Ekoloji terror ! - Düşmən Şuşa meşələrini yandırır: “Anlamır ki, müharibənin taleyi həll olunub” 

 “Bu, ilk növbədə PUA-ların fəaliyyətinə mane olmaqdan ötrüdür”

“İkinci bir tərəfdən onlar “diversant” adlandırdıqları Azərbaycan hərbçilərini bölgədən uzaqlaşdırmaq, ekologiyaya ziyan vurmaq istəyirlər”

“Amma artıq gecdir. Proseslər məcrasından çıxıb. Azərbaycan ordusu öz işini görməyə davam edir”


“Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil.
Məğlub olduğunu görən düşmən artıq bütün naqisliklərə əl  atır. Amma Şuşa meşələrinə əl qaldırmaq təkcə cinayət yox, həm də günahdır axı. Bunu nə Tanrı bağışlayar, nə Azərbaycan əsgəri.

 Hərbi ekspert Üzeyir Cəfərov ermənilərin sözügedən əməlinə dair fikirlərini “Sherg.az”la bölüşüb: 

“Bu, ilk növbədə PUA-ların fəaliyyətinə mane olmaqdan ötrüdür. İkinci bir tərəfdən onlar “diversant” adlandırdıqları Azərbaycan hərbçilərini bölgədən uzaqlaşdırmaq, ekologiyaya ziyan vurmaq istəyirlər. Amma artıq gecdir. Proseslər məcrasından çıxıb. Müharibənin taleyi həll olunub. Azərbaycan ordusu öz işini görməyə davam edir. İnanıram ki, biz yaxın gələcəkdə daha böyük qələbələrə sevinəcəyik”.