“Hər kəs çağırışa əməl etməlidir” – Əksi faciədir ! 

Nəsir Ağayev:“Vətəndaşlarımız real vəziyyəti dərk etməlidir. Əks halda böyük faciə ilə üzləşə bilərik”




“Bütün dünya qapalı vəziyyətdədir. ABŞ, Rusiya və Çin kimi dövlətlər koronavirusla hesablaşmaq məcburiyyətində qalıblar”. 

Bunu “Sherg.az”a açıqlamasında “Milli Azadlıq Hərəkatı”nın liderlərindən biri, “Bakı Kəndləri Birliyi”nin keçmiş sədri Nəsir Ağayev deyib. 

Nəsir Ağayevin sözlərinə görə, Avropada özlərini hegemon və toxunulmaz dövlət sayan İtaliya, Fransa, Böyük Britaniya və s. ölkələr “yekəxana” davranışlarına görə, böyük itkilərə məruz qaldılar: 

“Avropa elə bir vəziyyətə düşüb ki, indi heç bir ölkə qitəni təmsil edən dövlətlərlə əlaqə qurmaq istəmirlər. İndi keçək Azərbaycana. Koronavirusla mübarizə aparmaq və tələblərə riayət etmək Azərbaycanın müstəqilliyinin elan edilməsi qədər əhəmiyyətlidir. Xəstəlik bəlasına qarşı mübarizə vahid formada mübarizə aparmaq ölkəmizin milli dəyərlərini saxlamaq, yüksələn bayrağımızın bir daha enməsinə imkan verməmək və işğal edilmiş ərazilərin yenidən Azərbaycana qaytarılması qədər mühümdür. Hamı vəziyyəti başa düşməlidir. Əgər bu xəstəliyin peyvəndi, dərmanı tapılsaydı, küçələrə axışanlarla hardasa barışmaq olardı. Yeganə yol dövlətlərin qapalı olmasıdır.



Amma dövlətlər kimi ailələr də qapalı olmalıdır. Əgər super dövlətlər öz sərhədlərini bağlayaraq, digər ölkələrlə açıq ünsiyyətdən, fəaliyyətdən və münasibətlərdən çəkinirsə, bunu Azərbaycan da həyata keçirməlidir və keçirir. İnsanlarımız bunu başa düşməlidir. Bakı şəhərindəki bütün gərginliyin və sıxlığın qarşısını almaq lazımdır.

Bu məsələdə insanların məsuliyyəti, tərbiyəsi, qanunlara tabe olması halları çox mühüm rol oynayır. Koronavirusa qarşı mübarizə Azərbaycan səhiyyəsinin və eyni zamanda cəmiyyətin əxlaqlı davranışının da önəmini göstərəcək. Bu baxımdan istər dövlət başçısı İlham Əliyevin, istərsə də Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti çox önəmlidir. Hər kəs çağırışa əməl etməlidir”. 

N.Ağayev indiki məqamda əsassız tənqidi fikirlər səsləndirən, yersiz ittihamlar irəli sürən radikal siyasi qüvvələrə də münasibət bildirib: 

“Bəzi qüvvələrin hakimiyyət hərisliyi Azərbaycanı uçuram apara bilər. Bir sıra şəxslərin “əgər mən hakimiyyətə gəlmirəmsə, onda Azərbaycan məhv olsun” yanaşması çox təhlükəlidir. Bu düsturla yaşamaq olmaz. Azərbaycan xalqı bir dəfə bu cür siyasi mübarizənin şahidi olub. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətini məhv edənlər məhz müxtəlif xalqların partiyaları və onlara verilən həddindən artıq ifrat demokratiya oldu. Həmin qüvvələr Azərbaycanı içindən parçaladılar. Azərbaycanın daxili və xarici siyasətini məhv etdilər. Nəzərə almaq lazımdır ki, hazırda biz müharibə vəziyyətindəyik. Ətrafımızda, regionda baş verənlərə baxaq. İran da qapalı vəziyyətə düşüb. Məlumdur ki, koronavirus ən çox İrana ziyarətə gedənlərə yoluxur və onların vasitəsi ilə Azərbaycana ayaq açır. İslam aləminin məbədgahı Məkkə, “Həcərül-Əsvəd” (Kəbədəki qara daş - red) daşının ziyarəti qadağan edilib. Həzrəti Məhəmməd Peyğəmbərin evi və ziyarət edilən müəyyən simvolların məkanı bağlanılıb. Səudiyyə Ərəbistanı islam dünyasına nə qədər ziyan vursa da, bu addımını təqdi etmək lazımdır. Məgər insanlarımız alınan önləmləri görmürlərmi? Heç kim özbaşına hərəkət etməməlidir. Hər şeyi də tənqid etmək doğru deyil.
Azərbaycan vətəndaşları real vəziyyəti dərk etməlidir. Əks halda böyük faciə ilə üzləşə bilərik. Küçədə boş-boş gəzməkdən, hardasa toplaşmaqdan və mənasız yığıncaqlardan vaz keçmək lazımdır”.