Çətin məsələdir, amma mümkünsüz deyil

Qonşu ermənidən dəfələrlə ziyan görən azərbaycanlılar birgə yaşayışı qəbul edəcəklərmi?

"Ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsələr, başqa xalqlara düşmən mövqeyindən çəkinməlidirlər"


Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı. İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi? Bunun üçün ilk növbədə ermənilərin mülki azərbaycanlılara Birinci və İkinci Qarabağ müharibələri zamanı davranışına diqqət yetirmək lazımdır. Əfsuslar olsun ki, həmin şəraitdə ermənilər qonşuları olmuş azərbaycanlılarla birgə yaşamaq üçün körpü saxlamayıb. Birinci Qarabağ müharibəsi zamanı erməni quldurları Xocalı soyqırımını törədib.

Zəngilanın işğalı zamanı ermənilər yolu bağlayaraq mülki azərbaycanlı sakinlərin rayon ərazisini tərk etməsinə imkan verməyib. Dinc sakinlər erməni silahlılarının vəhşiliklərindən xilas olmaq üçün özlərini Araz çayına atıb İrana keçiblər. Çayı keçə bilməyənlər boğularaq ölüb. 1992-ci ilin avqustun 28-də erməni silahlıları Goranboyun Ballıqaya kəndinə hücum edərək bura sığınan Laçın rayonundan olan qaçqınları qətliama məruz qoyublar. Nəticədə 24 dinc laçınlı sakin şəhid olub. Yəni ermənilər əllərinə düşən hər fürsətdən dinc azərbaycanlı sakinlərə qarşı istifadə edib, onlara işgəncə verib, qətlə yetiriblər. 

İki gündür müzakirə olunan məsələni “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, ikinci Qarabağ müharibəsi zamanı da Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərləri raket atəşinə tutub. Gecə saatlarında Gəncənin bombalanmasını, Bərdənin raket atəşinə tutulması, Tərtərdə ölüsünü dəfn edən dinc sakinlərin bombardman olunması, Goranboyun, Ağcabədinin, Siyəzənin, Xızının raket atəşinə tutulmasını misal göstərmək olar.

Ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində 93 dinc azərbaycanlı ölüb, 407 nəfər yaralanıb. Siyasi şərhçi bildirib ki, Qarabağ müharibələrində Azərbaycan hərbçiləri dinc erməni sakinlərə qəsdən xəsarət yetirməyib, mülki obyetkləri və yaşayış yerlərini hədəfə almadığını dəfələrlə bəyan edib. Baxmayaraq ki, ermənilər hərbi texnikanı dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirməklə onları hədəfə çeviriblər.
Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi açıq saxlayıb:

“Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradıb. Prezident İlham Əliyev çıxışılarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.

Azərbaycan tərəfi öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda Ermənistan rəsmiləri bununla bağlı qarşıdurma yaradırlar. Noyabrın 5-də Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin parlamentindəki çıxışında bildirmişdi ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur. Ondan əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan da oxşar bəyanatla çıxış etmişdi. Beləliklə, Azərbaycan vətəndaşı olan dinc ermənilərin geri qayıtması üçün şərait yaradır. Bəs, qonşusu ermənidən dəfələrlə ziyan görən azərbaycanlılar birgə yaşayışı qəbul edəcəkmi? Çox çətin məsələdir, ancaq mümkünsüz deyil”. 

S.Soltan xatırladıb ki, fransız, alman və ingilis də bir-birinə qonşudurlar. Tarixən onlar arasında çoxillik müharibələr olub. Sonda bir yerdə Avropa İttifaqı kimi beynəlxalq birliyi yaradıblar, dinc şəkildə yaşayırlar:

“Hazırda onları daha çox iqtisadi maraqlar birləşdirir. Keçmiş düşmənlikləri isə yalnız tarixdə qalıb. Ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsələr, başqa xalqlara düşmən mövqeyindən çəkinməlidirlər. Törətdiyi soyqırım cinayətlərindən göründüyü kimi, ermənilərin qonşuları ilə birgə, dinc yaşamaqdan savayı çıxış yolu yoxdur. Əks halda onları qorumaq üçün başqa bir dövlətin ordusu Azərbaycana gəlməyə bilər”.