Təxribat hazırlanır ! - “Türkiyənin sülhməramlı missiyasını ləğv etmək istəyirlər” – İpucu verildi 

Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bizim üçün Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur, bitib. Amma müzakirələr səngimir. Xüsusilə məğlub erməni tərəfi özünün revanşist siyasətindən əl çəkmir. Siyasi şərhçilər ümid edirdi ki, Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 11-də Moskvada keçirilmiş görüşdə, nəhayat, kapitulyasiya sənədinə qol çəkdiyini anlayacaq və imkanlarının sıfıra bərabar olduğunu dərk edəcək. O isə bunun əvəzinə, əvvəlcə, Azərbaycan və Rusiya dövlət başçılarını gözlətdi, sonra da imici dəyişmiş, yəni saqqalsız formada içəri girdi.

Gözündən qoymadığı portfelinin içində nə olduğunu bilmirəm, lakin 10 noyabr bəyanatının tarixini də qarışıq salaraq “9 və ya 10 noyabr” söyləməsi onu deməyə əsas verir ki, Paşinyan yavaş-yavaş “başını itirir”. Siyasi proseslər isə eyni ilə şahmat taxtasında olduğu kimi, nəticəyə doğru yaxınlaşdıqca mürəkkəbləşir.

 
“Sherg.az” olaraq Türkiyədə yaşayan soydaşımız, hərbi-siyasi ekspert Həşim Səhrablı ilə müzakirə aparıb, qaranlıq məqamları qismən də olsa aydınlatmağa çalışdıq.

-  Əvvəlki nəticələrə nəzər salsaq, sizcə, sentyabrın 27- də müharibənin başlanması yeganə variant idi, ya seçimlərdən biri?

-  Əvvəlki nəticələr barədə geniş danışmağa gərək yoxdur. Hər kəs bu barədə az- çox məlumatlıdır. 1994-cü ildə daxili siyasi sabitliyi olmayan, müxtəlif atəşkəs oyunları ilə hərbi uğurları əngəllənən və xarici qüvvələrin həyata keçirdiyi ermənipərəst qərarlar nəticəsində Azərbaycan ciddi problemlərlə üzləşdi. Ona görə də düşmən qüvvələrin arzuladığı atəşkəs sənədini imzaladı.

Keçən 26 il ərzindəki danışıqlar isə göstərdi ki, masada aparılan müzakirələr, xüsusilə Minsk qrupu formatı sadəcə “gözdən pərdə asmaq” və Ermənistan tərəfinin maraqlarına xidmət etmək üçündür. Çünki Minsk qrupunda həmsədrlik statusu olan ölkələr Azərbaycan xalqının gözündə qərəzsiz imicə sahib deyil. Biz bunu 44 günlük "Dəmir Yumruq" əməliyyatları zamanı Fransanın tərəfli qərarları, Rusiyanın Qarabağ məsələsinin başladığı ilk gündən bu günədək Ermənistanı hərtərəfli dəstəkləməsi, ABŞ-ın erməni lobbisinin təzyiqlərindən qurtula bilməyərək Azərbaycana qarşı 907-ci düzəlişi təsdiqləməsi və hələ də ləğv etməməsi ilə gördük. Yəni Azərbaycana öz ərazi bütövlüyünü bərpa etmək üçün alternativ yol buraxılmamışdı. BMT-nin Qarabağdakı işğala son qoyulması barədə olan məlum dörd qətnaməsinin yerinə yetirilməməsi, Minsk qrupunun bu qətnamələrin icrası yollarından uzaq durması dediklərimizin əyani sübutudur.

- 10 noyabr bəyanatının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- 10 Noyabr bəyanatı barədə birmənalı fikir bildirmək eyforiyaya qapılanlar üçün ən asan yoldur. Çox insan hərbi qələbə ilə siyasi sonluğu fərqləndirə bilmir. Bəli, Azərbaycanın şanlı qələbə qazandığı faktdır. Bunu Ermənistan Baş nazirinin təslim sənədinə imza atması, ABŞ ordusunun və bəzi bir neçə ölkənin Qarabağdakı əməliyyatları diqqətlə incələməsi sübut edir. Əlbəttə, onlar əməliyyatları Azərbaycan ordusunun həyata keçirdiyi müasir döyüş təcrübəsini incələmək və öz boşluqları üzərində işləmək üçün araşdırmışdı. Ancaq siyasi sonluqda tam nəticə hələ də yoxdur. Belə ki, sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması öz təsdiqini tapır.

Ancaq Kəlbəcər, Ağdam, Laçından Ermənistan ordusunun və separatçıların 20 gün içində tam çıxarılması nəzərdə tutulmuşkən, belə bir qərarın Xocalı, Xocavənd və Xankəndidə həyata keçirilməsi sənəddə yazılmadığı kimi, bugünə qədər də icra edilməyib. Məntiqi sual ortaya çıxır ki, əgər Azərbaycanın ərazi bütövlüyü təmin edilibsə, niyə hələ də Azərbaycan ərazisi olan Xocalı, Xocavənd və Xankəndidə Ermənistan qüvvələri və separatçı rejim ünsürləri var?! Yoxsa Rusiya sülhməramlıları və Ermənistan ordusu bu rayonları Azərbaycan ərazisi olaraq tanımır?! Bax, belə suallar çoxdur. Bir tərəfdən də razılaşmaq lazımdır ki, siyasi həll hərbi həll yollarından daha effektiv və qalıcı olur.

Ancaq ermənilər siyasi həllə razı salınacaqlarmı? İstənilən halda 10 Noyabr Azərbaycan silahlı qüvvələrinin qələbəsini rəsmiləşdirdi. Ermənistan ordusunu Kəlbəcər, Ağdam və Laçından çıxarmağı qəbul etməklə həm məğlubiyyətini, həm də rəsmi şəkildə işğalçı siyasətini bir daha təsdiqləmiş oldu. Bu, çox önəmlidir. İşğal faktına görə, Ermənistan Azərbaycan tərəfinə kompensasiya ödəməyə məcburdur. İnanmıram ki, Ermənistanın büdcəsi 30 illik işğalın kompensasiyasını ödəyə bilsin.

- Bildiyiniz kimi, rus sülhməramlıları Qarabağda öz işləri ilə məşğul olmur, açıq- aydın tərəf tuturlar. Bunun qarşını almaq üçün nə etmək lazımdır?

- Bəli, razıyam. Qarabağdakı sülhməramlılar sülhyaratma missiyasından başqa hər işi görüblər. Məsələn, Kəlbəcər, Ağdam və Laçın Rusiya sülhməramlılarının nəzarəti ilə boşaldıldı. Ancaq biz nəylə qarşılaşdıq? Ermənilər evləri, təbiəti yandırdı, ərazilərə mina döşədi və sonra işğal edilmiş torpaqları tərk etdilər. Ancaq Rusiya tərəfi buna maneə olmadığı kimi, heç bircə bəyanat da vermədi. Ancaq xatirinizdə olar ki, hansısa kilsə divarında yazılan bir cümlə üçün Putin birbaşa Prezident İlham Əliyevə narazılıq bildirmişdi. Bu, qərəz deyilsə, nədir? Sual etmək lazımdır ki, 30 illik işğal zamanı müsəlman məscidləri hər cür təhqir olunarkən harada idiniz? Sizin dininiz Azərbaycan xalqının dinindən artıqdır? Məncə, deyil. Humanizm artıqlığı deyil, bərabərliyi, ədaləti və insani yaşayışı tələb edir. Ən önəmli məsələ isə, Azərbaycan özü bugünədək müxtəlif ölkələrdə sülhməramlı missiyalarda iştirak edib. Yəni belə hallarla bağlı təcrübəmiz var.

Hətta Əfqanıstanda NATO, ABŞ, Türkiyə kimi ölkələrlə bərabər sülh yaratma missiyalarında olmuşuq. Azərbaycan sülhməramlı missiyaların və onların fəaliyyətinin nədən ibarət olduğunu yaxşı bilir. Rusiya isə elə addımlar atır ki, sanki Qarabağda yox, Soçidədir və istədiyi kimi ərazi-inzibati, fövqaladə qərarlar verir, icra edir. Azərbaycan tərəfi buna narazılıq bildirməli və dayandırmalıdır. Bu kimi hallar artıq daxildə də ciddi narazılıqlar və narahatlıqlar doğurur ki, xalq narahatlığında tamamilə haqlıdır. Rusiya erməni problemini Qafqaza daşıyan ölkədir. Qarabağ problemi isə 1988-ci ildə "Sumqayıt hadisələri" ilə başlamayıb.

Bu, Putinin öz ifadələrində Rusiyanın siyasi maraqları üçün uydurduğu yalandır. Qarabağ problemi 1923-cü ildə, Sovet hökumətinin əraziyə muxtar vilayət statusu verməsilə başlayıb və erməni-rus birliyinin türk düşmənliyi yolundakı növbəti  planıdır. Əvvəlki planları uğurlu alınmış ermənilər Osmanlının çöküşünü sürətləndirmiş, Cənubi Qafqaza rusların gəliş yolunu açmışdı. Qarabağ məsələsi isə, bu mübarizənin son mərhələsi hesab oluna bilər. Bu mərhələdə kim qazansa o da, 150-200 illik qarşıdurmanın qalibi olacaq.

- Türk hərbçilərinin Qarabağda olması bu vəziyyəti dəyişəcəkmi?

- Tək Cənubi Qafqazın deyil, ümumiyyətlə, bütün Qafqazın siyasi tarixinə baxsaq, görürük ki, burada əsrlərdir Osmanlı-Rusiya çəkişməsi var. Eynisini bu gün varis ölkələrin timsalında görürük. Deyərdim ki, Qafqaz bütün dünyadakı ən önəmli coğrafi məkandır. Həm də siyasi, iqtisadi və geopolitik önəmi artıb. Enerji dəhlizlərindən başlamış ticarət yolları və tranzit xətlərədək ciddi ağırlığı var- Şərqi Qərbə, Avropanı Asiyaya bağlayır. Nə Türkiyə, nə də Rusiya bölgədə nüfuzunun azalmasına razıdır.

Olmayacaqlar da. Sırf Qarabağ problemində isə Türkiyə sülhməramlıları iki effekt verə bilər. Azərbaycan həm etnik, həm iqtisadi, həm də siyasi olaraq Türkiyə ilə birinci dərəcədə əlaqələrə sahibdir. Qarşılığında Ermənistan ilə hər sahədə düşməndirlər, hətta qondarma erməni soyqrımı kimi həll edilməmiş məsələ ilə bağlı ölkələr arasında etnik nifrət var.

Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi olaraq tanındığı üçün Türkiyə sülhməramlılarının buradakı missiyası sülhə zəmin yaradacaq. Yəqin ki, Ermənistan tərəfi Türkiyənin sülhməramlı missiyasını ləğv etmək üçün müxtəlif təxribatlar hazırlayacaq. Lakin bu pocuzuluq fəaliyyətlərinin ciddi nəticələr doğuracağını düşünmürəm. Çünki ərazi Azərbaycanındır və söz sahibi bizik.

- Sizcə, bütün bu proseslərdə Kremlin istədiyi nədir?

- Yuxarıda qeyd etdiyim ki, Rusiya Qafqazda təsirlərinin azaldığını görür. Gürcüstanda yaşananlar, hələ də real təhlükə olaraq bilinən çeçen məsələsi, Azərbaycanın müstəqil şəkildə dünyaya inteqrasiyası, Türkiyə ilə sarsılmaz müttəfiqlik, enerji marşrutlarını Rusiya ərazisindən kənara daşımaq və s. rəsmi Moskvanı narahat edir. Üstəgəl, Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Rusiyanın Qafqazda son və əsas əlaltısı rolunu oynayan Ermənistan da sürətli şəkildə Avropaya inteqrasiyaya meyilləndi.

Bəli, Rusiya çox böyük bir ölkə, supergüc dövlət olsa da, şovinist siyasət onu tək qoydu. Baxın, Rusiyanın sərhədləri başdan- başa etnik nifrətlə doludur. Çünki ətrafındakı bütün xalqlara zərər verib: işğal edib, talan edib, qətliamlar törədib. Keçmişdəki səhvləri düzəltmək yerinə, Rusiya Ukrayna və Gürcüstana yenidən təcavüz etdi, indi də Qazaxıstana ərazi iddialarıyla çıxış edən bəzi siyasətçiləri var. Kreml indi istəyir ki, ətrafındakı bütün ölkələrin söz sahibi olsun.

Onun üçün də bu ölkələr inkişaf etməməyinə, hər zaman müəyyən problemlərlə məşğul olmalarına çalışır. Azərbaycan isə əsas hədəfdir. Çünki Azərbaycan həm təbii zənginlikləri, həm etnik, coğrafi, geopolitik önəmi ilə Rusiya üçün həyati əhəmiyyət daşıyır. Ancaq Rusiya fərqindədir ki, Azərbaycan xalqı daha Moskvanın yalanlarına inanmır. Kreml Bakıda çoxdan uduzub. Ona görə də, indi çalışır ki, mümkün qədər Qarabağ problemini uzatsın və beləcə Azərbaycanın əsaslı inkişafına zərbə vursun. Ümumiyyətlə, həmişə öz maraqları üçün çalışıb. Əslində bütün ölkələr belə edir. Ancaq Rusiyanın Ağ Evdən fərqi ondadır ki, Ağ Ev ölkələrə humanizm və xoşbəxt gələcək vəd edərək öz maraqlarını təmin etdiyi halda, Moskva bunu qan və zorakılıqla həyata keçirir.

- Bəs İranın maraqları nə ilə bağlıdır? O bizə dostdur, ya düşmən?

- İranın beynəlxalq məsələlərdə söz haqqı yoxdur. Yalnız regional məsələlərdə əhəmiyyəti olur. Bunu da, Qərb blokuna qarşı mübarizədə olan Rusiya və Türkiyəyə borcludur. Xatırlayırsınızsa, 10 noyabr razılaşmasından qısa zaman əvvəl, İran Bakı, Moskva, İrəvan və Ankarada rəsmi görüşlər keçirdi, öz təkliflərini təqdim etdi. Nəticə uğursuz oldu. Məgər 10 Noyabr razılaşmasında İran adı hallandımı? İranın radikal islamçı imici var. Kimsə onu qəbul etmir. Tək üstünlüyü İslam ölkələrində radikal dindarlığı mənimsəmiş insanlar üzərində təsirinin olmasıdır. Ancaq İran Azərbaycan üzərində olan bu təsirini 44 günlük müharibədə bir xeyli itirdi. Ona görə ki, yarıgizli, yarıaçıq Ermənistana dəstək verməklə həmin qisim insanların gözündə olan dəyərini itirdi. İran Azərbaycana nə dost, nə düşmən ölkədir. Cənubi Azərbaycan məsələsi bizə nə dost, nə düşmən olmağa icazə verir. Sadəcə iki ölkə arasında normal münasibətlər var. Maraqların üst-üstə düşdüyü yerdə əməkdaşlıq, əks olduğu hallarda isə rəqabət var. İran da, Rusiya kimi Qarabağ probleminin tam həllindən yana ola bilməz. Çünki bölgədə yeni gücün - Azərbaycanın yüksəlişi onun da maraqlarına zidd olacaq. Azərbaycan dünyəvi ölkədir, Rusiya və İran ilə olduğu kimi, Rusiya və İranın əsas düşmənləri ilə də qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlər qurub.

- 11 yanvar görüşü barədə nə düşünürsünüz? Belə demək olarmı ki, bu görüş 6-lıq platformasının yaranmasına hazırlıqdır?

- Əslində, həmin görüşdən ümidlərim daha böyük idi. Gözləntilərim gerçəkləşmədi. Məsələn sülh bağlanması barədə danışıqlar aparılacağını gözləyirdim. Bəlkə də, aparılıb, amma nəticə alınmayıb, deyə açıqlanmağa da lüzum olmayıb. İstənilən halda, bu istiqamətdə irəliləyiş olmadı. Yalnız tranzit yollar barədə danışıqlar və nəticələrdən danışıldı.

Əslində isə, öncə sülh məsələsi həllini tapmalı idi. Təsəvvür edin ki, birinci mərhələ həll edilməmiş, ikinci mərhələnin danışıqları gedir və razılaşdırılır. Atəşkəs, yenə pozularsa? Axı sülh yoxdur…6-lıq platformasının olacağı da inandırıcı görünmür. Ya da qurulacaq, ancaq formal bir qurum kimi qalacaq. Biz o 6-lıqdan danışırıq ki, maraqlar bir-birinin ziddini təşkil edir və ortaq nöqtə tapmaq mümkün görünmür. Ən uyğun ortaq nöqtədə belə, bir tərəf öz maraqlarını gözəştə getməlidir. Hansı ölkə maraqlarını qurban verməyə razı olacaq?

- Paşinyan hələ münaqişənin bitmədiyini deyib. Yəni o, növbəti müharibəni başlada bilər?

- Onu susdurmaq üçün hərb meydanında başlatdığımız və qazandığımız  qələbəni indi masada bitirmək lazımdır. Zamanla bitəcək kimi görünsə də, sürprizlər hər zaman olur. Məsələn, 1918-ci ildə müstəqil dövlət qurmuşduq. Kim düşünərdi ki, 23 ay sonra təcavüzə məruz qalacağıq? Bu Rusiyadır, onun üçün həqiqət, ədalət yoxdur.

Zorakılıq və dissiplinsizlik var. Həm də öz maraqları üçün hər şeyə hazırdır. Paşinyanın müharibə başlamaq ehtimalına gəlincə, deyə bilərəm ki, onun özünün iqtidarda qalıb-qalmayacağı sual altındadır. Həm də, hansı qüvvə ilə müharibəyə başlayacaq? Texnikasının böyük hissəsi, ordusunun bir qismi  darmadağın edilib. Azərbaycan tərəfi həm texnika, həm canlı qüvvə baxımından Ermənistandan dəfələrlə üstündür. Bu fərqi yaxın 10-15, hətta deyərdim 30 il ərzində aradan qaldırmaq qeyri-mümkündür. Təbii ki, bəxşişlər olmazsa... Belə bir vəziyyətdə, xüsusən qərbmeyilli olan Paşinyanın Rusiyasız addımlar atacağı gözləniləndir.

Ümumiyyətlə, Ermənistanın hansı tərəfə yaxınlıq etməsi vəziyyəti dəyişməyəcək. Azərbaycan və Türkiyə dünya üçün vacib ölkələrdir və bizim həm Rusiya, həm də Qərb ilə əlaqələrimiz Ermənistandan daha üstün və vacibdir. Ermənilər evcilik oynayan balaca uşaq kimidir, öz balaca dünyaları var. Onu da Rusiya və Qərb istədiyi zaman, istədiyi şəkildə Türk dünyasına qarşı silah kimi istifadə edir. Paşinyanın siyasi zəkası varsa, ilk öncə bu vəziyyəti düzəldib Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa cəhd etməlidir, yeni müharibəyə yox..

- Ümumilikdə, hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?

- Dediyim kimi, sürprizlər həmişə olub, yenə də ola bilər. Bu gün Qarabağın dağlıq hissəsindəki gərəksiz sülhməramlı missiyanı və orada hələ də qondarma rejimin "bəslənilməsini" nəzərə almasaq, Azərbaycan xalqı məqsədinə çatıb. Həm Azərbaycan, həm də onun müttəfiq və tərəfdaşları dünyada ciddi güc və nüfuz əldə edib. Ən önəmlisi isə, Azərbaycanı xarici siyasətində həmişə çəkincən olmağa məcbur edən Qarabağ problemi həll edilib. 20-30 il əvvəl Fransa, Rusiya, ABŞ-dan yardım gözləyən Azərbaycan bu gün onların iradlarına və basqılarına rəğmən ərazi bütövlüyünü təmin edib.

Bu bəsit bir məsələ kimi görünməsin. İndi isə tam məntiqi sonluğa çatmaq üçün əməli addımlar atılacağını düşünürəm. Bilirsiniz, bir ölkədə tam nəticə o vaxt əldə edilir ki, daxili arena da neqativlərdən qurtulmuş olur. Azərbaycanda xeyli sayda belə neqativlər var. Bir o qədər neqativlərdən qurtulmuşuqsa da, hələ də dövlət içində dövlət üçün deyil, ya kimlərsə üçün, ya özü üçün çalışan və beləcə effektiv nəticələrə zərər verən yüksək rütbəli məmurlar var.

Qısa zamanda onlardan tam təmizləniləcəyini, ardınca isə, geridə qalan problemlərin həlli istiqamətində ciddi addımlar atılacağını düşünürəm. Qarabağ problemi artıq tarixdir, ancaq tam həlli üçün bütün bunlar gerçəkləşdirilməsi və daha ciddi işlənilməlidir.