Xarici medianın xristian təəssübkeşliyi əsassızdır

Ermənistanın növbəti informasiya savaşına qarşı yerli medianı gücləndirməliyik


Bu gün xarici medianın diqqəti indiyədək erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş Azərbaycan ərazilərindəki kilsələrin, xristian məbədlərinin taleyinə yönəlib. Şübhəsiz ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanı diz üstə çökdürməsi, məğlub etməsi faktını heç cür qəbul edə bilməyən bəzi Qərb siyasətçiləri və ziyalıları işğaldan azad etdiyimiz ərazilərdəki xristian abidələrinin gələcək taleyindən “narahatlıq” ifadə edirlər. Təbii ki, bu cür hay-küy salanların məqsədi xristianlığın deyil, Ermənistanın təəssübünü çəkməkdir. Bu həm də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın və əhalisinin, demək olar ki, hamısı xristian olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi din siyasətindən bixəbərlikdir, Ermənistanın dövlət səviyyəsində müsəlman abidələrinə qarşı törətdiyi vəhşiliklərə gözünü, ağzını və qulağını bağlamaqdır.

Ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst şəkildə öz əqidə formasını seçməsi, dini dözümlülük şəraitinin mövcudluğu, dövlətimizin din siyasətinin uğurları bir çox beynəlxalq təşkilat, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən dəfələrlə etiraf olunub, Azərbaycanın dövlət-din münasibətləri modeli nümunə göstərilib. Azərbaycan milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan tarixi-mədəni irsin qorunub-saxlanmasına, təmir-bərpasına və yenidən qurulmasına xüsusi diqqət ayırır. Maddi-mədəniyyət abidələrinin bərpası və qorunmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə qədim tarixi abidələr yenidən qurulur, yeniləri inşa edilir.

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsveçrənin ən aparıcı informasiya resursu olan “Tribune de Geneve” portalında “Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” adlı məqaləsi dərc olunub. Müəllif Azərbaycandakı tolerantlıqdan və çoxmədəniyyətlilikdən bəhs edərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mehriban yaşadığını vurğulayıb. Bildirib ki, işğal altında olmuş torpaqların Azərbaycana qaytarılmasından söhbət gedəndə çoxları bu ərazilərdəki xristian abidələrinin məhv olacağından qorxurdu. Bəziləri tələm-tələsik həmin ərazilərdəki erməniləri kilsələrdən xaçı çıxarmağa məcbur edirdilər”. Məqalədə vurğulanıb ki, dini irsi qoruyub saxlamaq kimi Azərbaycan ənənəsi yalnız onun sərhədləri ilə məhdudlaşmır. Bu missiyanı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Heydər Əliyev Fondunun yerinə yetirdiyi diqqətə çatdırılıb, fondun dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verməsindən söz açılıb. Vatikanda Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq katedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanıb. Sonda müəllif Azərbaycanın nəzarəti altına keçən ərazilərdə xristian abidələrinin məhv olma qorxusunun olmasından təəssüfləndiyini qeyd edib.
“The Washıngton Times” qəzetində isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Azərbaycanda bütün xristian məbədləri bərpa edilib” sərlövhəli məqaləsi dərc olunub. Müəllifin sözlərinə görə, altı həftəlik müharibə başa çatandan sonra Azərbaycan ərazilərini otuz ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələri öz ölkələrinə qayıdıblar. İndi barışmaq və dağıdılanları bərpa etmək vaxtıdır, lakin bəzi beynəlxalq KİV-lər əsassız olaraq belə ittihamlar irəli sürürlər ki, guya, Azərbaycan bu ölkədəki xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” törətməyi planlaşdırır.

Rusiya mətbuatı isə İlham Əliyevin ölkəmizdəki xristian məbədləri ilə bağlı bəyanatını geniş işıqlandırıb. Rusiyanın aparıcı xəbər resursları Azərbaycanın nəzarətinə keçən ərazilərdə xristian məbədlərinin vəziyyətinə görə narahatlıq ifadə edən Qərb dövlətlərinin liderlərinə dövlətimizin başçısının sərt cavabına çəkib. Qeyd olunub ki, Azərbaycan lideri ölkədə bütün tarixi abidələrin dövlət tərəfindən qorunduğunu, hazırda iki pravoslav kilsəsinin təmir edildiyini, Qafqaz Albaniyası kilsələrinin respublikanın milli sərvəti olduğunu, gürcü və erməni kilsələrinin qorunub saxlandığını bəyan edib.

Mövzuya münasibət bildirən media eksperti Turan İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi başlayan ilk gündən ermənilər xarici medialarda təbliğatı elə qurmuşdular ki, guya, burada radikal islamçılar ermənilərə qarşı birləşiblər. Və onlara qarşı bütün radikal islamçıların birləşməsinin səbəbi də odur ki, ermənilər xristiandılar və onlar xristian olduqlarına görə bu müharibə başlayıb:

“Buna görə də onlar bu regionda xristian olduqları səbəbindən bütün dünya xristianlarının onları müdafiə etməsini istəyirdilər. Ermənilərin təbliğatı elə məhz bu tezis üzərində idi. İlk vaxtlarda Suriyadan muzdluların, İŞİD-in bura gətirilməsi və s. hətta Fransa prezidenti səviyyəsində də bu feykə münasibət bildirildi və dəstək verildi. Bu hadisə əməlli-başlı mətbuat orqanlarında tirajlandı. Həm Azərbaycan mediasının, başda dövlət başçısının xarici media nümayəndələrinə müsahibələri zamanı, həm də diplomatik kanallar vasitəsilə bunun yalan olduğu ortaya çıxdı. İndi o yanaşmanın xristian-müsəlman fantaziyası kontekstində ermənilərin xaricdə öz piyarlarının qurulması davam edir. Təbii ki, bu məqamda Azərbaycan kütləvi informasiya vasitələri birbaşa buna qarşı mübarizə apara bilməzlər”.

Ekspert qeyd edib ki, heç kimə sirr deyil ki, ölkə mediamız ümumilikdə, Azərbaycandan kənara heç bir təsir imkanına malik deyil:


“Bir neçə agentliyimiz var ki, o agentliklər çoxdilli fəaliyyətdə olsalar da, nisbətən MDB məkanında cüzi təsir imkanlarına malikdirlər. Reallığı nəzərə alaq ki, 44 günlük Vətən müharibəsi başlamamışdan öncə savaş təhlükəsi hiss olunurdu. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə getdi və Azərbaycan media platforması haqqında sənəd imzalandı. Belə bir savaş dönəmində Türkiyə mediası Azərbaycanın öz mediası kimi ölkəmiz haqqında olan düzgün məlumatları bütün dünyaya yaydılar.

Bizim yerli televiziyalar isə daha geniş şəbəkələşmə, beynəlxalq auditoriyalara çıxma imkanlarının məhdud olması baxımından ancaq yardımçı rolu oynaya bildilər. İndi məlumatlar yayılıb ki, Türkiyə prezidenti Azərbaycanda bu müddət ərzində Türkiyə və Azərbaycan arasında media haqqında strateji əməkdaşlıq memorandumu imzalayacaq. Bu o deməkdir ki, Azərbaycan haqqında bütün məlumatların ümumi strategiya çərçivəsində Türkiyənin ənənəvi güclü şəbəkələşmiş mediası vasitəsilə dünyaya çatdırılması davam edəcək.

Bu proseslər fonunda da, yəni yeni mərhələdə Azərbaycan mediası da o standartlara uyğun fəaliyyət göstərməsi üçün həm təcrübə qazanacaq, həm də özü-özünü inkişaf etdirəcək. Azərbaycan mediasının ən böyük problemi odur ki, biz özümüz-özümüzə media holdinqlər, adı yüksək səslənən media orqanları qurmuşuq. Amma özümüzdən başqa heç kimə heç nə izah edə, nə də ki çatdıra bilirik. Hətta bəzi media orqanlarımızın xaricdə şöbələri də fəaliyyət göstərməkdədirlər. Təəssüf ki, onlar da ancaq orada daxili auditoriya üçün nəsə hazırlamaqla məşğuldurlar. Ümumiyyətlə, Azərbaycanda media quruculuğu müasir dünya standartlarına uyğun şəkildə aparılmayıb.

Bu gündən sonra hər şey sanki sıfırdan başlayacaq və hər şey yenidən qurulacaq. İnanıram ki, gələcəkdə hər məqamda Azərbaycanın əleyhinə olan feyk məlumatları darmadağın edə biləcək media qurumlarına çevriləcəklər”.