Smart sayğaclar yenidən mexaniki sayğaclarla əvəz edilir

Dövlət və vətəndaşların pulunun mənimsənilməsi barədə ciddi şübhələr var

“Bir neçə ildir milyonlarla manat xərc çəkilərək quraşdırılan smart sayğaclar yenidən mexaniki sayğaclarla əvəzlənir”. Bu sözləri “Şərq”ə açıqlamasında “Azəriqaz”la məhkəmə çəkişməsi olan politoloq Vasif Əfəndiyev deyib. Siyasi şərhçi bildirib ki, ilk dövrdə mexaniki sayğaclar smartlarla dəyişdirilən zaman abonentlər bunu narazılıqla qarşılamışdı: “O vaxt “Azəriqaz” bunu müasir texnologiya və qaz itkisinin qarşısının alınması kimi izah etmişdi. Deyilənlərdə həqiqət payı var idi.

Qaz satışı ilə məşğul olan kriminal qruplar istifadəçilərlə əlbir olaraq mexaniki sayğaca əməl etməklə dövlətdən külli miqdarda qaz oğurluğu edirdi. Smart sayğaclar isə cinayət əməllərinin qarşısını qismən aldı. Lakin fırıldaq bundan sonra da davam etdi. Bu dəfə sayğacları dəyişdirilən abonentlərə külli miqdarda borc yazmağa başladılar.

Bəhanələr isə sayğacın guya abonenet tərəfindən bilərək xarab edilməsi və bir sıra ağlasığmaz iddialar oldu. Məhkəmələrə müraciət edən qaz istifadəçilərinin demək olar ki, hamısı cərimələrdən azad olunsa da, hüquqlarını bilməyən və ya məhkəmələrdə sürünmək istəməyən vətəndaşlar cinayətin qurbanı oldular”. 

V.Əfəndiyev bəyan edib ki, bu hadisə şəxsən onun da başına gəlib:

“Birinci məhkəmədə prosesi udsam da, “Azəriqaz” əl çəkməyərək qərardan apelyasiya şikayəti verdi. Məhkəmə instansiyasını qazandım, lakin aylarla zaman keçdi və müəyyən miqdarda vəsait xərcləməli oldum. İndi isə geriyə dönüş edilir. Dediyim kimi, smart sayğaclar mexaniki sayğaclarla əvəz edilir. Əhali isə qaz satışından narazılıq edərək bildirir ki, qiymətlər süni şəkildə qaldırılır. Bu iki sayğac əməliyyatı zamanı dövlətə külli miqdarda ziyan dəyəcəyi göz qabağındadır. Dövlət və vətəndaşların pulunun mənimsənilməsi barədə ciddi şübhələr var. Hesab edirəm ki, “Azəriqaz”da baş verənlər ciddi araşdırılmalıdır”.