“Minsk Qrupu münaqişəni dondurmaqla məşğuldur...” - MÜSAHİBƏ

“Düşmən mülki əhaliyə də atəş açacağına dair təhdidlər yağdırır”

“Əslində bu panik bir çağırışıdır. Qorxuya qapılan qüvvə belə yollara əl atır”

“Düşmən qorxur ki, güclü Silahlı Qüvvələri olan Azərbaycan Ordusu torpaqlarını azad etməyə başlayacaq"

"Beləliklə, hər zaman ermənilərin arxasında duran müttəfiqləri onları müdafiə etməyəcək”


Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Məğlubiyyətdən azğınlaşan düşmən ölkə artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. 

Belə olan məqamda isə beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər.  Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb olunmalıdır.  ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrlərinin baş verənlərə süst yanaşması və susqunluğu göz qabağındadır. Maraqlıdır, turist diplomatiyasının nüməyəndələri hələ yay tətilindən qayıtmayıblar?


Mövcud proseslərlə bağlı millət vəkili Asim Mollazadə “Sherg.az”a danışıb.

Müsahibəni təqdim edirik:

- Ermənistan Gəncəni vurmaqla ölkəmizə hədə-qorxu gəlir. Səbəb nədir və düşmən bu “gücü” haradan alır? 


-Əslində Ermənistanın bu bəyanatlarının arxasında qorxu dayanır. Düşmən qorxur ki, güclü Silahlı Qüvvələri olan Azərbaycan Ordusu torpaqlarını azad etməyə başlayacaq. Beləliklə, hər zaman ermənilərin arxasında duran müttəfiqləri onları müdafiə etməyəcək. Ona görə də ermənilər belə bir hədə-qorxu gəlirlər. Fikrimcə, Ermənistan üçün ən yaxşı yol qorxmaqdansa, sülh istiqamətində olan yoldur. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib sülh qapılarını açmalıdır, sülhdən danışmalıdır. Hər zaman müharibə və zərbələrdən danışan qüvvə zəifliyini və cılızlığını nümayiş etdirir. Ona görə də qarşımızda zəifliyi ilə yanaşı qorxu və panika içində olan Ermənistan görürük.

- Nə üçün məhz Gəncə?

-Çünki Gəncəni yaxından vura bilərlər. Həm Mingəçevir, həm də Gəncə böyük yaşayış yerləridir. Düşmən mülki əhaliyə də atəş açacağına dair təhdidlər yağdırır. Əslində bu panik bir çağırışıdır. Qorxuya qapılan qüvvə belə yollara əl atır.

- Düşmənin mülki əhalini atəşə tutacağı ilə bağlı təhdidləri onun faşist xarakterindən xəbər vermirmi? 

- Əlbəttə, bu, misli görünməmiş vəhşilikdir, vandalizmdir. Ermənistan hər zaman mülki əhalini, uşaqları və qadınları vurublar. Məsələn Xocalı faciəsi, Qarabağda törədilən cinayətlərdə də ilk növbədə yerli əhaliyə qarşı amansızcasına addım atıblar. 

- Bəs ATƏT-in Minsk Qrupu niyə “ağzına su alıb oturub?”

-Ümumiyyətlə, Minsk Qrupu turist şousuna bənzəyir. Pandemiyadan qabaq Avropanın ən gözəl şəhərlərində iş aparırdılar. Lakin uzun illərdir, nəticəsiz işlər onu göstərir ki, Minsk Qrupu münaqişəni dondurmaqla məşğuldur, həlli ilə yox.