Psixoloqların apardığı söhbət nəticə verir

Yanvar ayında 14 cütlük nikahın pozulmasından imtina edib

"Artıq boşanmaq, ayrılıq, şiddət kimi hadisələri yaşamaq əvəzinə psixoloqa müraciət edərək çıxış yollarını axtaranlar var"

"Psixoloq obrazı doğru formada təqdim olunduğu təqdirdə insanlarda onlara qarşı güvən hissi formalaşır"


Yaşından asılı olmayaraq şəxsin iş, sosial yaxud da ailə həyatında problemlər uzun müddət davam edərək üzüntü yaradır. Bu baxımdan da daha yaxşı münasibətlər qurmaq və yaşam səviyyəsini artırmaq üçün psixoloqa müraciət edilməsi daha məqsədəuyğundur. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə olan bəzi anlaşılmazlıqlar insanların psixoloq yanına gec getməsinə səbəb olur. Lakin son illər psixoloqa müraciət edənlərin nəticədə uğur əldə etdiklərinin şahidi oluruq.

Məsələn, Azərbaycanda bu ilin yanvar ayında bağlanmış nikahların sayı açıqlanıb. Ədliyyə Nazirliyindən verilən xəbərə görə, 2021-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 2.714 nikah dövlət qeydiyyatına alınıb. Həmçinin bildirilib ki, 2020-ci ilin dekabr ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasının təyin edildiyi 2021-ci ilin yanvar ayı ərzində 28 nəfər (14 cütlük) nikahın pozulmasından imtina edib. Təbii ki, burada psixoloqların önəmi xüsusi olaraq qeyd edilməlidir. Buradan da aydın olur ki, vaxtında göstərilən düzgün psixoloji yardım insanların problemlərinin aradan qaldırılmasını yüngülləşdirir. Çünki bir hadisənin zamanında qarşısını almaq, baş verənlərdən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır. Bu səbəbdən də erkən psixoloji müdaxilə vacibdir.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Şərq”ə açıqlamasında bildirib ki, sivilizasiya inkişaf etdikcə cəmiyyətdə insanlararası münasibətlər tabularla yox, məhz psixologiya ilə idarə olunur. Psixoloq qeyd edib ki, insanların həyat tərzi, həyat keyfiyyəti artdıqca cəmiyyətdə psixoloqların da rolu artır. Və psixologiya demək olar ki, cəmiyyətin bütün istiqamətlərinə sirayət edir:

“Nəticədə insanlararası münasibət psixoloji qanunauyğunluqlarla idarə olunur. Eyni zamanda psixoloqların müxtəlif narahatlıq və problemlərə neytral yanaşması, mühakimə etməməsi, empatik və aktiv dinləmə bacarıqları insanların problemlərini rahatlıqla bölüşməsinə, həlli istiqamətində doğru addımlar atmasına səbəb olur. Bu isə cəmiyyətdə psixoloqun rolunun artmasına birbaşa təsir göstərir”.

Onun sözələrinə görə, insanlar arasında psixoloji maarifləndirmə artdıqca psixoloqa baxış tərzində də müsbət istiqamətdə dəyişikliklər müşahidə olunmaqdadır:

"Artıq valideyn uşağında hər hansı bir narahatlıq müşahidə edəndə həkimlə paralel psixoloq tövsiyəsini almağa çalışır. Yeniyetmə övladı ilə problem yaşadıqda mütəxəssis dəstəyi alaraq ona düzgün yanaşmanı formalaşdırır.

Hətta ailədaxili problemlər yarandığı zaman problemin şiddətini artırmaq və boşanmaq, ayrılıq, şiddət kimi hadisələri yaşamaq əvəzinə psixoloqa müraciət edərək çıxış yollarını axtaranlar var.

Hesab edirəm ki, bu günləri evlilik öncəsi psixoloji yardım alaraq gələcəkdə ailədə yaşana biləcək problemlərlə bağlı profilaktik tədbirlər görülməsinə, hər hansı somatik xəstəliklə yanaşı, psixoloji problemlərin müşahidə olunmaması üçün dəstək alınmasına ehtiyac var.

Bu hal cəmiyyətdə interpersonal münasibətlərin adekvat formalaşmasına, ailədaxili konfliktlərin azalmasına, həyat keyfiyyətinin artmasına səbəb olacaq. Həmçinin, təhsil sistemində məhsuldarlığın yüksəlməsinə və dolayısıyla bütün sahələrdə müvəffəqiyyətin əldə olunmasına şərait yaradacaq". 

E.Rüstəmov əlavə edib ki, son dövrlərdə müxtəlif filmlərdə süjet xəttinə psixoloq obrazının əlavə olunması psixologiyanın cəmiyyətin ictimai praktikasına çevrilməsinə, ictimai şüurda bu fenomenin inkişafına səbəb olmaqdadır:

"Psixoloq obrazı doğru formada təqdim olunduğu təqdirdə insanlarda onlara qarşı güvən hissi formalaşır. Nəticədə insanlar şəxslərarası münasibətdə problemin həllində qeyri-adekvat üsulları seçmək əvəzinə mütəxəssis yardımı almağa yönəlirlər.

Psixoloji maarifləndirmə doğru aparıldığı təqdirdə şəxsin özündə müşahidə olunan və indiyə qədər aşkarlanmayan, səbəbsiz aqressiya, gərginlik, bədbinlik, ümidsizlik və s. kimi narahatlıqlar daha tez ortaya çıxır.

Nəticədə zamanında yardım alaraq xroniki formaya keçid almasının qarşısı alınır. Eyni zamanda psixologiya hər bir insanın həyat tərzinə çevrilmiş olur".