Məşəqqət dolu repressiya: Aslan Kənan danışır: “Cəfər Cabbarlını öz dostu satıb” 

“1937, 1938, 1939 çox dəhşətli illərdir. Adından məlum olduğu kimi repressiya ağrılı keçib. Hərəsinə bir cür işgəncə verib, qətlə yetiriblər. Birini zirzəmidə  döyə-döyə öldürüblər, birini suyun içində saxlayıblar. Kimisini şəxsi məsələlərə görə  yerindəcə güllələyiblər. Hətta 15-20 dəqiqəlik məhkəmədən sonra güllələnməyə məhkum ediliblər. Ya da başqa bir yerdə, Nargin adasında öldürüblər. Elə  repressiya da var ki, tapança ilə vursalar, ondan yaxşıdır”. 




Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan repressiya illərinin araşdırmaçısı, tarixçi Aslan Kənan deyib. O, repressiyanın səbəblərindən də danışıb:

“Sözsüz ki, o dövrdə bolşeviklərin başında dayananlar öz yerlərini, vəzifələrini saxlamaq üçün repressiyaya əl atdılar. 20-ci əsrin 20-ci illərinin  əvvəllərində başladılar.

O zaman bir müddət həbsxanada saxlayırdılar, bəzilərini güllələyirdilər, bəzilərini buraxdılar ki, guya, azad ediblər. İki il sonra  yenidən həbsə atırdılar və onları qətl edirdilər.

 Məsələn, Əhməd Cavad 3 dəfə tutulub. Yaxud da Cəfər Cabbarlının başına oyunlar açılıb. Öz dostu, birgə çörək kəsdiyi adam onu satmışdı. Həmin şəxs yaxın zamana qədər yaşayırdı. Deyirdi, Cəfər Cabbarlı dostum olub. Onları qınamıram. Bəzən buna görə məni günahlandırırlar. Yaxud da o vaxtın məşhur yazıçılarını, şairlərini kəskin tənqid etdiyimi söyləyirlər.

Həmişə deyirəm, o adamları günahlandırıram ki, azad bir torpaqda, öz ətrafını güdaza verib. Nəyə görə? Ya mənzil qazanmaq üçün, ya kitabları çap olunsun deyə, ya da vəzifə sahibi olmaq uğruna.

Kim ki, zirzəmidə qardaşını “ satır”dı, onlara haqq qazandırıram, çünki işgəncələrə görə məcbur idi. Kim osla, belə edərdi. Kim deyirsə ki, “satmaram”, yalandır. Məcbur olduqları üçün onları anlayıram. Sənədlərlə tanış olanda, bəzi məqamlara rast gəlirdim. Yazıçılar İttifaqının iclasında, yığıncaqlarında vəzifə hərisləri  kiməsə yaranırdılar.

Halbuki,  yoldaşlarının üzünə duranlar Yazıçılar İttifaqının üzvü də deyildilər. Onları günahlandırıram. Yoxsa Hacı Kərim Sanılı qoca kişi idi, döyə-döyə öldürdülər. Heç məhkəməyə gəlib, çata bilmədi.

Ancaq Seyid Hüseyn Sadıqzadə, Mikayıl Müşfiq, Əhməd Cavad onları 15-20 dəqiqəlik məhkəmədən sonra güllələdilər. Bunlar hamısı ən ağır və dəhşətliləri idi. Repressiya elə dəhşətin özüdür”.