Ermənilər Qarabağı terrorçu yuvasına çevirmək istəyir

Elə bir məqam yetişəcək ki, Azərbaycan problemlə bağlı konkret məhdudlaşdırıcı addımlar atacaq

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasında Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb. İcma rəhbəri diqqətə çatdırıb ki, Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhrandan sui-istifadə edən Ermənistan rəhbərliyi siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışır.
İclasda Ermənistan nümayəndə heyətindən də millət vəkili olmasına və moderator tərəfindən cavab haqqı verilməsinə rəğmən erməni vəkil Tatevik Hayrapetyan faktlar qarşısında susmağa məcbur olub. Xatırladaq ki, Ermənistan tərəfi uzun müddətdir işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirir. Düşmən ölkə rəhbərliyi Dağlıq Qarabağ və ətraf ərazilərə əli silahlı quldurları, terrorçu dəstələrin üzvlərini də “sadə erməni vətəndaşı” adıyla yerləşdirir. 



Məsələni “Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, əvvəlcə Prezidentin, daha sonra Hikmət Hacıyevin və Tural Gəncəliyevin bu məqamı xüsusi qabartması ciddi məqamlardan xəbər verir və haqlı mövqedən qaynaqlanır. Analitik vurğulayıb ki, ermənilər işğal etdikləri ərazilərimizdə tamamilə nəzarətdən kənar mühit formalaşdırmağa çalışır:

“Düşmən ölkə zəbt etdiyi torpaqlarımızda təbii resurları talan edir, narkotik ticarəti və insan qaçaqçılığını genişləndirir. İstənilən qeyri-qanuni fəaliyyəti həyata keçirir.

Eyni zamanda dünyanın müxtəlif ərazilərində qanunsuz işlərlə, terrorla məşğul olan şəxsləri işğal olunmuş Azərbaycan ərazilərində gizlətməyə cəhd göstərir. Biz bunu PKK-nın timsalında görmüşük. Terror təşkilatının liderləri axtarışda olarkən Ermənistana, oradan şğal olunmuş Azərbaycan ərazilərinə qaçmışdılar. Digər tərəfdən isə xarici ölkələrdə yaşayan erməniləri aldadaraq bura daşıyırlar.

Bu siyasətin bir hissəsi onunla bağlıdır ki, zəbt olunmuş Azərbaycan ərazilərində ermənilərin böyük qismi öz arzuları ilə qalmırlar. Orada yaşayış şəraiti çox bərbaddır. Xüsusən 2016-cı ilin aprel döyüşlərindən sonra ermənilər təhlükəni gördülər. Torpaqlarımızı tərk etmək istəsələr də, zorla geri qaytarıldılar”.

Siyasi şərhçi qeyd edib ki, İrəvan hökuməti Dağlıq Qarabağı ermənilərlə “doldurmağa” çalışır:

“Müxtəlif ölkələrdə yaşayan erməniləri “həyati təhlükə” bəhanəsi ilə bura gətirmək istəyirlər. Livanda tarixən terror yuvaları kimi fəaliyyət göstərən bölgələrdən erməniləri şğal olunmuş Azərbaycan ərazilərinə köçürməyə çalışırlar.

Bu da Ermənistanın 30 ilə yaxındır həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Qarabağ müharibəsində və torpaqlarımızın işğalında xarici ölkələrdən gətirilmiş erməni terrorçuların, muzdlu döyüşçülərin iştirakını hamımız bilirik. Həmin dəstələr bizə qarşı soyqırımların, qətliamların həyata keçirilməsində iştirak ediblər.

Əlbəttə, indiki halda beynəlxalq platformalarda qaldırılan hər məsələ dərhal həllini tapmır. Əksər beynəlxalq qurumlarda fərqli maraqlar olduğu üçün qısa müddətdə nəyəsə nail olmaq imkansızdır. Buna baxmayaraq, şğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz məskunlaşdırılması bütün tribunalarda qaldırılmalıdır ki, dünya ictimaiyyətinin diqqətini məsələyə yönəldə bilək”. 

A.Aslanlıya görə, elə bir məqam yetişəcək ki, Azərbaycan problemlə bağlı konkret məhdudlaşdırıcı addımlar atacaq:

“Ermənistandan Azərbaycan ərazisinə hava və quru yolu ilə istənilən hərəkətə mane olmaq hüququmuz var. Dövlətin bunu hansı məqamda işə salacağını deyə bilmərəm. Görünür, hələlik müraciətlərə üstünlük verilir. AŞ PA-nın faktaraşdırıcı missiyası var və ara-sıra hesabat hazırlayır. Düzdür, hesabat bizi qane etməsə də, işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşma ilə bağlı məqamlar öz əskini tapırdı.

Məncə, bu cür missiyaların fəaliyyətini davam etdirmək lazımdır. Gəlsinlər, ciddi araşdırmalarla məşğul olsunlar, torpaqlarımızın nəzarətsiz bölgəyə çevrilməsinə imkan verməsinlər, biz də onların tövsiyələrinə uyaraq hələlik hərbi əməliyyatlara başlamayaq”.