Gürcüstandakı soydaşlarımıza və Azərbaycan vətəndaşlarına ərzaq yardımı göstərilib

Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Prezident İlham Əliyevin çağırışına qoşularaq soydaşlarımıza yardım kampaniyasına başlayıb.

AZƏRTAC xəbər verir ki, aprelin 9-da səfirliyin təşəbbüsü və təşkilatçılığı, AZEBİ-nin maliyyə dəstəyi ilə ilk yardımlar sahiblərinə çatdırılıb.


Səfirlikdən bildirilib ki, yardımla əlaqədar paytaxt Tbilisi və ətraf qəsəbələrdən, eləcə də bölgələrdən səfirliyə çoxlu müraciət daxil olub və onların ilkin siyahısı tutulub. İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və əlil olan şəxslərin ailə üzvlərinə, Gürcüstanda təhsil alan və işləmək üçün Tbilisiyə gələn azərbaycanlı tələbələrə və fəhlələrə yadım göstərilib.

Ümumilikdə, aprelin 9-da yardıma xüsusi ehtiyacı olan 50 ailəyə gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları təqdim edilib.

Yardım alan şəxslər göstərilən diqqət və qayğıya, yardıma görə Azərbaycan Prezidentinə, eləcə də səfirliyə və AZEBİ-nin üzvlərinə minnətdarlıqlarını bildiriblər.

Yardım kampaniyası davam etdiriləcək.

Aprelin 10-da soydaşlarımızın yığcam yaşadıqları Marneuli, Bolnisi və Dmanisi rayonlarında, aprelin 11-də Qardabani rayonu və Rustavi şəhərində yardıma ehtiyacı olan 1000 ailəyə yardım ediləcək.