"Kəlmeyi-şəhadət gətirdim, gözüm qaralırdı"

Sabir Dünyamalıyev: "Hələ “narkoz” tam təsir göstərməmişdi, sinəmdəki qəlpələr çıxarılanda hiss edirdim"

Adətən bəzən məqalələrin ilk cümləsini yazmaqda çətinlik çəkir adam, ya da özünü aciz hiss edir. Hər halda bu hiss yazının  baş qəhrəmanının böyüklüyündən irəli gəlir. Həm də tarix yazanlar haqqında nə desək azdır axı. Bəli, bilmədən yenə də sizə, Vətən müharibəsi iştirakçılarının birindən danışacağıq. O, İkinci Qarabağ Savaşının təsadüfən sağ qalan şahididir, yəni qazisidir. İgidimizin adı Sabir Dünyamalıyevdir. 19 yaşlı Sabir Ağstafa rayonunun  Köçəsgər kəndində dünyaya göz açıb.

Səməd Vurğun adına Köçəsgər kənd tam orta məktəbini bitirib, hərbi xidmətə yola düşüb. İdman sahəsində də bir sıra nailiyyətləri olan Sabir əsgərlikdə kəşfiyyatçı kimi seçilib. Sonra Vətən savaşında iştirak edib, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı döyüşlərində vuruşub. Sabir sol qolunu millət, torpaq yolunda qurban verib. Deyirlər, hərbçi dostları arasında onun ləqəbi “Balaca canavar” imiş. 

Sabir deyir ki, çox çətin yollardan keçib, silahdaşları gözünün önündə şəhadətə ucalıb:

“Kəşfiyyatçıydıq deyə, bir məqsədimiz var idi: Ya ölmək, ya da öldürmək. Vətən uğrunda şəhid olmaq ən şərəfli ölümdür. Biz şəhidlikdən deyil, əsir düşməkdən qorxurduq. Şükür ki, Allah mənə düşmənə əsir düşməyi göstərmədi. Dəfələrlə mühasirədən çıxmağı bacardıq”. 

19 yaşlı qazi döyüş yolunu və yaralandığı anı belə xatırlayır: “Ermənistan sərhədinə - Gorusa iki kənd qalmışdı. Bizə əmr gəldi, 2 qrup şəklində irəlilədik. Kənddən əvvəl iki dağ var idi, birincisini düşməndən azad etdik.

İkinciyə çatanda gördük ki, həmin ərazi minalanıb. Digər kəşfiyyat dəstəsinin komandiri  xəbər etdi ki, mina var, gözləyin. Biz də dağın başında, qayalıqda yerləşdik.

Onlar minaları təmizlədilər. Sonra düşmən atəş açmağa başladı. Snayperlə 1 nəfəri vurub, şəhid etdilər. Atışma gedirdi, dağın aşağı hissəsi meşəlik olduğu üçün biz onları yaxşı görmürdük. Bütün silahlardan istifadə edirdik. O an məndə daraq boşaldı, doldurmaq üçün bir az aşağı düşdüm.

“Pekaşnik” sağ tərəfdə dayanmışdı. Birinci dəfə yanımıza minamyot düşəndə yaralanmadım. Amma mərmi “pekaşnik”in üstünə düşdü, onun qanı üzümə çiləndi. Atışırdıq deyə, ikinci minamyotun düşdüyünü eşitmədim. Lakin sol qolum yaralandı.

Dillənib, snayperçimizə dedim ki, qolumdan yaralanmışam. Məni qorxutmamaq üçün dedi, heç nə yoxdur.

Kaskamı, "bronjiletim"i soyundum, silahı yerə qoyub aşağı düşdüm. Əsgər yoldaşım qolumu dərhal "juquta" bağlayıb, 2 km aşağı endirdi, kömək çağırdı. 2 nəfər gəlib, məni apardılar.

Özümdə deyildim, gözlərim qaralırdı. Kəlmeyi-şəhadət gətirdim, silahdaşımdan haqqını halal etməsini istədim. Ardınca  məni arxa tərəfə keçirtdilər, o an düşmən bizi vurmağa davam edirdi. Mərmi  yanımıza düşdüyü üçün sanitarkalar da gələ bilmirdi.

Düz 1 saat yerdə qaldım. Yaralılar çox olduğu üçün korpusun kəşfiyyat rəisi sürücüyə bizi aşağı düşürtməsini söylədi. Sanitarkalar da dağın arxasında gizlənmişdilər.

Onlar baldırımdan 2 iynə vurdular, ardınca 1 saat yol getdik. Cəbrayılda yarama baxdılar, qayçı ilə paltarımı kəsib müdaxilə etməyə başladılar. Hələ “narkoz” tam təsir göstərməmişdi, sinəmdəki qəlpələr çıxarılanda hiss edirdim. Sonra birdən ayıldığımı xatırlayıram, qulağıma səslər gəlirdi.

Gözümü 2 saniyəlik açdım, dedim  “Cənnətdə deyiləm ki?”. Demə məni vertalyot ilə "Papanin" qospitalına gətiriblər. Dərhal qoluma baxdım, yerində olduğu üçün sevindim.

Amma 2-3 gün sonra vəziyyətim pisləşdi, tir-tir əsirdim. Həkimlər qolumun qanqrena verdiyini görüblər. Amputasiyadan başqa yolu yox imiş. Heç mənə demədilər ki, qolunu kəsəcəyik. Lakin belə oldu...”.

Qeyd edək ki, Sabir Dünyamalıyev  “Füzulinin azad olunmasına görə“ və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.