Özbəkistan portalı PKK-nın Qarabağa  gətirilməsi ilə bağlı material yayıb


Özbəkistanın tnews.uz portalı Dağlıq Qarabağa Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının xüsusi dəstələrinin gətirilməsi ilə bağlı material verib.

AZƏRTAC məqaləyə istinadla xəbər verir ki, bu haqda Türkiyənin “Cumhuriyet” qəzeti məlumat yayıb.

Yazıda bildirilir ki, Ermənistan hökumətinin təşəbbüsü ilə Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi məsələsindən sonra indi də PKK terrorçuları Dağlıq Qarabağa gətirilir.

Bildirilir ki, artıq 100-dən çox Livan ermənisi Dağlıq Qarabağda yerləşdirilib. Aeroportda onları qarşılayan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda bu ermənilərə vətəndaşlıq da veriləcək.

Qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti aparır.

Yazıda qeyd edilir ki, 2009-cu ildə Suriya erməniləri də Dağlıq Qarabağda yerləşdirildikdən sonra PKK-nın Suriya qanadından olan 250 terrorçu Ermənistan Silahlı qüvvələrinin tərkibinə daxil olmuşdu.