Gürcüstana inanırıq, amma Serbiyaya yox

Məsələ dəqiq təhlil edilməlidir və isbat olunacağı təqdirdə sərt mövqeyimizi ortaya qoymalıyıq

Rusiyanın 300 ədəd hərbi texnikanı Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bu, hansısa siyasi partiyanın nəzarətində olan KİV-lərin ucuz təbliğatından başqa bir şey deyil. Bu bəyanatla Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani çıxış edib. Müşavir təəssüf hissi ilə deyib ki, bəzi media orqanlarının öz havadarlarının maraqlarına uyğun yalan materiallar yayması ilk hadisə deyil. Lakin bunun heç bir mənası yoxdur:

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Qafqazda sülhə alternativ yoxdur və bizim mövqeyimiz dəyişməyib”. Çikovaninin sözlərinə görə, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələrə bəllidir və dəyişməzdir. Bəzi ekspertlər düşünür ki, gürcü rəsmilərin israrla məlum iddianı yalanlaması rəsmi Tbilisinin məsələdən həqiqətən xəbərsiz olduğuna dəlalət edə bilər.

Amma o zaman ortaya belə bir sual çıxır, Serbiya və ərəb ölkələrindən gətirilən silah-sursat Ermənistana hansı yolla ötürülüb və burada niyə Gürcüstanın adı hallanır? Bir sıra təhlilçilər Azərbaycan-Gürcüstan əlaqələrini korlamaq üçün bu cür informasiyaların qəsdən gündəmə gətirilə biləcəyini istisna etmirlər. İstənilən halda məsələ dərindən araşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır. 



Rəsmi Tbilisinin açıqlamasını “Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib ki, bəzi özəl şirkətlərin Ermənistana silah transferini həyata keçirməsi reallıqdır. Politoloqun sözlərinə görə, Gürcüstan tərəfi öz ərazisindən silah daşındığını təkzib edirsə, Serbiya silahlarının Ermənistana hansı xəttlə keçdiyinə də aydınlıq gətirməlidir:

“Gürcüstan tərəfi deyir ki, bu işdə rolu yoxdur, biz də qəbul edirik. Yaxşı, bəs hərbi texnika Ermənistana necə göndərilib? Ötən günlərdə Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü bu məsələni müzakirə predmetinə çevirmək istəmədiklərini dedi.

Qonşu rəsmi Tbilisini ittiham etmirik, amma qaranlıq məqamlar çoxdur. İddianı ciddi araşdırmalı, dəqiqləşdirməliyik. Gürcüstan strateji tərəfdaşımızdır. Qonşu ölkə bir çox sahədə bizdən faydalanır.

Güzəştli qiymətlə enerji satdığımız azsaylı ölkələrdən biri məhz Gürcüstandır. Dar gündə gürcülərin köməyinə Azərbaycan çatıb. Tərəfdaş bildiyimiz qonşu ölkənin özünü belə aparması, adının hallanması bizi məyus edir”. 

Professor  bu silahların Gürcüstan ərazisindən keçirilməsinə şərait yaradan şəxslərin olduğunu istisna etmir: 

“Rəsmi Tbilisi proseslərə nəzarəti gücləndirməlidir. Sözün açığı, Gürcüstan dövlətinin açıq şəkildə işğalçı Ermənistana silah-sursat göndərilməsinə razılıq verdiyinə inanmıram. Olubsa belə burada başqa güclərin əli var.

Serbiya da iddia edir ki, silah satışı özəl şirkətlər vasitəsi ilə baş tutub. Faktiki Ermənistana silah göndərilib, ancaq adı çəkilən dövlətlər bunu təkzib edirlər. Məsələ dəqiq təhlil edilməlidir və isbat olunacağı təqdirdə sərt mövqeyimizi ortaya qoymalıyıq.

Əgər Serbiya, Gürcüstan və s. ölkələr birbaşa Azərbaycanı müdafiə etmək istəmirsə, heç olmasa neytral qalsınlar və düşmənə yardım etməsinlər”.