Bakıya ağ aslanlar gələcək


Bakı zooparkının ekzotik heyvanlarla zənginləşdirilməsi üçün qonşu ölkələrlə danışıqlar aparılır. Artıq müqavilələr var

 Bakı zooparkına Rusiya, Belarus və Gürcüstandan yeni heyvanlar gətiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı zooparkının direktoru Azər Hüseynov bildirib.

Xatırladaq ki, 2019-cu ilin fevralında paytaxt zooparkı təmirə dayandırılıb. Zooparkın bütün sakinləri - mindən artıq heyvan müvəqqəti olaraq Bakının Qaradağ rayonunda onlar üçün ayrılmış xüsusi sahədə yerləşdirilib. Zooparkın yenidən qurulmasına 2018-ci ildə IDEA İctimai Birliyinin dəstəyi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə başlanılıb. Təmir işləri başa çatanda artıq zooparkın ərazisi iki dəfə - 4,5 hektara qədər böyümüş olacaq. Üstəlik, heyvanların şəraiti də yaxşılaşdırılaraq onlar təbii yaşayış mühitinə uyğunlaşdırılacaq. Eyni zamanda zooparkdakı heyvanların sayı da artırılacaq.

Azər Hüseynov hazırda məhz bu işlə məşğul olur. Artıq heyvanların alınması üçün Perm və Minsk zooparkı ilə müqavilələr hazırlanıb, eyni zamanda Tbilisi zooparkı ilə də danışıqlar aparılır.

Nəticədə Bakı zooparkına pələnglər, kaymanlar, manqustlar, ilanlar, zebrlər, ağ şirlər gətiriləcək.

Yenilənmiş Bakı zooparkının bərpadan sonra nə vaxt açılacağı hələlik məlum deyil.