Zərifin Türkiyə səfəri - Qovluğu doludur: “3+3 formatı və... ” 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə rəsmi səfərə gedib. O, İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə İran-Türkiyə ikitərəfli münasibətləri müzakirə olunub, tərəflər regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar. 



Görüşü “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan əsas müzakirə predmetlərini açıqladı: 

“Bu, Vətən müharibəsindən sonra Cavad Zərifin Türkiyəyə ilk rəsmi səfəri idi. Yəqin, çoxsaylı ortaq məsələlər barədə danışılıb.

Məsələn, Suriyada, İraqın şimalında terrorçulara qarşı mübarizə, həmçinin İranın atom-nüvə problemi haqqında fikir mübadiləsi aparıldığını düşünürəm. Bildiyiniz kimi, İranın atom- nüvə silahı ilə bağlı hələ də problemləri var.

Rəsmi Ankara bu məsələdə İrana dəfələrlə kömək edib.

Ola bilsin, rəsmi Tehran yenə yardım istəyəcək. Aralıq dənizinin şərq hissəsində Türkiyənin apardığı kəşfiyyat işlərinə dair İranın münasibəti masaya çıxarılması mümkündür.

İranla olan əməkdaşlığa görə, ABŞ-ın Türkiyəyə qarşı sərt mövqeyi, təzyiqləri aydındır. Yəqin, Çavuşoğlu bu məqam barədə narahatlığı qarşı tərəfə çatdırıb.

Eyni zamanda dialoqun bir mövzusu da 3+3 əməkdaşlıq formatı və İranın həmin birliyə verə biləcəyi töhfələr ola bilər. Hər halda aktual, müzakirə edilməli mövzular çoxdur”.