"Tramp da, Bayden də seçkinin qalibi ola bilər"

Azər Rəşidoğlu: "Ancaq hər ikisi bilməlidirlər ki, ABŞ üçün masanın üstündə çox yaxşı plan olmalıdır"

Noyabrın 3-ü ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Hazırkı Prezident Donald Trampla prezidentliyə namizəd Co Bayden arasındakı rəqabət gün keçdikcə daha da gərginləşir. Ağ Ev rəhbəri siyasi rəqibi olan Demokratlar Partiyasının Çin, Rusiya və İrandan daha çox problem yaradacağını bildirib. O, seçki tarixindəki ən böyük saxtakarlığın baş verəcəyini iddia edib.

Trampın fikrincə, qarşıdan gələn prezident seçkilərində onun rəqibi Co Bayden qalib gələrsə, Çin ABŞ-a sahib olacaq, insanlar isə çin dilini öyrənməli olacaqlar. Yaxınlaşan prezident seçkilərinin özünəməxsus cəhəti həm də ondan ibarətdir ki, mübarizə Ağ Evlə Konqres arasında gedəcək. Çünki Konqres dəfələrlə Trampa impiçment elan etmək istəyib. Bəzi siyasi şərhçilərin qənaətincə, pandemiya ilə mübarizə Trampın prestijinə ciddi zərbə vurub. Faktiki olaraq onun pandemiya ilə mübarizədə qəbul etdiyi qərarlar ciddi tənqid atəşinə tutulur. Co Bayden elə də güclü siyasətçi olmasa da, Trampın səhvlərini öz lehinə çevirməyi yaxşı bacarır.

Respublikaçılarla demokratlar arasındakı siyasi mübarizəni “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlunun sözlərinə görə, əksər siyasi şərhçilər seçkilərdə Trampın məğlubiyyətinin qaçılmaz olduğunu düşünürlər. Analitik deyib ki, ötən seçkilərdə Tramp öz qələbəsinə inanırdı və seçkidən sonra ölkə iqtisadiyyatını yüksəltmişdi. Digər dövlətlərlə “iqtisadi müharibə” aparan ABŞ yüksək  dividendlər əldə etmişdi:

“Bu da Amerikanın qlobal müstəvidə mövqeyinin güclənməsinə səbəb olmuşdu. Lakin pandemiya ortaya çıxdıqdan sonra Amerika iqtisadiyyatına çox ciddi ziyan dəydi. Bir tərəfdən Tramp ətrafında qalmaqallar,  digər tərəfdən Rusiyanın prezident seçkilərində Ağ Ev rəhbərini dəstəkləməsi ilə bağlı iddialar prezidentin mövqeyini zəiflətdi. Eyni zamanda Trampın Avropadan və digər regionlardan Amerika əsgərlərini geri çəkməsi ABŞ-ın beynəlxalq müstəvidə mövqeyinin zəifləməsinə gətirib çıxartdı. Tramp demək olar ki, koronavirusla mübarizə aparmadı. Bu da ölkə iqtisadiyyatına ciddi zərbələrlə nəticələndi. Pandemiyanın nə vaxtadək davam edəcəyi sual altındadır. Deməli, ABŞ iqtisadiyyatı daha da zəifləyəcək”. 

Ekspertin sözlərinə görə, 30 ilə yaxındır ABŞ iqtisadiyyatında eniş hiss olunmaqdadır:

“Amerika vaxtı ilə dünya iqtisadiyyatının 25 faizini çiyinlərində daşıyırdı. Sonralar bu göstərici 20 faiz oldu. İndi isə təxminən 17-18 faizə düşüb. Hamı deyir ki, Çin təxminən dörd-beş il sonra dünyanın lider ölkəsinə çevriləcək.

ABŞ ikinci sıraya düşəcək, Hindistan isə üçüncü sırada yer alacaq. İnsan resursları və qaynaqları çox geniş olan Çin sürətlə böyüyür. Bütün bunlar Trampın reytinqinə mənfi təsir göstərir. Əgər ciddi dəyişiklik olmazsa, Tramp seçkilərdə məğlub olacaq. Əvvəlki seçkilər öncəsi keçirilən sorğularda Hillari Klinton Trampdan 12 faiz irəlidə idi, ancaq nəticədə uduzdu.

Doğrudur, ABŞ demokratik ölkədir, lakin buna baxmayaraq, insanlar kimin prezident olmasına qərar verə bilmirlər. Burada  nəticələrə təsir edən bir çox məqamlar var. Tramp, yaxud Bayden seçkinin qalibi ola bilər.

Ancaq hər ikisi bilməlidirlər ki, ABŞ üçün masanın üstündə çox yaxşı plan olmalıdır. Tramp ABŞ-ın maraqları uğrunda mübarizə aparır. Əslində, o, imiqrasiyanı azaltmaqla Amerikanın maraqlarını qorumağa, ölkəni təkrar özünə qaytarmağa çalışır. Buna baxmayaraq, onun da bir sıra ciddi səhvləri oldu və çox səs itirdi. Bu səbəbdən Co Baydenin şansları daha yüksək görünür.

Lakin Trampın şansları da az deyil. Fikrimcə, ABŞ-ın qlobalizmdən çıxması xətti onun şanslarını yüksəldir. Əgər Tramp bu amilləri qabarda bilərsə, yenidən qazana bilər”.