Faktlar, dəlillər ortadadır

Qarabağda dağıntıların miqyası dəhşətlidir

Səfirlər, diplomatlar işğaldan azad olunmuş əraziləri gözləri ilə gördülər

"Bu cür səfərlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ermənilərin işğalçılıq mahiyyətinin dünya ictimaiyyətində təbliğ edilməsi baxımından olduqca mühümdür"


Fevralın 6-da xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri işğaldan azad olunmuş torpaqlarımıza - Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Səfərin məqsədi erməni quldurlarının Azərbaycanın tarixi torpaqlarını işğalda saxladıqları 30 ilə yaxın müddətdə törətdikləri vəhşiliklərin izəri ilə tanış olmaq olub. Xarici dövlətlərin təmsilçiləri Prezidentin köməkçisi Hikmət Hacıyevin və Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun müşayiəti ilə Cocuq Mərcanlıya, sonra Cəbrayıl və Zəngilana yollanıblar. Zəngilanın mərkəzində dağıdılmış şəhər məscidinə, Mincivan yaşayış məntəqəsinə, Cəbrayılda dağıdılmış qəbiristanlığa, “Çinar” çay evinin qalıqlarına və digər dağıdılmış tikililərə baş çəkiblər.

Nümayəndələr tarixi Xüdafərin körpüsündə də olublar. Səfər əsnasında diplomatlar ermənilərin Azərbaycanın tarixi abidələrinə, qəbiristanlıqlara, mülki əhaliyə vurduqları ziyanla yaxından tanış olublar. İşğaldan azad edilən rayonlarda törədilmiş vəhşilikləri öz gözləri ilə əyani şəkildə görüblər. Gördüklərindən heyrətə düşən diplomatlar belə acınacaqlı mənzərə ilə ilk dəfə qarşılaşdıqlarını deyiblər. Hikmət Hacıyev diplomatlar qarşısında çıxışında bildirib ki, Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri də yerlə yeksan edib. Lakin Azərbaycanda sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir. Prezidentin köməkçisi əlavə edib ki, yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək:

“Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”. H.Hacıyev bildirib ki, rəsmi Bakı beynəlxalq təşkilatların işğaldan azad olunan ərazilərdə fakttoplama prosesində iştirakını görmək istəyir: “Xüsusilə UNESCO-nun fakttoplama prosesində iştirakını və hesabat hazırlamalarını istəyirik. Mədəni, dini yerlərin Ermənistan tərəfindən necə dağıntılara məruz qoyulması sənədləşməlidir. Azərbaycan 30 ilə yaxın dağıntılarla bağlı faktaraşdırıcı missiyalar məqsədi ilə beynəlxalq təşkilatlara müraciət etsə də, nəticəsi olmayıb: “Bu gün artıq imkan var, hər şey açıqdır. Onlar gələ bilərlər”. H.Hacıyev Mincivan yaşayış məntəqəsinin əhəmiyyəti barədə də qonaqları məlumatlandırıb. O bəyan edib ki, Mincivan yenidən regional nəqliyyat habına (şəbəkə -red) çevriləcək: “Sovetlər dövründə Mincivan regional nəqliyyat habı rolu oynayıb. Lakin erməni işğalından sonra tamamilə məhv edilib. Dəmir yolu relsləri metal kimi satılıb. Biz bu nəqliyyat habını yenidən bərpa etmək niyyətindəyik. Ümid edirik ki, Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək. Eləcə də bütün məsələlərdən lazımi nəticə çıxaracaq”. 

Diplomatik korpus nümayəndələri ilə birgə Cəbrayıl rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp dağıntıların miqyasının kifayət qədər böyük olmasından təəssüfləndiyini deyib. Səfir vurğulayıb ki, bölgə tamamilə dağıdılıb və ruhlar şəhərinə çevrilib. Şarp həmçinin Britaniya şirkətlərinin Azərbaycana işğaldan azad olunmuş ərazilərində aparılacaq quruculuq işlərinə cəlb olunmasından da danışıb: “Qarşıda görüləcək çox işlər var. Bu ərazilərin vəziyyəti öyrənilməli, minalardan təmizlənməlidir. Daha sonra Britaniya şirkətləri burada bərpa olunan enerji, kənd təsərrüfatı, turizm baxımından maraqlı ola bilər”. 

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari də qeyd edib ki, artıq nifrəti kənara qoymağın və regionda uzunmüddətli dayanıqlı sülhə nail olmağın vaxtıdır:

“Etiraf edim ki, Cəbrayılda dağıntıları görəcəyimi, heç də yaxşı mənzərə ilə üzləşməyəcəyimi bilirdim. Xüsusilə də Cəbrayıl qəbiristanlığındakı həmin mənzərəni qeyd etməliyəm. Bütün bunlara görə bir daha bildirirəm ki, regionun müxtəlif xalqları arasında sülh şəraitində yaşayış üçün çalışmaq lazımdır. Ümid edirəm, Cəbrayıl qəbiristanlığında gördüklərimizə bir daha şahid olmayacağıq. Bu, hər hansı dinə, irqə, millətə aid olmaqla bağlı deyil. Bu, ölülərə hörmətlə bağlıdır. Azərbaycanlılarda olduğu kimi, italyanlarda da vəfat etmiş doğmalar çox vacibdir. Gəlin nifrəti arxada qoyaq və sülh içində birgə yaşayış üçün irəliyə baxaq”. Massari bəyan edib ki, Roma Cənubi Qafqaz regionunun stabilliyində və təhlükəsizliyində maraqlıdır: “Xudafərin körpüsü simvolik olaraq sülh içində birgə yaşayışı təmsil etməlidir”. 

Vurğulamaq lazımdır ki, xarici ölkə səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların erməni işğalından azad olunmuş ərazilərə səfərləri Prezident İlham Əliyevin təlimatına əsasən təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərmək və gizlədilən həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Ona görə də bu cür ziyarətlərin mütəmadi təşkil olunması, xarici ölkə təmsilçilərinin Qarabağdakı dağıntıları öz gözləri ilə görməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla ilk növbədə uzun illər dünya ictimaiyyətinin gözünü boyamağa çalışan erməni təbliğat maşınının yalanları ifşa olunur. Həmçinin, Azərbaycan dünya ictimaiyyətinin diqqətini Qarabağa, erməni vəhşiliyinin izlərinə yönəldərək, düşmənin əsl mahiyyətini açır və rəsmi Bakının haqlı mövqeyini daha da gücləndirir. 

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Şərq”ə açıqlamasında bildirib ki, indiki mərhələdə xarici nümayəndələrin işğaldan azad olunmuş ərazilərə səfərləri informasiya siyasətimizin mühüm komponentini təşkil edir. Deputat xatırladıb ki, dövlət başçısı İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin izlərinin saxlanılmasının vacibliyini vurğulayıb:

“Ərazilərdə bərpa-quruculuq işləri aparılsa belə erməni vandalizminin izləri dəlil-sübut kimi qalacaq. Bu da informasiya müstəvisində imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcək. Ortada reallıq var və bu reallıq ondan ibarətdir ki, 30 ilə yaxın bir müddətdə Ermənistan dövləti və erməni separatçıları Azərbaycan ərazilərində misilsiz dağıntılar həyata keçiriblər, əsl vandalizm aktları törədiblər. Azərbaycanın tarixi və mədəni irsinə qarşı ağlasığmaz terror ediblər. Təbii ki, bütün bunları dünyaya olduğu kimi çatdırmaq lazımdır. Ermənistan bu illər ərzində dünyanı yanlış informasiyalarla “doydurmağa” çalışıb. İnformasiya məkanı elədir ki, buranı heç vaxt boş saxlamaq olmaz. Əlimizdə kifayət qədər tutarlı faktlar, arqumentlər var. Maksimum səviyyədə bu faktlardan istifadə etməliyik. Erməni yalanlarını ifşa etməli, onların vəhşiliklərini dünyaya geniş miqyasda çatdırmalıyıq”.

Parlament üzvü vurğulayıb ki, xarici ölkə nümayəndələrinin ikinci dəfə işğaldan azad edilmiş torpaqlarımıza səfəri strateji əhəmiyyətə malikdir:

“Bu cür səfərlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ermənilərin işğalçılıq mahiyyətinin dünya ictimaiyyətində təbliğ edilməsi baxımından olduqca mühümdür. Digər tərəfdən ermənilərin informasiya terrorunun qarşısının alınması istiqamətində çox vacib addımdır. Biz torpaqlarımızdakı erməni vəhşiliklərini birbaşa xarici ölkə təmsilçilərinin gözləri ilə ictimailəşdirdikcə, dünya artıq erməni yalanlarını qəbul etməyəcək. Ermənistanın saxta təbliğat maşını işləməyəcək, yəni erməni yalanları “ayaq tutsa da, yeriməyəcək”. Bu, önəmli məqamdır. Çünki ermənilərin faş olması Azərbaycanın haqlı və ədalətli mövqeyini möhkəmləndirəcək. Xarici nümayəndələr erməni dağıntılarını yaxından gördükcə, ərazilərdəki vandalizmin izlərinə şahidlik etdikcə, Qarabağ məsələsində daha dolğun fikrə, aydın təsəvvürə sahib olacaqlar”. 

E.Mirbəşiroğlu bəyan edib ki, Azərbaycan dövləti dağıdılmış regionda quruculuq-bərpa işlərinin ən keyfiyyətli şəkildə həyata keçirilməsində maraqlıdır:

“İşğaldan azad olunmuş ərazilərimiz dünyanın inkişaf etmiş məkanlarından birinə çevrilməlidir. Bölgədə beynəlxalq hava limanlarının tikilməsi, müasir nəqliyyat infrastrukturunun yaradılması bu məqsədə xidmət edir. Görülən işlər və açıqlanan planlar Qarabağa xarici investisiyaların cəlb olunması, iqtisadi xarakterli maraqların oyadılması baxımından vacibdir. Dünyanın müxtəlif ölkələrinin Cənubi Qafqaz bölgəsində geosiyasi və geoiqtisadi maraqları var. Xarici nümayəndələr təmsil etdikləri ölkələrin rəhbərlərinə Azərbaycanın məqsədindən söz açacaqlar. Bildirəcəklər ki, işğaldan azad edilmiş ərazilərin inkişafına nail olmaqla bütövlükdə regionun sabitliyinə və təhlükəsizliyinə şərait yaradılır. Bu amil Cənubi Qafqazda qalıcı sülhün və stabilliyin təmin olunması üçün zəruridir. İstənilən halda xarici ölkə nümayəndələrinin işğaldan azad edilmiş rayonlarımıza intensiv səfərləri Azərbaycanın strateji baxışlarına cavab verir”. 

Siyasi elmlər namizədi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da “Şərq”ə bildirib ki, erməni silahlı qüvvələrinin Qarabağı işğalı nəticəsində bölgədə yerləşən minlərlə kitabxana, onlarla məscid, yüzlərlə tarixi abidə və muzeylər məhv edilib. Siyasi şərhçinin sözlərinə görə, işğal nəticəsində yüzlərlə tikili ya tamamilə dağıdılıb, ya da “erməni abidələri” kimi təqdim olunub:

“Erməni vəhşiləri tərəfindən dağıdılan mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə məxsusdur. Bu baxımdan tarixi-mədəni abidələrimizin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edir. Anlamaq lazımdır ki, erməni vandalizmi təkcə Azərbaycana, yaxud müsəlman dünyasına qarşı deyil, bəşər mədəniyyətinə təcavüzdür. Çünki tarixi və mədəni abidələrimizin dağıdılması Haaqa Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir”.

Z.Məmmədov qeyd edib ki, Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi vandalizm aktları arasında ekoloji cinayətlər də var:

“Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri talan edilib. Ərazilərdə mütəmadi olaraq yanğınlar törədilib, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilməyəcək zərər dəyib. Artıq reallıqlar dəyişib və dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Cənubi Qafqazda işğalçının, terrorçunun kim olduğunu yaxşı görür. İndi qlobal təşkilatların üzərinə böyük yük düşür. Beynəlxalq qurumlar fakt və dəlilləri əsas götürərək Ermənistanın hərbi-siyasi elitasını törətdikləri cinayət əməllərinə görə cəzalandırmalıdır.

Əks halda, bu cür əməllər dünyadakı digər cinayətkar rejimlər üçün pis presendent olacaq”.