Deputat fakt açıqladı: “Qarabağdakı nadir eksponatlar Ermənistana daşınıb”

“Şuşanın işğalı nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdi”


“Erməni işğalçılar torpaqlarımızda qeyri-peşəkar arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qarət etdikləri qiymətli tapıntıları Ermənistana daşıyıblar”.
Bunu “Sherg.az”a millət vəkili Müşfiq Cəfərov deyib. 
Deputat bildirib ki, erməni işğalçılarının barbar hərəkətləri "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına ziddir: 

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğal prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində  dövlətimizə külli miqdarda ziyan dəyib. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini tikililəri dağıdıblar. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan respublikamızın ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları uzun müddət hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib”.

Parlament üzvü bildirib ki, Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini dağıdıblar: 

“Ermənilər dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev-muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin Şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini dağıdıb, məhv ediblər.

Qarabağ ərazisində olan qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparıblar.

Bu və ya digər faktlara diqqət salarkən, onu da qeyd etmək istərdim ki, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdi.

Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar var. Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdı. Ermənilər Şuşa şəhərində yolların kənarındakı məhəccərləri dəyişdirərək onların əvəzinə xaç şəkilli dəmirlər vurmuşdu.

Bu faktlar əsasında deyə bilərik ki, məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətlərimizin dəyərini təyin etmək praktiki olaraq mümkün deyil”.