İvanişvilinin "təqaüdə çıxması" ajiotaj yaratmayacaq

"İrakli Kobaxidzenin partiya daxilində, siyasi təşkilatın idarəetməsində yenilik etməsi də mümkündür"

"Tbilisi hakimiyyəti xarici siyasətə fokuslanıb və 2024-cü ilədək Avropa Birliyinə daxil olmağı qarşısına məqsəd qoyub"


Məlum olduğu kimi milyarder, “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili siyasətdən gedəcəyini açıqlayıb. Partiyanın icraçı katibi Kaxa Kaladze 16 yanvarda “Gürcü Arzusu”nun qurultayının baş tutacağını və yeni sədrin seçiləcəyini söyləyib. Kaladze bildirib ki, siyasi şuranın qərarı ilə sabiq spiker İrakli Kobaxidzenin namizədliyi partiya sədri postuna irəli sürüləcək.

Təşkilatda böyük əksəriyyətin onu dəstəklədiyi deyilir. Parlamentin keçmiş sədri İrakli Kobaxidze 2019-cu ildə ölkədə baş verən hadisələrlə əlaqədar iyunun 21-də istefa vermişdi. Bir sıra ekspertlər siyasətin “boz kardinalı” sayılan İvanişvilinin səhnədən getməsini Gürcüstanın xarici siyasət kursunda dəyişikliyə səbəb olacağını iddia edirlər. Digərləri isə düşünürlər ki, “Gürcü Arzusu”nda sədrin əvəzlənməsi sadəcə daxili idarəetmədə yüngül redaktələrə gətirib çıxara bilər.

Qonşu ölkədə cərəyan edən prosesləri “Şərq”ə analiz edən politoloq Turan Rzayev bildirib ki, Gürcüstan siyasəti Cənubi Qafqazda köklü və radikal dəyişikliyə məruz qalıb. Siyasi şərhçiyə görə, regionda Rusiya-Qərb tandemi arasında qalan ən birinci ölkə Gürcüstandır:

“Bu ölkədə qərbyönlü siyasətçilərlə rusmeyilli şəxslər arasında daim fikir ayrılığı mövcud olub. Qonşu dövlətdə Qərbə istiqamətlənmə ön planda olsa da, ruspərəstlərin sayı kifayət qədərdir. Lakin Tbilisinin hazırkı xarici siyasəti avrointeqrasiya, avrozonaya daxil olmaq istiqamətindədir. Məqsəd Avropanın güzəştlərindən faydalanmaqdır.

Ölkədə hamı Rusiya təhlükəsini çox yaxşı görür. Bidzina İvanişvili də ruspərəst siyasətçi kimi təqdim olunurdu. Hakim “Gürcü Arzusu” partiyasının hakimiyyəti dövründə Gürcüstan Avropaya inteqrasiyanı zəiflətmədi. Məncə, İvanişvilinin siyasətdən getmək qərarı ölkənin xarici siyasi kursuna təsir göstərməyəcək.

İvanişvili kifayət qədər təcrübəli siyasətçi və oliqarxdır. Gürcülər də milyaderi önəmli fiqur sayırlar. Amma onun idarəetmədən birdəfəlik uzaqlaşması sadəcə ölkənin daxili siyasəti üçün önəmli hadisədir, ciddi dönüş nöqtəsi deyil”. 

T.Rzayev bəyan edib ki, Gürcüstan tarixində Mixail Saakaşvili kimi bir siyasi fiqur hakimiyyətdən uzaqlaşıb:

“Saakaşvilinin siyasətdən gedişi həm öz ölkəsində, həm də dünyada ciddi rezonansa səbəb olmuşdu. Onunla müqayisədə İvanişvilinin “təqaüdə çıxması” ajiotaj yaratmayacaq. Artıq sədri əvəzləyəcək şəxsin kimliyi də bəllidir. İrakli Kobaxidzenin partiya daxilində, siyasi təşkilatın idarəetməsində yenilik etməsi də mümkündür.

Ancaq iddia etmək olmaz ki, sədrin əvəzlənməsi hakim partiyanın mütləq parçalanmasına gətirib çıxaracaq. Tbilisi hakimiyyəti xarici siyasətə fokuslanıb və 2024-cü ilədək Avropa Birliyinə daxil olmağı qarşısına məqsəd qoyub. Bütün siyasi qruplaşmaların qayəsi budur”.