd münasibəti Alyansın, yaxud Qərbin bu dövlətə münasibətinin göstəricisi sayılır. Yunanıstan NATO-nun Türkiyəni dəstəkləməklə bağlı qəbul etdiyi sənədə blok qoyub. Alyans həm də Aİ-ni hərbi müdaxilədən qorumağa xidmət edir. Onda Türkiyənin də bu qurumu qorumaqda rolu danılmazdır. O zaman rəsmi Ankaranın suriyalı qaçqınlarla bağlı təkliflərinin Qərb, o cümlədən Avropa İttifaqı tərəfindən qulaqardına vurulmasını necə adlandırmaq olar? Qurum Türkiyədəki suriyalı qaçqınlara Yunanıstandakı kimi operativ yardım etmir? Təbii ki, bunun çoxsaylı səbəbləri var. Aİ-ni təşkil edən ölkələr arasında türk düşmənçiliyi var. İllər ötsə də, bu aradan qalxmayıb. Yunanıstanda sərhədçilər suriyalı qaçqınlara atəş açıb. Nəticədə 2 suriyalının öldüyü barədə xəbər yayılıb. Sərhədçilər onlara qarşı gözyaşardıcı qazdan da istifadə ediblər. Avropa İttifaqı isə yunanların bu davranışı ilə bağlı heç bir açıqlama verməyib”.

Siyasi şərhçi bildirib ki, terrorçu PKK və YPG qruplaşmasının Suriyada fəaliyyət göstərən silahlılarını Qərb, o cümlədən Aİ üzvləri dəstəkləyirlər: 

“Bu qruplaşma Türkiyənin təhlükəsizliyini təhdid edir. Onlar Avropa İttifaqına üzv ölkələrdə dincəlir, maliyyə toplayır, təlim keçirlər. Hətta quruma üzv ölkələrin təlimçiləri belə həmin terrorçu qruplaşmanın üzvlərini təlimatlandırırlar. Deməli, Suriyada qarışıqlığın və qaçqın ordusunun yaranmasında bu terrorçu qruplaşmanın da rolu az deyil. Nəticə etibarilə Avropa İttifaqı Suriyada qarışıqlığın yaranmasına yardım edib. Türkiyə isə Suriyanın ərazi bütövlüyü və qonşusu olan ölkədə əmin-amanlıq tərəfdarıdır. Yüz illərdir Osmanlını, onun ardınca türk dövlətinin varlığını qəbul etməyənlər Türkiyəni də Suriyanın vəziyyətinə salmağa çalışırlar. Həmin qüvvələr Suriyadan axın edən qaçqınların hesabına Türkiyəyə zərbə vurmaq istədi. Elə bu səbəbdən də Aİ 3 milyard avronu 5 ildir Türkiyənin hesabına köçürmür. Ancaq bumeranq effekti yaranmağa başlayır. Avropa İttifaqı “əkdiyinin bəhrəsini” biçməyə başlayıb”. 

Politoloq bildirib ki, Aİ qaçqınları qəbul etməmək üçün yeni “əsaslar”, “arqumentlər” hazırlayır: 

“Son günlər Avropanın qaçqın qəbul edə biləcək potensial ölkələrində koronavirusa yoluxanların sayının artdığına dair məlumat yayılıb. Bildirilib ki, Almaniyada onların sayı 180, Çexiyada 5, Norveçdə 32 nəfərdir və s. Avropa İttifaqı koronavirusu əsas göstərərək sərhədləri bütövlükdə və ya ayrı-ayrılıqda qaçqınların üzünə bağlaya bilər. Vətəndaşlarının üçdə biri başqa ölkələrə sığındığı bir vaxtda Bəşşar Əsəd aprelin 13-də parlament seçkiləri keçirmək istəyir. İstifadə müddəti başa çatan rejim başçısı və havadarları Avropa qapılarında yaşamaq üçün sığınacaq istəyən suriyalıları səsverməyə necə cəlb edəcək? Yoxsa yeni parlament Əsəddən çox havadarlarına lazımdır”.