Yağma, ey yağış! 

Paytaxt iflic olur, yolları  və evləri su basır 

“Yol və kanalizasiya xətlərinin çəkilməsində korrupsiyaya yol verilir”

“Ölkəmizdə də dünya standartlarına uyğun olaraq yollar və kanalizasiya xətləri çəkilməlidir ki, əhali əziyyət çəkməsin”

Dünəndən yağan yağış ölkəmizdə müxtəlif fəsadlara səbəb olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakıda yaşayış evlərini su basıb. Köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.
Nazirlikdən bildirilib ki, son günlər Respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda fərdi yaşayış evlərinə su dolub. Fəsadların aradan qaldırılması üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları əraziyə cəlb olunub.

Yağış paytaxt yollarında da xoşagəlməz mənzərə yaradıb. Bəzi küçə və prospektlərdə nəqliyyat axını iflic vəziyyətə düşüb. Hər dəfə olduğu kimi yolları su basır, avtobus və minik avtomobillərinin hərəkəti çətinləşir. Problemin yaranmasına səbəb isə kanalizasiya sistemlərinin əlverişsizliyi, ya da ümumiyyətlə, mövcud olmamasıdır. İllərdir eyni mənzərənin şahidi olsaq da, məsələ həllini tapmaq bilmir ki, bilmir. Bu baxımdan problemin həlli üçün effektiv işlərin görülməsi vacibdir. Amma necə ?



Sualımızı cavablandıran AVCİYA-nın Seçki Qərargahının vitse-prezidenti Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirib ki, baş verən hadisədə bəzi məsul şəxslərin məsuliyyətsizliyi açıq-aşkar göz önündədir.

Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun olaraq şəhər salınmazdan öncə kanalizasiya sistemi qurulur:

“Ölkəmizdə bu sahəyə məsul olan şəxslərin məsuliyyətsiz yanaşması, hətta yol çəkilməsi zamanı müəyyən miqdarda pul mənimsənilməsi baş verir. Korrupsiya üçün ən gəlirli sahə yol çəkilməsidir.

Burada santimetrlər önəmli roy oynayır. 1 santimetrin mənimsənilməsi nə qədər pul deməkdir. Eyni zamanda kanalizasiya xətlərinin quraşdırılması üçün şəffaflıq təmin edilmir. Nəticədə vətəndaşlar əziyyət çəkirlər.

Ona görə də cənab Prezidentimizin keçirdiyi islahatlarda bu sahəyə də diqqət ayrılmalıdır. Ölkəmizdə də dünya standartlarına uyğun olaraq yollar və kanalizasiya xətləri çəkilməlidir ki, əhali əziyyət çəkməsin”.