Polkovnik: “Rusiya səbəbi çox gözəl bilir”

Bu ay Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumatda qeyd olunur ki, hərbi təlimlərə sadəcə iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır:

“Bölgədəki son hadisələr və gərgin vəziyyətin indi də davam etməsi bəzi faktları üzə çıxardı. Türkiyə ordusunun hələ də ölkəmizə olması həm Rusiya, həm də Ermənistan üçün mühüm mesaj idi. Məhz qardaş ölkə ilə hərbi əməkdaşlığın daha da gücləndirilməsi siyasətimizin əsas prioritetidir. Bu baxımdan ordumuzun Rusiyadakı təlimlərdə iştirak etməməsi məntiqə uyğundur”.

Məsələni dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a söyləyib ki, Azərbaycan Ordusu heç vaxt Rusiya ilə bu formatda olan təlimlərdə iştirak etməyib. Onun sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın həmin təlimlərdə iştirakıdır:

“Təbii ki, Azərbaycan düşmənlə hansısa hərbi tədbirlərə qatıla bilməz. Hərbiçilərimizin peşə hazırlığına əminik. Lakin ölkəmiz Rusiyanın hər hansı bir təlimində prinsip etibarı ilə iştirak etmir. Əlbəttə, Rusiya da başa düşür ki, Azərbaycan Ermənistanla bir yerdə təlimlərdə iştirak etməyəcək.  Ta ki düşmən işğalçı niyyətindən əl çəkənə və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edənə qədər”. 

Ş.Ramaldanov vurğulayıb ki, Rusiya ilk dəfə hərbi təlimlər keçirmir və baş verənləri anlayaraq normal qarşılayır:

“Rusiya ilə münasibətlərimiz hansısa formatda inkişaf edəcəksə, öhdəliyimiz çərçivəsində bunları yerinə yetiririk. Münasibətlər Rusiya-Azərbaycan hərbi əməkdaşlıq sahəsində də inkişaf edir. Sadəcə ordumuz bu təlimlərə qatılmır. Burada hansısa problem  yoxdur. Rusiya  səbəbin nə olduğunu çox gözəl bilir”.