"Həbslər məmur özbaşınalıqlarının qarşısını alacaq, amma..."

“...Həbs etməklə iş bitmir.  Hüquq-mühafizə orqanları media ilə işləməli, məmurlarla bağlı  verilən məlumatların səhihliyini yoxlamalıdır”


“DTX-nın son günlər müxtəlif icra hakimiyyəti orqanlarında keçirdiyi əməliyyatlar və icra başçılarının sərt şəkildə cəzalandırılması təqdirəlayiq haldır”. 
“Sherg.az”ın xəbərinə görə, bunu “Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov sosial şəbəkədə yazıb. 
Sayt rəhbəri bildirib ki, həbslər bölgələrdəki məmur özbaşınalıqların qarşısını bir xeyli alacaq və yeni təyin olunan məmurlara gözdağı olacaq: 



“Bəs, tək həbs etməklə iş bitirmi? Əslində bu işin aparıcı qüvvəsi ictimai nəzarətdir. Yəni bütün cəmiyyətlərdə olduğu kimi ictimai nəzarətin və ictiami rəyin işlək vəziyyətdə olması mütləqdir. İctimai nəzarətin lokomotivi isə mediadır. Media mütləq tənqid və araşdırma funksiyasını davam etdirməli, ictimai nəzarətin formalaşmasında öz müstəsna rolunu oynamalıdır. Təbii ki, iş “reketçilik”, qarayaxma, şər və böhtan atma səviyyəsində yox, nəzarət səviyyəsində saxlanılmalıdır. Həbs olunan məmurlarla bağlı mediada müxtəlif dövrlərdə yüzlərlə yazılar dərc olunub. Və iddia ərizələri ilə tanış olanda, bu yazılanların bir neçə il öncə mətbuat səhifələrində dərc olunduğunu görmək mümkündür. Bu isə hüquq mühafizə orqanlarının media ilə yaxından işləməli olduğunu və verilən məlumatların səhihliyinin onlar tərəfindən də yoxlanılmalı olduğunu göstərir”.