Məğlubiyyətlər seriyası Ermənistanı çökdürüb

Düşmən indi bütün ağlasığmaz tədbirlərə əl atmaq məcburiyyətində qalıb

 "Əli silah tuta bilməyən uşaqların məcburi döyüş meydanına itələnməsi ən böyük cinayətdir"


 Siyasi və hərbi cəhətdən tükənən Ermənistan boşluqları doldurmaq üçün cinayətkar əməllərini davam edirir. Orduya yetərli sayda canlı qüvvə cəlb edə bilməyən Paşinyan hökuməti azyaşlı uşaqları döyüş bölgələrinə gətirir, yeniyetmələri real ölümlə başbaşa buraxır. Yayılan video-görüntülərdən aydın olur ki, azyaşlı uşaq mərmi daşıyır və topun atəş açmasına yardım edir. Əslində isə erməni rəhbərliyi öz xalqına qarşı soyqırım siyasəti həyata keçirməkdədir. 13-14 yaşlı uşaqları zorla orduya göndərmək, ömründə silah görməmiş uşaqların əlinə avtomat verərək səngərlərə qoymaq onları qəsdən ölümə məhkum etməkdir.

Əlbəttə, burada düşmənin başqa çirkin məqsədləri də var. Sabah döyüş əməliyyatı çərçivəsində həmin uşaqlardan biri xəsarət aldıqda ermənilər dərhal hay-küy salacaq ki, guya, Azərbaycan Ordusu mülki şəxsləri, uşaqları hədəf alır. Ona görə də bu məsələ mümkün qədər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, beynəlxalq aləm düşmənin çirkin niyyətindən xəbərdar olmalıdır.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov da mətbuat konfransında ermənilərin cəbhə xəttinə uşaqları yığmasına münasibət bildirib. Nazirlik sözçüsü qeyd edib ki, Ermənistan nəinki azərbaycanlı uşaqlara qarşı cinayət törədir, hətta erməni uşaqların da hüquqlarını pozmaqdan çəkinmir: “Ermənistan hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə, mülki əhalinin qorunmasına dair IV Cenevrə konvensiyası və “Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır” protokolunu ayaqlar altına atır. Uşaqları “döyüşçü” kimi istifadə edən Ermənistan onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edir, çünki uşaqlar döyüşçülər kimi hərbi hədəf ola bilərlər. Beynəlxalq təşkilatları bu qanunsuz təcrübəni hərtərəfli araşdırmağa və lazımi tədbirləri görməyə çağırırıq”.

Düşmənin növbəti təxribatını “Şərq”ə dəyərləndirən Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov vurğulayıb ki, 30 günlük müharibə Ermənistanı elə çökdürüb ki, ermənilər bütün ağlasığmaz tədbirlərə əl atmaq məcburiyyətində qalıblar. Hüquqşünasın sözlərinə görə, cəbhədə ağır məğlubiyyət yaşayan düşmənin insan resursları tükənib:

“Erməni ordusu top mərmisini daşımağa belə adam tapmır. Əvvəl mülki şəxsləri zorla bu işə cəlb edirdilər, indi heç kim Qarabağda döyüşmək, boş yerə ölmək istəmir. Ermənistan son nəticədə uşaqlara əl atmağa məcburdur. Cenevrə konvensiyasına görə, hərbi əməliyyatlar zamanı əsgərə yardım edən şəxslər mülki olmaqdan çıxır və hərbçi statusu daşıyır. Əsir götürüləndə isə hərbi əsir sayılır. Həmin şəxslərin peşəkar hərbçi olub-olmadığı əhəmiyyət kəsb etmir. Ancaq şühbə yox ki, ermənilər hansısa uşaq xəsarət alacağı təqdirdə bunu “mülki şəxslərin qətliamı” kimi təqdim etməyə çalışacaqlar. Fikir verirsizsə, separatçı rejimin nümayəndələri toplantılarını uşaq bağçalarında, məktəblərdə təşkil edirlər. Bununla ilk növbədə öz təhlükəsizliklərini təmin etməyə çalışır, həm də fürsət gözləyirlər ki, həmin obyektlər vurulsun və dərhal beynəlxalq arenada Azərbaycanı ittiham etməyə başlasınlar. Guya biz mülki obyektləri vururuq, uşaqları hədəf alırıq və s. Azərbaycan Ordusu hərbi əməliyyatları davam etdirəcək və atəş nöqtələrini zərərsizləşdirəcək. Beynəlxalq hüquq bizə haqq verir. Ancaq paralel olaraq dünya mətbuatında ermənilərin uşaqları qanunsuz olaraq döyüşə cəlb etməsi faktlarını ifşa etməliyik. Qurumları indidən məlumatlandırmalıyıq ki, sonrakı hadisələrdə bütün məsuliyyət işğalçı Ermənistanın üzərində qalsın. Başqa yolumuz yoxdur. Qarşımızda müharibə qanunlarına əməl etməyən, insanlıqdan nəsibi olmayan mənfur ermənilər var. Onlara anladıqları dildən cavab verməliyik”.

Politoloq Qabil Hüseynli də “Şərq”ə bildirib ki, əməliyyatların başladığı ilk gündən etibarən düşmən itkilərini gizlətsə də, reallıq öz sözünü deməkdədir. Analitik vurğulayıb ki, Ermənistan ordusu faktiki olaraq ciddi canlı qüvvə çatışmazlığı ilə üz-üzədir:

“Xarici havadarlarından gələn silah dəstəyi olsa da, bu silahı istifadə edəcək insan gücü tükənmək üzrədir. Bir müddət öncə Yaxın Şərqdən cəlb edilən PKK, ASALA kimi terror qruplaşmaları da gözlənilən etimadı doğrultmadı. Cəbhəyə döyüşmək üçün göndərilən erməni əsgərləri döyüş bölgəsinə çatmadan Azərbaycanın pilotsuz aparatları, eyni zamanda artilleriya qurğuları ilə dəqiq və sərrast atəşlə məhv edilir. İtkilərin əvəzinə cəbhəyə göndərilən könüllü birləşmələr də işğal altındakı torpaqlara girər-girməz zərərsizləşdirilir. Bu da ordu içində fərarilik, komandanlığa itaətsizlik, eyni zamanda ordudan yayınma hallarını artırır. Əlacı kəsilən Paşinyan administrasiyası cəbhəyə uşaqları göndərir. Azərbaycan ordusu heç bir halda, düşmən belə olsa sivil qadın, qoca və uşağa zərər vermir.

Lakin ordumuzun qarşısında əli silah tutan kim olur-olsun, yerindəcə məhv ediləcək. Ona görə də Ermənistan rəhbərliyi bu cür məsuliyyətsiz addımlardan çəkinməlidir”.