“Fransa sönmüş ocağın külü ilə oynayır”

“Paris meriyası nə edirsə etsin, hansısa xəritədə olmayan qondarma rejimi dünyaya tanıda bilməz”

“Çünki bu durum çox iyrənc özfəaliyyətdir”


Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Bu barədə diplomatik mənbələrdən bildirilib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Ermənilərə yaxınlığı ilə tanınan E. İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.

Əslində bu duruma təəccüblənməli deyilik. Fransanın Ermənistanı açıq-aşkar dəsətkləməsi artıq bütün dünyaya bəllidir. Fransa prezident Emmanuel Makronu belə siyasət yürütməklə münaqişənin həllində tərəfsiz vasitəçi statusunu itirmiş oldu. Digər tərəfdən isə Azərbaycanla münasibətlərinə zərbə vurdu. Əlbəttə, Azərbaycan ordusu Dağlıq Qarabağda hərbi əməliyyatı uğurla bitirdi. Ermənistanı sülhə məcbur etmişik. Perspektivdə Bakı ilə Paris arasındakı münasibətlərdə yenidən normallaşma mümkündür. Ancaq bu normallaşmanı və sağlam əlaqələri Makrondan sonrakı prezidentlə qurmaq mümkün olacaq.



Politoloq Tofiq Abbasovun “Sherg.az”a açıqlamasına görə, Fransada Makronun yandırdığı tonqalı söndürüblər, indi isə külü ilə oynayırlar. Analitik qeyd edib ki, Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağı gündəmə gətirə bilər, amma onun hansısa səlahiyyəti yoxdur:

“Paris meriyası dünya siyasətinin subyekti deyil. Onlar bu işə qol qoyurlarsa, deməli,  özfəaliyyətlə məşğuldurlar. Fransa prezidenti çalışdı ki, ölü vəziyyəti diriltsin, Azərbaycan Ordusunun zəfərindən sonra yenə də Minsk Qrupunu gündəmə gətirsin, onun səlahiyyətlərini bərpa etsin. Amma nəyəsə nail ola bilmədi. 

Bu, ilk növbədə ondan xəbər verir ki, Azərbaycan həqiqətən də bölgədə geosiyasi reallığı özünün və sağlam qüvvələrin xeyrinə dəyişib. Bu baxımdan da Paris meriyası nə edirsə etsin, hansısa xəritədə olmayan qondarma rejimi dünyaya tanıda bilməz. Çünki bu durum çox iyrənc özfəaliyyətdir”.

T.Abbasov vurğulayıb ki, dünyanın nizamı varsa, Azərbaycan məhz o nizam çərçivəsində hərəkət etdi:

“Biz illər boyu Ermənistana sülh təklif etdik, lakin onlar eşitmək istəmədilər. İndi isə inadkarlıqlarının cəzasını çəkirlər. Təbii ki, bizə hansısa təzyiq göstərə bilməyəcəklər. Biz qalib tərəfik, zəfər günlərini yaşamağa davam edirik. Bütün dünyaya göstərdik ki, əsəblərimizlə oynamaq olmaz. Ermənilər elə bilirdilər ki, 30 il ərzində torpaqlarımızda qurduqları şəraiti yara bilməyəcəyik. Yardıq, hətta dədələrini də yandırdıq!”.