Türkiyəli siyasətçidən ilginc iddia: “10 noyabr bəyanatı bir həftə gec imzalansaydı...”

“...Daha ciddi və köklü nəticə əldə etmək olardı. Amma siyasət mümkünü reallaşdırmaq deməkdir”

“Rusiya tərəfini nəzərə almamaq da olmazdı”

Ermənistan vassalına çevrildiklərinin istəklərini yerinə yetirməyə çalışır. Ona görə də düşmən ən xırda fürsəti də dəyərləndirəcək”

“Ermənistan üçün təzminatı ödəməyin ən optimal yolu isə məhz Zəngəzurun qaytarılmasıdır”

“Türkiyədəki 80 yaşındakı yaşlılar belə dedilər ki, mən gedib Qarabağda döyüşərəm”



İl təzələnsə də, bunun düşmənlərimizə heç bir aidiyyəti olmadığı açıq-aşkardır. Çünki erməni diasporu, lobbi təşkilatları gecə-gündüz bilmədən çalışır, təbliğat aparırlar. Rəsmi İrəvan, necə deyərlər, “ipə-sapa yatmır”. Yeni təxribatlar, provokasiyalar barədə düşünür. Deməli, məsələ hələ bitməyib. Biz hazırlıqlı olmalı, həm cəbhədə, həm də informasiya məkanında düşmənin hücumlarını dəf etməliyik. Əlbəttə, qardaş Türkiyənin haqqlı mübarizəmizdə yanımızda olması da artıq bütün dünyaya məlumdur. Rəsmi Ankara bunu dəfələrlə bəyan edib. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın da bayram günündə Azərbaycanda olması, şübhəsiz, həm də simvolik xarakter daşıyırdı.

Qürurla deməliyik ki, təkcə rəsmilərin yox, qardaş Türkiyənin bütün vətəndaşlarının- alim, həkim, polis, taksi sürücüsü, tələbəsi və başqalarının da qəlbi bu dəqiqə bizimlə döyünür.

Onlardan biri də bir müddət Azərbaycanda yaşamış və həmin dönəmdə Xocalı qətliamının şahidi olmuş türkiyəli siyasətçi İdris Gülləcidir. O, Ərzurumda anadan olduğuna görə Ermənistanın xislətinə kifayət qədər bələddir. Odur ki, “Sherg.az” olaraq sabiq nazirlə müzakirə apardıq:

-Etiraf etmək lazımdır ki, müəyyən qüvvələr uzun illər Qarabağ münaqişəsini “dondurmağa” çalışırdılar və bəlkə də, buna qismən nail olurdular. Elə isə müharibənin birdən-birə başlanmasını nə ilə əlaqələndirirsiniz?

-Ermənilər bütün tarix boyu Qərb ölkələrinin, o cümlədən ABŞ-ın ambisiyalarına xidmət edən və istifadə olunan xalq rolunu oynayıblar. Fransanın Türkiyəyə gələn enerji xətləri üzərində müəyyən əməliyyatlar icra etmə arzusu savaşın səbəblərindən biri ola bilər. İkinci bir tərəfdən ermənilər həddini bilməyən xalqdır.

Çox güman, Ermənistan baş naziri Nikol Paşinyan daxildəki problemləri unutdurmaq və nəzərləri xarici siyasətə çəkmək məqsədilə təxribatlar törədirdi. Elə bilirdi ki, yenə də onu qoruyan “qalxanlar” meydana çıxacaq.

-10 noyabr bəyanatı barədə nə düşünürsünüz?

-Məncə, bu, Ermənistanın xilası oldu. Əgər müqavilə bir həftə gec imzalansaydı, daha ciddi və köklü nəticə əldə etmək olardı. Amma siyasət mümkünü reallaşdırmaq deməkdir. Əlbəttə, Rusiya tərəfini nəzərə almamaq da olmazdı.

-Fəqət Ermənistan hələ də təslim olmaq istəmir. Ekspertlər isə mart-aprel aylarında növbəti müharibənin başlanacağını proqnozlaşdırırlar. Bəs sizcə, bu realdırmı?

-Düşmən xaricdən aldığı dəstəklə həm prestijini qorumaq, həm daxildəki narazılığı yatırmaq, həm də vassalına çevrildiklərinin istəklərini yerinə yetirməyə çalışır. Ona görə də Ermənistan ən xırda fürsəti də dəyərləndirəcək. Azərbaycan hazır olmalıdır.

-Paşinyanın istefası aylardır müzakirə edilir, amma baş nazirin kreslosu hələ “silkələnmir”...

-Əlbəttə, ABŞ-ın yeni hakimiyyət administrasiyası onu qorumaq istəyir. Digər tərəfdən isə İrəvanda xaos getdikcə artır. Paşinyanın devrilib-devrilməməsinin heç bir əhəmiyyəti yoxdur. Paşinyan gedər, bir başqa “...yan” gələr. Bunun bizə aidiyyəti yoxdur. Onsuz da ermənilərin hamısı Paşinyandır.

-Bəs ABŞ-da Bayden dövrünün başlanmasının Cənubi Qafqaza təsiri nədən ibarət olacaq?

-ABŞ-ın dövlət siyasəti 22 ildir eynidir- dənizdən dənizə Böyük Ermənistan yaratmaq. Bunu 1925-ci ildə Tiflisdəki nitqində “Daşnaksütun” partiyasının o vaxtkı rəhbəri Ohannes də etiraf etmişdi. Türkiyədə Amerika məktəbləri də təsadüfi olaraq yaradılmayıb. Məqsəd əsrlərdir birlikdə yaşadıqları türk millətinə qarşı ermənilərin “ayaq açmasıdır”. Ermənilər Qarabağın İrəvan xanlığının torpaqlarını mənimsədikləri kimi, Türkiyənin də qərbini özlərinə vətən etmək naminə bizə qarşı soyqırımı törətmiş, bir milyondan artıq insanı öldürmüşlər. ABŞ isə həmişə ən yaxşı halda bütün bunlara səssiz qalıb. Odur ki, Bayden dönəmi heç bir ciddi dəyişiklik vəd etmir.

- Zəngəzur və Qafanın da geri alınması barədə nə düşünürsünüz? Sizcə, yaxın gələcəkdə daha böyük tarixi zəfərlərə sevinə bilərik?

- Ermənistan Azərbaycan torpaqlarından 30 il istifadə etdi. Böyük bir təxribat törətdi, çoxlu insanı qətlə yetirdi. Əlbəttə, bunun təzminatı olmalıdır. İndiki halda Ermənistan üçün təzminatı ödəməyin ən optimal yolu isə məhz Zəngəzurun qaytarılmasıdır. Azərbaycan diplomatiyası qarşı tərəfi məcbur edərək, məsələni reallıqdan zərurətə çevirməlidir. Azərbaycan bildirməlidir ki, Ermənistan həmin bölgəni qaytarmaq istəməsə, İranla münasibətlərinə mane olacaq. Məsələn ermənilərin İrana gedərkən Azərbaycandan icazə almaları onları xeyli çətinə sala bilər. Öldür, yandır, dağıt, oğurla, müharibə başlat, rüsvay ol, sonra təzminatdan boyun qaçırmaq olmaz. Belə bir dünya yoxdur. Ermənistan xəyallar aləmində yaşayırsa, oyanmalıdır. Təzminat hər bir Azərbaycan vətəndaşının tələbi olmalıdır.

-Azərbaycan və Türkiyə dünyaya qardaşlığını növbəti dəfə göstərdi. Dünya bundan dərs çıxaracaq?

-Mərhum prezidentiniz Heydər Əliyev deyirdi ki, Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Bunu Azərbaycan da, Türkiyə də hər yerdə, hər zaman deyirlər. Bəziləri həmin sözlərin “boğazdan yuxarı” olduğunu düşünürdülər. Qarabağ müharibəsi onları yanıltdı. İki dövlətin millətləri də, mədəniyyətləri də birdir. 83 milyonloq Türkiyədəki 80 yaşındakı yaşlılar belə dedilər ki, mən gedib Qarabağda döyüşərəm. “Sən necə kömək edəcəksən?” sualına isə belə cavab verirdilər: “Görə biləcəyim çox iş var, əsgərlərə su, yemək paylayar, yorğanlarını düzəldərəm. Əgər cənab Əliyev bizdən bunu istəsəydi, qoca-cavan, kişi-qadın hər birimiz dərhal Azərbaycanda olardıq. Dediyiniz kimi, dünya son hadisələrdən dərs çıxarmalıdır. Çünki nə Türkiyə əvvəlki Türkiyədir, nə də Azərbaycan əvvəlki Azərbaycandır. Bu savaşda qələbə üçün var gücləri ilə çalışan iki qardaşa- cənab Əliyevlə cənab Ərdoğana Allah uzun ömür versin. Azərbaycandakı qardaşlarıma salamlarımı çatdırıram. İnşallah, koronavirus yox olan kimi maşınımla Qarabağa gələcəm və orda bir müddət qalacam.