Kəlbəcərdə kahalara sığınanlar 4 ay mühasirədə qaldılar - MÜSAHİBƏ

Elxan Salahov: "76 sakin evlərini vaxtında tərk edə bilmədi. Mühasirəyə düşdülər. 9 nəfər yolda qətlə yetirildi, 5 nəfər girov götürüldü. 62 nəfər dağlara çəkildi"

"Biz qətlə yetirilənləri o dağlarda, kahaların ətrafında dəfn etmişik. Pal-paltarlı... Onlar dəfn olunan yerlərə gedəcəyik..."

Taleyinə köçkünlük də yazılmış insanlarımızla söhbət sonrası yazı hazırlayanda hər dəfə “bu lap ağır oldu, ötən dəfəki bu qədər acı deyildi” demişəm öz-özümə. Lakin sonra, növbəti dəfə Qarabağımızın hansısa bölgəsinə aid başqa bir insanımızla danışmışam və yenə də “bu lap ağır imiş, nələr çəkir bu insanlar...”,  düşünmüşəm. Hər biri ötəkindən daha ağır, daha kədərli, daha qəmli hekayələr sıralanıb ard-arda. Həmkar dostumuz, araşdırmaçı-jurnalist, publisist, “Qanlı Kaha” sənədli povestinin müəllifi Elxan Salahovla danışmaq qərarına gələndə, bu danışığın əvvəlkiləri yandırıb-yaxacağını heç təsəvvür etmədim.

Elxan hönkürürdü – səssiz, ürəyinə sıxdığı hıçqırıqlarla!.. Kəlbəcər!.. Bu ad neçə dəfə çəkildisə söhbət əsnasında qəlbinin parça-parça ovulub töküldüyünü xəttin bu başından gördüm. Vallah, gördüm!.. Özüm də eləydim, çünki... Sual hey dolanırdı beynimdə; İnsan niyə Vətənini bu qədər sevir ki?!. Ay Vətən, nə vermisən bizə ki, səndən əl çəkə bilmirik?!. “Burax” da “yaxamızı”! “Öldük”, “Bitdik” axı!.. Sən nə yaman şirinmişsən, sən nə yaman vazkeçilməzmişsən!.. Axır ki, bizi qaytardın, özünə tərəf! Gəlirik. Gözlə!..   
      
Elxan Salahov Kəlbəcərdə, həm də Başlıbeldə anadan olub. Başlıbel ismi çoxlarına çox şey danışır. Hətta sözsüz belə. Faciənin tam içində olub Elxan. Ölümün gözünün tam giləsinə baxıb. Sağ qalıb, 27 ildir dözür yurd, Vətən həsrətinə. İçi yana-yana, amma dözür. İndi isə lap az qalıb. Kəlbəcərə qayıtmağa hazırlaşır... İnşallah!.. 

- Elxan bəy, ordumuz irəliləyir, torpaqlarımızı işğaldan azad edirik, ildırım sürətiylə. Kəlbəcərə nə vaxt çatarıq, sizcə? 

- Bizim bütün varlığımız Qarabağdadır, işğal olunmuş ərazilərdədi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanmış plan əsasında döyüşür. Ordumuzun əks-həmlə əməliyyatları başlayanda bir döyüşçü kimi (Elxan bəy Kəlbəcər 701 saylı özünümüdafiə batalyonunda döyüşüb. Deyir ki, Kəlbəcərin işğalından sonra ərazi özünümüdafiə batalyonları birləşdirildi - M.R.) düşündüm ki, yəqin ilk əməliyyatlar Kəlbəcər istiqamətində başlayacaq. Elə də oldu. Bir neçə strateji yüksəklik ələ keçirildi. Yüksəklikləri ələ keçirmək ən vacib əməliyyatlardır. Amma ələ keçirildikdən sonra mütləq möhkəmlənmək, mövqe tutmaq, ağır texnikanın yerləşdirilməsinə şərait yaratmaq lazımdı. Kəlbəcər istiqamətində yüksəklikləri qoyub düzənlikdə döyüş əməliyyatlarına başlamaq yanlış qərar olardı. Ona görə də əməliyyatların ilk günü Murov yüksəkliyi alındı. Murov elə bir strateji mövqedir ki, ətrafa tam nəzarət imkanı verir. Hətta, məsələn, Ağdərənin vacib əraziləri də artıq nəzarət altındadır. Hərbi-strateji baxımdan vacib yüksəkliklərin ələ keçirilməsi yolların, kommunikasiya xətlərinin, yaşayış məntəqələrinin nəzarətini mümkün edir. Kəlbəcərin strateji əhəmiyyəti çox böyükdür. Kəlbəcərə nəzarət edirsənsə, Laçına da nəzarət edirsən, Ağdərəyə də, Göyçə mahalına da arxa tərəfdən (hazırda Ermənistanın Vardenis rayonu). El dilində “Zod yolu” deyilir ora. 

- Kəlbəcərin strateji cəhətdən önəmli olduğu hər zaman məlum idi. Biz, adətən Qarabağı bütöv götürürük, Şuşanı Qarabağın qalası adlandırırdılar... Amma Kəlbəcər haqqında həmişə fərqli danışılıb. Kəlbəcər itkisi göyüm-göyüm göynədib hamını. 

- Kəlbəcər həm Dağlıq Qarabağın, həm də Aran Qarabağın qala qapısıdı. 2018-ci ildə “Turan” İnformasiya Agentliyinin əməkdaşı quldur erməni Vardan Vardanovdan müsahibə almışdı. Bu, o Vardan Vardanovdu ki, azərbaycanlılara qarşı qətliam aktlarının hazırlanması və həyata keçirilməsində birbaşa iştirak edib, Azərbaycan Baş Prokurorluğu onun barəsində cinayət işi qaldırıb. Müsahibəsində deyir ki, Kəlbəcəri və Murovu əldən vermək Ermənistan üçün intihara bərabərdir. Bu, əsassız söz deyil. Düşmən Kəlbəcərin əhəmiyyətini bilir. Mən Kəlbəcərin təbii ehtiyatlarını, mineral mənbələrini, çaylarını, bulaqlarını, heç bir yerdə bənzəri olmayan təbiətini bir kənara qoyuram, Kəlbəcər ən vacib strateji ərazidir. 

- Torpaqlarımızın işğalına son qoyulmasına artıq başlanılıb. Hamımız inanırıq ki, işğal altındakı torpaqlarımız hər bir qarışınadək müzəffər ordumuz, igid əsgərlərimiz tərəfindən azad ediləcək. Amma Elxan bəy, etiraf edim ki, sentyabrın 27-dək məndə inam yox idi. Yalandan niyə deyim ki, həmişə inanmışam, gözləmişəm... 

- Amma mən heç vaxt inanmamışam ki, Laçın, Şuşa, Kəlbəcər erməniyə qala bilər. Xüsusilə bu 3 ərazi. Kəlbəcər işğal olunanda 21 yaşındaydım, indi 48 yaşım var. Sentyabrın 27-də əks-hücum əməliyyatlarının başlandığı məlumatı verildi, bəzi ərazilər işğaldan azad edildi, bir həftə keçdi, döyüş əməliyyatları dayanmadı və əmin oldum ki, bitdi! Və başladı! Bu, gözlədiyimiz müharibədi. Hərdən mənə elə gəlir ki, yuxu görürəm. Bilirsiz... köçkünlük həyatı yaşadıq, yurdumuz işğal olundu, faciələr gəldi başımıza. Amma hər kəs özünə bir yaşayış qurdu, şükür, hər bir təminatımız var, evimiz-eşiyimiz, ailəmiz. Amma insan torpağa bağlıdı. İnsan dünyaya gələndən torpağın üstündədi. Torpağın yoxdursa, nəyə sahib olursansa ol, Vətənsizsən. Vətənsiz insan heç vaxt xoşbəxt ola bilməz...
 
- Kəlbəcərə qayıdacağınız günü təsəvvür edə bilirsiniz? 

- Özümüz üçün planlar qururuq, uşaqlarla (dostlarını nəzərdə tutur - M.R.). Tay-tuşlarla gedək... Uşaqlara deyirəm, qar yağanda...  
(Bax burda Elxan bəyin səsi qırıldı. Xatırlatdığım hıçqırıq burda başladı. Elə bil Başlıbelin ayağına çatmışdı, içəri keçəcəkdi. Ayaq basacaqdı Başlıbel torpağına. Ürəyi çırpınırdı, “görəsən, necədi kəndimiz?”)  ...Ürəyim partlamasa yaxşıdı... (Mən onun göz yaşlarını görürdüm. Dözə bilmirdim... Qoşulmuşduq bir-birimizə...) 

- Elxan bəy, həmişə istəmişəm, yurdundan ayrı düşənlərin nə çəkdiyini təsəvvür edim. Anlayım ki, bu necə hissdir görəsən. Sizə bir hadisə danışım. Yaşadığımız evi dəyişəndə, yəni Bakıda, sakit halda, “atəşkəs” vaxtı, yeni evdə bir müddət qərar tuta bilmədim. Elə bilirdim, əvvəlki evimizdə nəyisə qoyub gəlmişəm. O ev üçün darıxdım, ora dönmək istədim. 

- Görün, biz nələr çəkmişik... Başlıbel bilirsiz necə yerdi?.. Yayda sel aparır, qışda qar bağlayır... 1993-cü ilin dekabrında Murov istiqamətində əks-hücum əməliyyatı keçirildi, bəlkə xatırlayarsınız, uğursuz oldu. Həmin əməliyyatda mən də iştirak etdim, məndən 2 yaş kiçik qardaşım da. Qardaşım şəhid oldu... Biz onun meyitini 1994-cü ilin iyun ayında – qar əriyəndən sonra tapdıq... 

- Valideynləriniz işğalı gördülər? 

- Atam 1989-cu ildə dünyasını dəyişdi. Anam isə bu ilin fevralında rəhmətə getdi. Atam işğalı görmədi, anamsa bu günləri. Anamın anasını isə aprelin 17-də ermənilər qətlə yetirmişdi. Nənəm kahada gizlənənlər arasında idi. (Bunu mütləq qeyd etməliyəm ki, Kəlbəcərin işğalı, Başlıbel qətliamını Elxan Salahov “Qanlı Kaha” kitabında dəlil-sübutlarla, özünün şahidi olduğu və şahidlərin danışdıqları əsasında qələmə alıb. Jurnalist dostlarımız, ziyalılar məlumatlıdı. Gənc nəsil də bilsin deyə xatırladıram - M.R.) 

- Siz döyüşçü olmusunuz, yerli özünü müdafiə batalyonunda döyüşmüsünüz. O illərdə də bizim qəhrəman, igid oğullarımız Vətən uğrunda döyüşüb, canından keçib. Erməni nə karəydi ki, gəlib torpağımızı işğal etsin... 

- Ermənilər həmişə qorxaq, yaltaq, ikiüzlü, bir çətinliyə düşəndə yalvaran, özünü dost kimi, mehriban göstərən, əlinə fürsət keçəndə isə kürəyimizə bıçaq saplayan olublar. Ermənilər heç vaxt güclü olmayıb. Düzdür, məşəqqətlərə, soyqırımlara məruz qalan biz olmuşuq. Amma ermənilər bütün bunları Rusiyanın əliylə edib. Bizə qarşı döyüşən Rusiyanın ordusu, silah-sursatı olub. Hərbi əməliyyatlarını da rus generalları tərtib edib, rus hərbçilər onlara saxta qələbə qazandırıb. Görürsünüz, bu gün qardaş Türkiyənin bizə açıq siyasi dəstəyindən (mənəvi dəstək hər zaman olub) sonra Rusiya dedi ki, Azərbaycan öz ərazilərində əməliyyat aparır. Çünki gücümüzü gördülər. Ermənilərin yaratdığı mif darmadağın oldu. Bu gün İran Prezidenti Ruhani də deyir, Qarabağı azad etmək Azərbaycanın haqqıdır. Bəs, indiyədək sən bu haqqı görmürdün?!. 

- Suala qayıdıram ki, yerli özünümüdafiə batalyonları vardı və döyüşürdülər, necə oldu ki, Başlıbel faciəsi yaşandı, qətliam oldu? 

- Kəlbəcərin Tutquçay dərəsi boyunca ən son kənd bizim kəndimiz Başlıbeldi. Kənd camaatı Kəlbəcərin işğal olunmasından gec xəbər tutmuşdular. Daha doğrusu, erməni silahlılarının kəndə hücumunu görməyincə, Kəlbəcərin işğal edilə biləcəyinə inanmamışdılar. Aprelin 1-də ermənilər Kəlbəcərə 5 istiqamətdən hücuma keçmişdilər. Yeganə tunel yolu vardı, onu qəsdən vurmuşdular ki, insanlar ərazidən çıxa bilməsin. 30-a yaxın kənd mühasirədə qalmışdı. Aprelin 3-ü radioda eşitdik ki, Azərbaycan Ordusu geri çəkilib. Ermənilər kəndə hücuma keçəndə körpə, uşaq, qoca, cavan dağlara çəkilməyə başladıq. Başlıbelin 2 minə yaxın əhalisi vardı.

Təxminən 76 sakin evlərini vaxtında tərk edə bilmədi. Mühasirəyə düşdülər. 9 nəfər yolda qətlə yetirildi, 5 nəfər girov götürüldü. 62 nəfər dağlara çəkildi, kahalara sığındı. Kahalarda gizli yaşadılar. Sonra ermənilər dağda mal-qaranı görüb, qarət etmək üçün dağa tərəf qalxanda bilmişdilər ki, orda adamlar var. Bu dəfə kahalara hücuma keçdilər. Ermənilərin qarşısını kəsənlər oldu, döyüşdülər, şəhid oldular. 14 nəfər orda qətlə yetirildi. 18 nəfər əsir götürüldü. Nənəm də orda qətlə yetirildi. 30 nəfər salamat çıxa bildi. Yerlərini dəyişə bildilər, mühasirə həyatına davam etdilər. 4 ay mühasirədə qaldıqdan sonra (113 gün) gizli dağ yollarıyla, Zod aşırımı, İstibulaq, Soyuq bulaq yoluyla gecə vaxtı hərəkət edib Daşkəsənə gəlib çıxmışdılar. 95 yaşlı Ələsgər baba getmədi, qaldı, dedi, ömrümün sonudu, burda ölmək istəyirəm... Biz qətlə yetirilənləri o dağlarda, kahaların ətrafında dəfn etmişik. Pal-paltarlı... Onlar dəfn olunan yerlərə gedəcəyik... 

- Elxan bəy, elə bilirdik, qisas qiyamətə qalacaq, amma qisas vaxtı gəldi... Kəlbəcər də alınacaq... 

- Sözsüz!.. Bəzən belə sözlər eşidirəm, bəziləri deyir, guya, çox ərazilər alınıb, amma az elan olunur, bunlar həm yanlış, həm də zərərli yanaşmadır. 3-4 gün əvvəl ordumuz düzənlik ərazilərdə döyüşürdü. Artıq dağlıq ərazilər başlayır. Xocəvənd, Ağdərə, Şuşakənd, Həkəriçayı boyunca,  Qubadlı, Laçın... Bunlar həm dağlıqdı, həm də sıx meşəlik. Ona görə də kimsə elə zənn etməsin ki, ya ordumuzun gücü, hərbi qüdrəti zəifləyib, ya da hansısa başqa səbəblərdən irəli getmirik. Ordumuz irəliləyir və hərbi plan üzrə hərəkət edir. Baxın, Ermənistan ordusu hansı istiqamətlərdə təxribatlar törədib; 2016-dakı Aprel döyüşlərini yadınıza salın, düşmən demək olar, bütün cəbhə boyu hücuma keçdi, ordumuz cavab verdi və əks-həmlə hücumu ilə bir neçə strateji yüksəkliyi ələ keçirdik. Ermənilər başa düşdü ki, cənub istiqamətində hücuma keçsələr, məğlub olacaqlar. İkinci dəfə bu ilin iyulunda Tovuz istiqamətində təxribat törətdilər. Amma yenə burunları ovuldu. 4 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Hətta mən hesab edirəm ki, işğal altındakı torpaqlarımızın azad edilməsinin başlanğıcı 2016-dan qoyuldu: Ağdərə-Tərtər-Ağdam, Xocavənd-Füzuli istiqamətlərində gedən döyüşlərdə ordumuz 2000 hektar ərazini, Lələtəpə yüksəkliyini, Talış kəndi ətrafındakı yüksəklikləri, Cocuq Mərcanlını azad etdilər. Azərbaycan Ordusu üçün sanki bu döyüşlər əsas hücuma bir növ hazırlıq, qüvvələrin yoxlanması xarakteri daşıyırdı. Əmin olduq ki, artıq güclü ordumuz var. Bu gün isə artıq Qarabağın bütünlüklə azad olunmasına saylı günlər qalır. 

- Elxan bəy, ailəniz neçə nəfərdən ibarətdi? 

- Həyat yoldaşım, 2 övladımla 4 nəfərik. 

- Oğlan, qız? 

- Biri oğlandı, biri qız. Oğlum 10-cu sinifdə oxuyur, qızım 6-da.
 
- Övladlarınız nə deyirlər, Kəlbəcərə getməyə hazırlaşırlar? 

- Bir aydır evimizdə ancaq bundan danışırıq. O qədər sual verirlər... Necə gedəcəyik, neyləyəcəyik... Deyirəm, heç olmasa, yanvar ayında kəndə gedə bilək. Bizim tərəflərdə 7-8 ay qış olur. Bəlkə yanvar tətilində getdik. 

- Yəqin, bunun üçün müəyyən hazırlıqlar lazım gələcək. Təhlükəsizlik baxımından... 

- Bilirsiz, indiyədək, neçə dəfə ürəyimdən keçib, dostlarla danışmışıq, istəmişik cəhd edək, Kəlbəcərə gedək. Bir tərəfdən də fikirləşmişik ki, mühasirəyə düşərik, əsir götürülərik. Ölüm haqdı, amma ermənilərin əlindən yox. 

- İnşallah, o gün yaxındır. Gedəcəksiniz. Qalib ölkənin vətəndaşı, döyüşçü kimi. 

- Bilirəm, lap az qalıb. İnşallah, sizi də qonaq çağıracam. Bizim tərəflərə gələrsiniz, görərsiniz o cənnəti... 

- İnşallah! 

P.S. Söhbət etdiyim qarabağlıların hamısı qonaq dəvət edir, indidən. Gedəsi yerlərimiz çoxdu. Unutmasınlar. Borclu-borclunun sağlığını istər. Ağdam da alınacaq. Mən də onların hamısını qonaq çağıracam. Papravənd kəndinə - Baş qazi Etimad Əsədovun ocağına.