Ərdoğan inamla şimala və Asiyaya doğru genişlənmə siyasəti aparır - Politoloq 

"Rusiya artıq özü Türkiyənin ardınca getməyə məhkum olacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk respublikalarının prezidentlərinə zəng edib. Ərdoğan Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin liderlərinə Yeni il münasibətilə təbrik ünvanlayıb. Liderlər yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək barədə razılaşıb. Ekspertlər bunu türk dünyasının birliyi istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər. 



Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev vurğulayıb ki, Türkiyə son 5 ildə çoxvektorlu siyasət yürütməklə bölgə dövləti statusundan çıxaraq daha geniş areala qədəm qoyub. 

Analitik vurğulayıb ki, Ankara Qərb siyasətində üstünlüyünü qoruyub saxlamaq şərtilə qəflətən üzünü Qafqaza və Şərqi Avropa ölkəsi olan Ukraynaya tutması bir çoxlarını qəzəbləndirdi:

"Türkiyə bu meydanda da özünü təsdiq etdi. Azərbaycanla bağlı aparılan siyasətin üzərində çox dayanmaq istəmirəm, çünki, hər şey ortadadır. Ukrayna ilə yaxınlıq və əməkdaşlıq sazişləri şokundan ayılmayan Rusiya Ərdoğanın orta Asiyada Türkiyənin nüfuzunu və təsirini gücləndirmək fəaliyyəti ilə üzləşdi.
Bu qədər geniş bir məkanda aktiv siyasət yürüdərək hərbi kontingent saxlamaq küllü miqdarda vəsaitin tələb olunması deməkdir. Türkiyə daxildə iqtisadi durğunluq yaşamasına baxmayaraq, Ərdoğan  inamla şimala və Asiyaya doğru genişlənmə siyasətini davam etdirir. Təbii ki, bu addımlar həm də iqtisadi maraqlar çərçivəsində aparılır. Dünya enerji damarı artıq demək olar ki, Türkiyənin əlindədir. Mehri dəhlizi tam fəaliyyətə başladıqdan sonra Çin və Hindistan nəzərdə tutulan nəqliyyat dəhlizinə qoşulacaq. Rusiya artıq özü Türkiyənin ardınca getməyə məhkum olacaq".