“Qaydanı pozmusansa, cəriməni ödəməlisən”- Keçmiş polis rəisi 


Koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısını almaq üçün  qoyulan qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxmağın qadağan edilməsidir. Daxili İşlər Nazirliyinin əməkdaşları bu qaydanı pozanlara qarşı cərimə tətbiq edirlər.

Əksər şəxslər İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsinin minimum həddində, yəni 100 manat cərimə olunurlar. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar. 
 Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəm” reaksiyası müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan rəylərdən görünür ki, bu fikirlə razılaşanlar az deyil. Yaxşı, əgər ödənməyəcəksə cərimə nəyə lazımdır? Yəni, doğrudan da, cəriməni ödəməmək vətəndaşın ovqatından asılıdır?
 Məsələ ilə bağlı “Sherg.az”a danışan keçmiş polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, cəriməni ödəməyin zəruriliyini başa düşmək üçün xüsusi bilik tələb olunmur:



“Buna görə hüquqi maarifləndirməyə ehtiyac yoxdur. Əgər qaydanı pozmusansa, ona adekvat şəkildə cəriməni ödəməlisən. Cəriməni ödəmədiyin təqdirdə nə olacağı isə sonrakı məsələdir”. 

 M. Hacıyev vətəndaşların bu maddəyə etinasız yanaşmasının səbəbini də izah etdi: “Çoxları elə bilir ki, bu maddə koronavirus pandemiyası ilə əlaqədərdır. Əslində isə həmişə olub. Sadəcə , indi mövcud vəziyyətlə əlaqədar “populyarlaşıb””.