Sağ əllə verib, sol əldə reklam tutanlar

Nazilə Səfərlinin kondisioneri ortanı sərinlətmədi, qızışdırdı

Generalın anası özünə yaraşan addım atıb


Pandemiya günlərində insanların bir-biri ilə yardımlaşmasının çox şahidi olduq. 
Təqdir olunmalı hal idi. Köməksizə əl tutmaq, ehtiyaclı birisinə yardım göstərmək bəşər övladının xislətindən irəli gəlir. Allah-təala, dinindən asılı olmayaraq bütün insanlara “bir-birinizə yardım edin”, buyurub. Paylaşmaq, yardımlaşmaq islamın da ən gözəl xüsusiyyətlərindən biridir.
Həmçinin Allah-təala şəhidlər haqqında “onlar haqqında “öldü”, deməyin, Onlar diridirlər” buyurmaqla şəhidliyin ali məqamını təyin edib. Bu mənada şəhid ailələrinə yardım etmək, bəyənilən əməldir. 

Təbii ki, yerində - ölçü-biçini, “mizan-tərəzi”ni gözləməklə. Təəssüf ki, bəzən ölçülər pozulur, tərəzi “əskik” gəlir. 

Tovuz istiqamətində şəhid verdiyimiz bu günlərdə ölkə əhalisi üçün əziz adamlara çevrilmiş şəhid ailələrinə diqqət də artıb. Təbiidir və alqışlanır. Lakin, həddin aşılması artıq ictimaiyyətdə qınaq doğurur. 

Qınağa məruz qalanlardan biri də aparıcı, şairə Nazilə Səfərlidir. Əvvəlcə Nazilə Səfərli şəhid general Polad Həşimovun anası ilə görüşünün fotosunu sosial şəbəkədə paylaşıb, ardınca da ailəyə kondisioner hədiyyə göndərdiyi barədə xəbəri. Məhz bu hərəkətinə görə də kəskin qınanıb, onun hərəkəti "özünü reklam" kimi dəyərləndirilib. Şairə hətta təhqir edilib. N.Səfərli tənqidlərə cavab olaraq bunları bildirib:

"Ağlım yerindədir, psixi problemim yoxdur, nə paylaşdığımı bilirəm. Niyə hamınız düşmüsünüz üstümə?" Musavat.com bildirir ki, bu sözləri şairə Nazilə Səfərli öz "İnstagram" səhifəsindəki videomüraciətində bildirib.

"Gecə ilə bir şəhidin qapısına getmişdim və bunu paylaşmışdım. Niyə bilmədən danışırsınız? Gecə getdim, gördüm istidir, fikirləşdim ki, millət gələcək, isti olmasın. Hədiyyə göndərdim, geri qaytardılar. Özü də geri qaytarmayıb, deyib ki, evdə adam çoxdur, bunu qoymağa yer yoxdur. Həm də evdə kondisioner olub, mən görməmişəm. Anamıza dedim, "səndən küsmüşəm, payımı geri çevirdin". O da bildirdi ki, payı geri çevirmərəm, evdə adamlar çox idi".

Bir ölkənin şəhidi varsa, vətəndir. Kim kiməsə yardım edərsə, "sağ ol" deyərlər.

Neçə ay əvvəl koronavirus başlayanda müğənniləri baltalayırdınız. Apardılar əllərində nə var idisə imkansızlara payladılar. Özümə niyə reklam tutum ki? Beş aydır işləmirəm. Könlümdən keçdi, balam üçün canından keçənə hədiyyə göndərdim. Siz də edin. O şəhid anasının ayaqlarından öpüm".
N.Səfərlinin hərəkətinin niyə qınandığının  izahına keçməmiş, qısaca bunu deyək ki, reklamı düşünməyən, hədiyyə göndərdiyini sosial şəbəkə vasitəsilə el-aləmə duyurmamalıydı. Əgər duyurursa, demək ki, reklama ehtiyacı var. N.Səfərliyə generalın anası ilə çəkdirdiyi foto yetərli idi. Kondisioner isə ortamı sərinlətmək əvəzinə qızışdırdı. N.Səfərlinin də ölçüdə yanıldığı məlum oldu. Şairə Polad Həşimov kimi oğul böyütmüş ananın o hədiyyəni geri çevirəcəyini nəzərə almayıb.   
 
Dünən yazar Günel Musa da Nazilə Səfərlini qınayıcı status paylaşıb: 

“Son illər tez-tez sənət adamlarının ən həssas vaxtlarda diqqəti öz üzərinə çəkməkdə bir-biri ilə yarışının şahidi oluruq.

Tanınan simalar tərəfindən yaxşılıq etməyin şouya çevrilməsi, “Sağ əlin verdiyini sol əl bilməməlidir” deyimi ilə tərbiyə olunan cəmiyyəti qıcıqlandırır. Nazilə Səfərli də məlum videodakı dramatik çıxışı ilə insanların qəzəbinə tuş gəlib. Şəhid general Polad Həşimovun evinə başsağlığı verməyə gedən Nazilə Səfərli iki daşın arasında şəhidin evini “təftiş” etməyi bacarıb.

Evdən çıxan kimi, mağazaya baş çəkib, şəhidin evinə kondisioner sifariş verməsi və bunu sosial şəbəkədə elan etməsi onsuz da şou əhlinə qarşı soyuq müharibə elan edən kütlənin əsəblərini tarıma çəkdi. İşin əslinə baxanda niyyətdə pislik yoxdur.

Amma saflıq da yoxdur!

Yaxşılıq etmək qalıcı bir iz buraxmaq deməkdir. Yer üzündə insanın qalıcı iz buraxmasını təmin edən iki əhəmiyyətli əxlaqi dəyər var. Bunlardan biri, əliaçıqlıq, digəri, təvazökarlıqdır. İkisinin də içində yaxşılıq var.

Amma maddi yaxşılıq edib mənəvi dəyərləri gözardı etmək şəxsin bütün yaxşı niyyətinin üstündən qara xətt çəkir. Şou əhlinin zaman-zaman etdiyi yaxşılıqlar isə bəlli bir qarşılığa hesablanır: publika tərəfindən təqdir edilmək!

Başqa şeylər də ola bilər. Məsələn, “İnstaqram”da, “Feysbuk”da yaxşı “like”, çox izlənmə sayı kimi. Bütün bunlar isə yaxşılıqla satın alınan saxta sevgilər və hörmətdir. Biz bunun dəfələrlə şahidi olmuşuq.

Bir gün yaxşılığına görə təqdir olunan məşhuru sabah etdiyi yanlışa görə cəmiyyət bağışlamır. Çünki, bu yol ilə qazanılan sevgi sabun köpüyüdür.
Nazilə Səfərli dərk etməli idi ki, evinə kondisioner alıb yolladığı şəhid general illər əvvəl ona verilən evi şəhid ailəsinə bağışlayan və bundan anasının belə xəbəri olmayan bir oğul idi.

Anlamalı idi ki, Polad Həşimov ömür boyu maddi rifaha əhəmiyyət verən adam olmadığı üçün o ucuz, kondisionersiz evdə kirayə yaşayıb.
Bunları düşünə bilmək üçün bir az zaman lazım idi ki, Nazilə Səfərli gündəmdə olmaq ehtirasına məğlub olub özünə bu zamanı vermədi.
Amma şəhid anasının “Biz heç kimdən hədiyyə qəbul etmirik” sözü və hədiyyəni geri qaytarması düşünməyi bacaran insan üçün ağır sözdür.
Yaxşılıq nümunə olsun, ənənəyə çevrilsin deyə reklam oluna bilər. Lakin müəyyən etik çərçivələrdə. Yoxsa, Nazilə Səfərli kimi qaş düzəltmək istədiyi yerdə vurub göz çıxarmaqla yox...”

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında bildirdi ki, müqəddəs insanlar və müqəddəs məsələlərlə bağlı şou düzəltmək cəmiyyətdə həmişə qıcıq doğurur:

-  İnsanlar nəyin təbii, nəyin süni, reklama hesablanmış olduğunu duyur. Elə məsələlər var, hiss edirsən ki, ürəkdən gəlir. Bəzənsə, göstərilən köməyin süniliyi aydın görünür. Bir yerə hədiyyə aparıb onu videoya çəkib paylaşan, axşam televiziyada yayımlayan insanlar yetişib son illərdə. Şəhidlik müqəddəsdir, ondan şou düzəltmək yolverilməzdir. Generalın anası özünə yaraşan addım atıb, o hədiyyəni geri göndərib. O ana kasıblıqla belə oğul böyüdüb, onun hər hərəkəti, davranışı, danışığı qürurundan xəbər verir. Belə bir ananın başını hər zaman dik tutacağı, ehtiyacı olsa da, hədiyyələri qəbul etməyəcəyi bəllidir. Əlbəttə, o xanımın hərəkəti yersiz oldu. 

Belə məsələlərdə və həssas məqamlarda diqqətli olmaq lazımdır. Şəhid anasının, şəhid balalarının qüruruna toxuna biləcək hərəkətlərə yol verilməməlidir. Bu cür hərəkətlər edildikdə, təbii ki, ictimaiyyətdə qıcıq yaradır və qınanır. Sizə deyim ki, mənim islam dininə heyranlığım və bağlanmağım Moskvada təhsil aldığım illərdə baş verdi. O vaxt jurnalların birində rus dilində məqalə oxumuşdum.

Məqalədə belə cümlə vardı: əgər insan tutduğu balığı, “Xaliq bilər” düşüncəsi ilə dəryaya atırsa (Balığı tutdun, at dəryaya, balıq bilməsə də, Xaliq bilər” məsəli), demək, Allahla bazarlıq edir (əstəğfurullah). Yəni, insan kiməsə yaxşılıq edirsə, ilk növbədə bunu insanlıq borcu bilərək etməlidir, Allah bunun əvəzini mənə verər, düşünsəci ilə deyil. Bu ilahi məqamları daim nəzərə alaraq biz mənəvi saflaşma istiqamətində çalışmalıyıq. Polad Həşimovun əsgərləri ilə necə davrandığını biz indi oxuyuruq və onu artıq tanıyırıq.

General bunları edərkən sadəcə öz insanlıq borcunu yerinə yetirirmiş. Biz belə dəyərləri təbliğ etməliyik ki, özünü reklam kimi iyrəncliklər cəmiyyətimizdə getdikcə azalsın.