Qarabağda söz sahibi Bakı və Ankaradır

Azərbaycan icazə verərsə, həmsədr ölkələr proseslərə qoşula bilərlər

Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfər edəcəyini deyib. Nazir iddia edib ki, Qarabağ nizamlanmasına dair bəzi məsələlər həllini tapmayıb. Onun sözlərinə görə, bunu ATƏT-in Minsk qrupu həmsədrləri, bu ölkələrin xarici işlər nazirləri də qeyd edirlər: “Bu günlərdə həmsədrlər görüş keçirib, biz də yaxın vaxtlarda onlarla əlaqə quracağıq. Vasitəçilərin bölgəyə səfərlərini gözləyirik”. 



Hər gün sərsəm açıqlamalarla gündəmə gələn Ayvazyanın bəyanatı barədə “Şərq”ə danışan BAXCP sədrinin müşaviri Azər Qasımov deyib ki, Ermənistan rəsmilərinin Qarabağ məsələsi haqda fikirləri daxili auditoriyadan başqa heç kimi maraqlandırmır. Ekspertin sözlərinə görə, bunu 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüş də sübut etdi:

“Baş nazir Nikol Paşinyan 62 erməni diversantı “girov” kimi təqdim edərək azad olunmasından, “status” məsələsindən danışsa da, ona fikir verən olmadı.

Bu da onu göstərir ki, erməni tərəfinin nə deməyindən asılı olmayaraq, hazırda söz sahibi Azərbaycandır.

Ancaq prosesi mürəkkəbləşdirən amillər də var. Qarabağ problemi beynəlmiləl hala salındığı üçün prosesdə iştirak edən ölkələrin fərqli baxışları da nəzərə alınır.

Görünür, ortalığı qarışdırmağa cəhd edən, problemdən siyasi məqsədlər üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Kimiləri bunu Azərbaycana, kimiləri isə qardaş Türkiyəyə qarşı addım kimi dəyərləndirirlər.

Azərbaycan məhz bu cür oyunların qarşısını almaq üçün Minsk qrupu həmsədrlərinin yardımından imtina edib”. 

Analitikin fikrincə, bir müddət əvvəl Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun həmsədrlərin fəaliyyətinin bərpasından söz açması vasitəçi ölkələrə bir mesaj idi:

“Çavuşoğlu dolayı yolla bəyan edirdi ki, Qarabağda və regionda söz sahibi rəsmi Bakı və Ankaradır. Yəni proseslər Türkiyənin nəzarəti altındadır. Bundan sonra ancaq rəsmi Bakı və Ankara icazə verərsə, həmsədr ölkələr proseslərə qoşula bilərlər.

Sözün açığı, siyasətçi kimi mənim də fikrim bu fəaliyyətin bərpa olunması yönündədir. Düşünürəm ki, bu andan etibarən nə qədər çox ölkə proseslərə qoşularsa, son nəticədə sülh razılaşmasında daha çox ölkənin imzası olar.

Bu fakt isə sülhü daha möhkəm və etibarlı edər. Çünki sənədin altında imzası olan bütün dövlətlər hüquqi məsuliyyətlərini və öhdəliklərini dərk edəcəklər. Sonradan başqa xəyallara düşməzlər”.