İşğal olunmuş ərazilər qaytarılmalıdır

Bakının mövqeyi qətidir, başqa variant ola bilməz

Dövlət başçısı BMT-dəki çıxışında Azərbaycanın mövqeyini, hədəflərini, çağırışlarını ortaya qoydu

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının qurumun 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxış edərkən bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə gündəmə gətirdi. Dövlət başçısının çıxışı regional və qlobal miqyasda xüsusi diqqət çəkən məqamlarla yadda qaldı. Ölkə rəhbəri rasional çıxışı, praqmatik tezisləri ilə Ermənistan rəhbərliyini ifşa etdi. Düşmən ölkənin baş nazirinin sözlərinin sərsəmləmələrdən, böhtan və şərdən ibarət olduğunu isbatladı.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin olduqca böyük olduğunu vurğuladı.

Prezident Ali Baş Komandan kimi həm Ermənistana, onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Ölkə rəhbəri həmçinin, müasir, demokratik, dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı.

Ölkəmizin uğurlarını, nailiyyətlərini, COVİD-19 ilə mübarizəsini, tolerantlıq və multikulturalizm sahəsindəki fəaliyyətini dünya ictimaiyyətinin diqqətinə təqdim etdi. Prezidentin BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular.

Dövlət başçısı xüsusən İrəvanın son təxribatlarından bəhs edərək bildirdi ki, Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir.

Dövlət başçısı vurğuladı ki, Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir: “O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür.

Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilib. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Prezident bəyan etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir:

“Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”. 

Bu, həm işğalçı Ermənistana, həm də onun havadarlarına yüksək tribunadan edilən ciddi xəbərdarlıqdır. Prezident çıxışında Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini qeyd edərək bütün üzv dövlətlərin BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən, gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüklərini xatırlatdı. Dövlət başçısı əlavə etdi ki, buna baxmayaraq, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib:

“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törədib. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanıb. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf edib”.

Prezident qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib: “Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Nasizmin şöhrətləndirilməsi də Ermənistanın dövlət siyasətidir.

Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”. 

Ölkə rəhbəri bildirib ki, Ermənistan öz təxribatları ilə Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir: “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında Dağlıq Qarabağdan danışıb. Prezident vurğulayıb ki, iyulda Azərbaycan ərazisinə hücum edən Ermənistan Cənubi Qafqazda daimi sülh və sabitliyin qarşısındakı əngəl olduğunu bir daha sübut edib: “Dağlıq Qarabağ problemi başda olmaqla bölgədəki münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə BMT və ATƏT-in qərarları çərçivəsində tez bir zamanda həll edilməsinin tərəfdarıyıq”.

Dövlət başçısının BMT-dəki çıxışını dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib ki, Prezident öz çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və münaqişənin dinc yolla tənzimlənməsini əngəlləyən mövqeyi haqqında aydın, arqumentləşdirilmiş fikirlər bəyan etdi. Deputatın sözlərinə görə, BMT-nin 75 il bundan öncə yaradılmasının başlıca səbəbi beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməkdən ibarət olub:

“BMT Baş katibi Antonio Quterreş təşkilatın əsas vəzifəsinin yeni dünya müharibəsinin qarşısını almaq olduğunu deyib. Burada həqiqət var, 3-cü dünya müharibəsi baş vermədi, amma müxtəlif xalqlara və dövlətlərə böyük zərər vuran çoxsaylı münaqişələrin qarşısı alınmadı. BMT-nin öz funkisional vəzifələrini tam, uğurla həyata keçirdiyini düşünmək olmaz. Bu mənada Ermənistanın cəzasızlıq şəraitində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ayrıca vurğulanmalıdır”. 

Parlament üzvü xatırladıb ki, Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib:

“Bu qətnamələrdə Azərbaycan torpaqlarının azad edilməsi tələbi ifadə olunub. Buna baxmayaraq, işğalçı Ermənistan BMT-nin tələbinə uyğun hər hansı bir addım atmayıb. Bu, təbii ki, Ermənistanın işğalçı, irticaçı bir dövlət olduğunu aydın göstərir.

Eyni zamanda BMT-nin bir təşkilat kimi zəifliyinə dəlalət edən məqamlar da mövcuddur. Çünki BMT bir sıra məsələləri özü üçün prioritet qəbul etdiyi halda, digər qrup məsələlərə elə də əhəmiyyət vermir.

Liviya ilə bağlı qurumun Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərar 24 saat ərzində icra edilməyə başladı. Amma üzərindən 27-28 ilə keçməsinə baxmayaraq Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul edilən qətnamələr bu günə qədər icra edilməyib”.

Milli Məclisin üzvü vurğulayıb ki, bu cür hallar Ermənistana cəzasızlıq şəraitində özünün işğalçılıq siyasətini davam etdirməyə imkan verir:

“Digər tərəfdən, olduqca təhlükəli bir president yaranmış olur. Digər ölkələrin də analoji siyasət aparmaqda marağı yaranır. Cənab Prezidentin BMT-nin sessiyasındakı çıxışı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətə növbəti bir siqnal idi. Dövlət başçısı öz nitqində BMT-nin müəyyən strukturlarında islahatların aparılması zəruriliyini səsləndirib. Bundan öncə də cənab Prezdent BMT daxilində islahatların vacibliyindən söz açmışdı. Digər dövlət rəhbərləri də zaman-zaman BMT-də islahatları dəstəkləyən fikirlər bildiriblər”. 

Millət vəkilinin sözlərinə görə, ölkə rəhbərinin BMT Baş Assambleyasında çıxışı iki müstəvi üzərində Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemində qətiyyətli mövqeyini ifadə etmiş oldu: “Prezident Assambleyada Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi. Bu platformada Azərbaycanın mövqeyini, hədəflərini, çağırışlarını ortaya qoymuş oldu. Eyni zamanda Azərbaycanın BMT üzvü kimi bir daha müasir dövlətlərarası münasibtlər sistemi ilə bağlı baxışları sərgiləndi.

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə vəziyyəti ilə bağlı absurd şərhinə cavab olaraq Azərbaycanın yeganə şərti vurğulandı. Bu, Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Azərbaycanın haqlı mövqeyinin BMT səviyyəsində səsləndirilməsi indiki gərgin şəraitdə çox vacib idi”.

Millət vəkili Azər Badamov da vurğulayıb ki, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə dünya səviyyəli lider olduğunu bir daha sübut etdi. Onun sözlərinə görə, Prezidentin çıxışı bir neçə vacib istiqaməti özündə ehtiva edib:

“Birinci istiqamət dünyanın siyasətində beynəlxalq hüquq termininin yaddan çıxmağa başladığını və BMT-nin fəaliyyətində yeni çağırışlara uyğun fəaliyyətin ortaya qoyulmasının vacibliyi ilə əlaqədardır.

Bu gün dünyada terrorizmə, ölkələrin ərazi bütövlüyünü güclə dəyişdirmək cəhdlərinə, düşünülmüş şəkildə mədəni və tarixi abidələrin məhv edilməsinin genişlənməsinə qarşı, multikulturalizm və mədəniyyətlərarası dialoqun dünyada təbliğində BMT-nin fəaliyyətinin daha da artırılması vacibdir.

Əgər BMT TŞ özünün qəbul etdiyi qətnamələrin icrasını təmin edə bilmirsə, bu, təşkilatın fəaliyyətinin ya ikili standartlar üzərində qurulduğunu, ya da bu təşkilatın passiv olduğu qənaətinə gətirir. Ona görə də cənab Prezidentin qeyd etdiyi kimi BMT bu gün fəaliyyətini dünyada daha çox beynəlxalq hüququn və ədalətin təmin olunmasına yönəltməlidir. İkinci istiqamət isə Ermənistan hakimiyyətinin terrorçu, işğalçı və faşizm üzərində qurulmuş siyasətinin mahiyyətini dünyaya çatdırmaqdır.

Prezident Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasının erməni rəhbərliyinin sərsəm bəyanatları ilə heçə endiyini, Ermənistanın yeni əraziləri işğal etmək xülyası ilə müharibəyə hazırlaşdığını, özünün terrorçu siyasətindən əl çəkməyərək təxribatlara və diversiyalara əl atdığını qeyd etməklə baş verə biləcək hər hansı hərbi əməliyyata görə bütün məsuliyyəti Ermənistanın daşıdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.