Məqsədləri dronlarımızın işini çətinləşdirməkdir

Ermənilərin istifadə etdikləri fosforlu bombalar kimyəvi silah sayılır

Döyüş bölgəsində ağır məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri Qarabağda Azərbaycan Ordusuna qarşı özündə kimyəvi silahın elementlərini ehtiva edən fosfor tərkibli döyüş sursatı tətbiq etməyə başlayıb. Müdafiə Nazirliyindən bildirilib ki, hələlik işğal altında olan ərazilərimizə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Düşmən bununla tətbiq edilən Pilotsuz Uçuş Aparatlarının görüntüləri üçün maneələr yaratmağa çalışır. Ermənistanın bu addımı beynəlxalq humanitar hüququn norma və prinsiplərinin ən kobud şəkildə pozuntusudur. Məqsəd Azərbaycan Ordusuna zərər vurmaqla yanaşı, həmçinin kütləvi meşə yanğınları ilə ekoloji fəlakət yaratmaqdır.

Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir. Onun sözlərinə görə, 8 oktyabr tarixində Ermənistan Füzuli bölgəsini fosforlu silahla atəşə tutub. Lakin mərmi partlamayıb. ANAMA mütəxəssisləri silahı zərəsizləşdiriblər: “Mülki obyektlərə qarşı fosfor silahlarından fəal şəkildə istifadə edən Ermənistanın Azərbaycana qarşı ittihamları tipik günahlandırma və məsuliyyətdən qaçma taktikasıdır”.

Mütəxəssislərə görə, ağ fosfor zəhərlidir və bombalarda bundan istifadə edilir. Fosfor silahı ilk dəfə Birinci dünya müharibəsində Almaniya tərəfindən istifadə olunub. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, təngnəfəslik yaradır.

Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Həmçinin fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Mərminin qəlpələri hətta suda belə sönmür. Belə mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi öz-özünə soyulur. Bu silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. Məlumat üçün bildirək ki, ermənilər fosfor silahından ilk dəfə 2016-cı ilin aprel döyüşlərində ordumuza və mülki şəxslərə qarşı istifadə ediblər. 

Hərbi ekspert Azad İsazadə “Şərq”ə açıqlamasında bildirib ki, ağ fosforlu bombalar kimyəvi silah sayılır. Ekspertin sözlərinə görə, bu cür bombaların partlaması güclü yanğınlarla müşahidə olunur və ciddi fəsadlara yol açır:

“Bir sıra beynəlxalq konvensiyalarla fosfor tərkibli silahların istifadəsi qadağan olunub. Demək olar ki, əksər dövlətlər, o cümlədən Azərbaycan konvensiyalara imza atıb.

Ancaq işğalçı Ermənistanın bu cür sənədlərə qol çəkməsi məlum deyil. Burada iki sual yaranır. Birincisi, ermənilər qadağan olunmuş kimyəvi silahdan hansı məqsədlər üçün istifadə edirlər? İkincisi isə bu təhlükəli silahı kasıb Ermənistan hansı ölkədən və necə əldə edib? Sözün açığı, ikinci suala cavabım yoxdur.

Ancaq ermənilərin fosfor tərkibli silahdan nə məqsədlə istifadə etdiyinə gəldikdə ilk versiya yanğınlar törədərək ərazi üzərində duman, tüstü, tutqun hava yaratmaq, görüntünü bağlamaqdır.

Bununla da dronlarımızın işini çətinləşdirmək niyyəti güdürlər. Həm də canlı qüvvəyə qarşı öldürücü təsirini bildikləri üçün bundan istifadə edirlər.

Fosfor bombası insanı seçmir ki, bu, hərbiçidir, yoxsa mülki şəxs. Əgər kimyəvi silah mülki insanlarımıza qarşı tətbiq olunarsa, itkilər çox olar”.