Kökləri kəsilmir: “Əhaliyə toyuq əvəzinə zəhər yedizdirirlər” - Ölüm saçır !

“Bu sexə naməlum ünvandan gizli xarici toyuq əti gətirilir, onlara xüsusi şprislər vasitəsi ilə mənşəyi məlum olmayan maye vurulub dondurulur”

“Tam məsuliyyətlə bildirirəm ki, bu cinayət əməli ölkənin qida təhlükəsizliyi konsepsiyasına çox böyük zərbədir”


Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq, keyfiyyətsiz, saxta məhsulların istehsalı ilə məşğul olan sexlər aşkarlanır. Bu cür sexlərdən gah saxta kərə yağları, gah məşhur brendlərin adından istifadə etməklə əhaliyə müxtəlif yararsız məhsullar satılır. Bu günlərdə Maştağada ortaya çıxarılan sexdə də əhalinin yaxşı tanıdığı broyler brendinin adından istifadə edilərək xarici ölkədən gətirilmiş quş ətinin qablaşdırıldığı və əhaliyə satıldığı məlum oldu.

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, Mehdi Hüseynzadə küçəsi 4 ünvanında fəaliyyət göstərən Babayev Valeh Vaqif oğluna məxsus quş əti emalı müəssisəsində aparılan araşdırma zamanı Azərbaycana idxal edilən müxtəlif əmtəə nişanlı dondurulmuş toyuq ətlərinin sexdə antisanitar şəraitdə donu açıldıqdan sonra daxilinə məhlul vurularaq çəkisinin artırıldığı müəyyən edilib. Həmin toyuqların qablaşdırılaraq üzərində istehsalçı fiziki şəxs Əliyev Elşən Əziz oğlu qeyd olunan “Siyəzən çolpa” və istehsalçı fiziki şəxs Zeynalov Aslan Mirseyfəl oğlu yazılan “Cücələrim” əmtəə nişanı adı altında Azərbaycan məhsulları kimi satışa çıxarıldığı aşkarlanıb.

Ümumiyyətlə, belə hallar ölkədə nə qədər geniş yayılıb? Bu əməllərin qarşısını almaq üçün hansı effektiv üsullardan istifadə etmək olar?

Mövcud durumu “Sherg.az”a şərh edən “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Huseynov bildirib ki, bu faktdan sonra quruma çoxsaylı istehlakçı zəngləri daxil olur:

"Məlum olub ki, bu sexə naməlum ünvandan gizli xarici toyuq əti gətirilir, onlara xüsusi şprislər vasitəsi ilə mənşəyi məlum olmayan maye vurulub dondurulur. Və qablaşdırılaraq başqa ad altında satış şəbəkələrinə verilir. Tam məsuliyyətlə bildirirəm ki, bu cinayət əməli ölkənin qida təhlükəsizliyi konsepsiyasına çox böyük zərbədir, bu seqmentə qarşı insanlarda inamsızlıq və şübhə yaradır. Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin məlumatına görə, gizli işbazlar hazır məhsulu satış məntəqələrinə “Siyəzən çolpası” adı altında çatdırıb. Bu fakt isə ikiqat cavabdehlik və cinayət tərkibi yaradır".

E.Hüseynov qeyd edib ki, belə məlumatlar AİİB-yə 3-4 il əvvəl gəlməyə başlayıb:

"Lakin aldığımız bütün tədbirlərə baxmayaraq, bu tendensiyanın kökünü kəsmək mümkün olmayıb. Bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə səylərini ürəkdən dəstəkləyirəm və onlara hər cür yardım göstərməyə hazıram. Sözügedən şəxslər “Siyəzən Broyler” ASC-nin adından istifadə edərək, satışa mənşəyi və keyfiyyəti bəlli olmayan, gigiyenik cəhətdən təhlükəli məhsullar çıxararaq, həm şirkətin işgüzar nüfuzunu zədələyib, həm də istehlakçıların həyatı üçün təhlükə doğuran cinayət əməli törədiblər. Bu cinayətdə istifadə edilən toyuq nümunələrinin mənşəyi ilə bağlı müvafiq güc strukturları tərəfindən araşdırmalar aparılmasının vaxtı çoxdan çatıb".

Birlik sədrinin fikrincə, bu vəziyyətin yaranmasında alıcıların da müəyyən təqsiri var:

“Alıcılar primitiv qablaşdırmadan, bişirilmə prosesində çəkinin az qala yarısının itməsindən və qiymətlərin şübhəli dərəcədə ucuz olmasından bilməlidir ki, aldıqları məhsul saxta və insan həyatı üçün çox təhlükəlidir”.