“Türk Ocaqları” bu dəfə Bərdəni isidəcək

"Bu gün azərbaycanlı qardaşlarımızın ehtiyacı var və biz buradayıq, sabah başqa yerdə olacağıq"


Azərbaycan “Türk Ocağı”nın təşkilatçılığı ilə “Şərq” qəzetinin redaksiyasında mətbuat konfransı keçirilib. Tədbirdə Türkiyə “Türk Ocaqları”nın ümimi katibi, professor, həkim-cərrah Emrah Şenel, Azərbaycan “Türk Ocağı”nın sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Türkiyəli professor və tədbir iştirakçılarını salamlayan Akif Aşırlı "Türk ocaqları" haqqında qısaca məlumat verib və redaksiyanın eyni zamanda Azərbaycan “Türk Ocağı”nın mərkəzi ofisi kimi fəaliyyət göstərdiyini bildirib. Baş redaktor vurğulayıb ki, "Türk ocaqları"nın yaradılması ideyası 1911-ci ildə formalaşıb.

Türk ziyalıları bir araya gələrək milli iradə ortaya qoyublar və 1912-ci ildə Türkiyə “Türk ocaqları”nı qurublar: “Ocağın əsas məqsədi türk millətinin, ümumən milli düşüncənin sağlam tutulması, “dildə, fikirdə, işdə birlik” ideyasının bütün türk dünyasında yayılması və bu sahədə tədbirlərin görülməsi idi. Azərbaycanda “Türk ocağı” 1918-ci ildə yaradılıb və ilk qeyri-hökumət təşkilatı kimi Fətəli xan Xoyski hökuməti tərəfindən rəsmi qeydiyyata alınıb. Sənədi daxili işlər nazirimiz Behbud xan Cavanşir imzalayıb. Qərara gəldik ki, Azərbaycan “Türk ocağı”nı bərpa edək. Artıq 1 ildir fəaliyyət göstəririk və rəsmi qeydiyyatdan keçmişik. Ümumi koordinasiya şəklində Türkiyə “Türk ocaqları” ilə birlikdə fəaliyyət göstəririk. Əhməd bəy Ağaoğlu, Əhməd Cəfəroğlu və başqa şəxslərlə bağlı Türkiyə, Azərbaycan və Gəncə şəhərlərində bir neçə elmi konfrans keçirmişik”. 

A.Aşırlı bəyan edib ki, koronavirus və Vətən savaşı dönəmində hər zaman olduğu kimi Azərbaycanın yanında qardaş Türkiyə olub:



“Azərbaycan Türkiyə, Türkiyə də Azərbaycandır. Türkiyə "Türk ocağı"nda birləşən, milli birliyi sağlam əsaslarla qoruyan ziyalılarımız Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanındadır.

Türkiyədən davamlı maraqlanırdılar ki, “Azərbaycanın nəyə ehtiyacı var?”. Əlbəttə, Türkiyə Azərbaycanın gündəmini çox yaxşı bilir. Bilirlər ki, Tərtərdə, Gəncədə, Bərdədə və başqa şəhərlərdə erməni faşistlər terror törədiblər, insanların evlərini dağıdıblar. Türkiyə “Türk ocaqları”nın maddi dəstəyi ilə ötən həftə Tərtər və Gəncədə evləri dağıldılmış 120 ailəyə yardımlar apardıq.

80 bağlamanı Tərtərə, 40-nı isə Gəncəyə çatdırdıq. Sabah (bu gün) isə Bərdəyə 300 ailəyə yardım bağlaması göndərəcəyik. Buna görə Türkiyə “Türk ocaqları” başqanı, hörmətli professor Mehmet Özə və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən türk ocaqlarının rəhbərlərinə öz təşəkkürümü bildirirəm”. 

Qardaş köməyinin, yardımlaşmasının tarixi ənənələrinə diqqət yönəldən A.Aşırlı deyib ki, 1918-ci ildə Türkiyənin Şərqi-Anadolu vilayətində erməni-rus terrorundan evini, yurdunu itirən qardaşlarımıza ilk dəstəyi də Azərbaycan edib: “Həmin vaxt Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən “Qardaş köməyi” günləri təşkil edilib, Qars, Ərzurum, İqdır, Otul, Kağızman bölgələrində insanlara yardımlar edilib, kimsəsiz uşaqlar Bakıya, Tiflisə, Şəkiyə yerləşdirilib”. 

Türkiyə “Türk ocaqları”nın ümimi katibi, professor Emrah Şenel də öz növbəsində diqqətə çatdırıb ki, "Türk ocaqları" böyük bir fəlsəfənin, tarixi keçmişin təzahürüdür. Professorun sözlərinə görə, yüz il öncə üç fikir ortaya çıxmışdı – Osmanlıçılıq, islamçılıq və türkçülük. Hamısının qayəsi dövləti ayaqda saxlamaq idi. Çünki türk dövlətsiz olmazdı:

“Öncə Osmançılıq ideyası həyata keçirilsə də, qeyri-müsəlman toplumların ayağa qalxması ilə bu ideya reallaşmadı. Sonra islamçılıq fikri önə çəkildi, ancaq bir müddət sonra Yaxın Şərqdə ərəb üsyanları başladı. Bundan sonra türkçülük, indiki deyimlə millətçilik ideyası meydana çıxdı və hər kəs tərəfindən qəbul edildi. İsmayıl bəy Qaspıralının dediyi kimi, “dildə, fikirdə və işdə birlik” formalaşdırmaq üçün yeni bir milli dövlət qurduq. Azərbaycanda da belə bir dövlət qurulsa da, ömrü uzun olmadı”. 

E.Şenel bəyan edib ki, “Türk ocaqları” millətin birliyini, bərabərliyini, tarixini, mədəniyyətini, dilini yaşatmaq missiyasını güdür:

“Yüz il öncə həm cəbhələrdə savaşdıq, həm də türk dünyasını inkişaf etdirmək üçün çalışdıq. Heç zaman fikrimiz, düşüncəmiz, qayəmiz dəyişmədi. Dünyanın harasında bir türk varsa, onun dərdi ilə dərdlənirik, əlimizdən gələn yardımı edirik. Yüz il əvvəl əlimizdən gələn Nuru Paşa idi, bu gün də dövlətimizin bütün imkanları ilə işğalçı ermənilərə qarşı savaşan Azərbaycanın yanında dik durmuşuq”. 

Professor deyib ki, Türkiyə dövlətinin təlimatı ilə Azərbaycanda yaralı əsgərlərə xidmət göstərmək üçün xüsusi həkim heyəti göndərilib: “30 həkim heyəti ilə Azərbaycan xəstəxanalarında yaralı əsgərlərimizin sağalması üçün əlimizdən gələni edirik. Eyni zamanda Tərtər, Gəncə və başqa şəhərlərdə erməni quldurlarının terroru nəticəsində evsiz-eşiksiz qalmış ailələrə ərzaq və geyim yardımı göstəririk. Bu gün azərbaycanlı qardaşlarımızın ehtiyacı var və biz buradayıq, sabah başqa yerdə olacağıq. Əslində bu yardımlar simvolik məna kəsb edir, göstəririk ki, hər zaman, hər şəraitdə qardaşlarımızın yanındayıq”. 

Məlumat üçün bildirək ki, bir müddət öncə Türkiyə “Türk ocaqları”nın maddi dəstəyi ilə Qarabağ və ətraf bölgələrdə erməni terrorundan əziyyət çəkən, evləri dağıdılan, yaralanan insanlara kömək məqsədi ilə ərzaq yardımı edilib. Azərbaycan “Türk ocağı”nın təşkilatçılığı ilə Tərtər və Gəncə şəhərinə 120 bağlama yardım göndərilib. 300 bağlamadan ibarət növbəti yardım isə noyabrın 14-ü, şənbə günü Bərdəyə, raket zərbələrindən evləri dağılmış ailələrə çatdırılacaq.