Koçaryana yenidən şans vermək intihara bərabərdir 

Ermənistanın sabiq prezidenti Robert Koçaryan növbəti dəfə 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanı “ədalətsiz” adlandırıb. Koçaryan deyib ki, əgər tərəflər “münaqişə”yə birdəfəlik son qoymaq istəyirsə, gərək onun “ədalətli” həllini tapsınlar. Eks rəhbərin fikrincə, bu cür sülh uzunmüddətli və əbədi ola bilməz: “Düşünürəm ki, hər şey itirilməyib və ən azı danışıqlar prosesində, əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmuş əraziləri müzakirə etmək olar. Hansı statusda, necə? Bu çox mürəkkəb prosesdir. Lakin düşünürəm ki, burada hansısa mümkün perspektivlər var”. 

Koçaryanın sərsəm ifadələrini “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanın ikinci prezidenti yenidən hakimiyyətə qayıtmaq niyyətini gizlətmir. Siyasi şərhçinin sözlərinə görə, artıq reallıqlar dəyişdiyi üçün köhnə siyasi baqajla hakimiyyətə gəlmək qeyri-mümkündür:

“Köhnə ideyalarla yeni reallığa ayaq uydurmaq problemlidir. Ermənistan məhz zərərli ideyaların ucbatından zəlil vəziyyətə düşüb. Rəsmi Bakı 20 ildən artıqdır Yerevanı danışıqlarda ciddi olmağa, qeyri-konstruktiv mövqe sərgiləməməyə çağırsa da, Ermənistan hökumətləri buna məhəl qoymayıb.

Çünki düşmən tərəf özünü həqiqətən “güclü” və “qalib” tərəf kimi görürdü. Status-kvonun dəyişməz olduğunu zənn edirdilər. Azərbaycan sistemli şəkildə mövcud reallığı dəyişdirdi və öz reallıqlarını yaratdı.

Əslində kasıb və məğlub Ermənistan üçün də yeni fürsət formalaşıb. Əgər erməni rəhbərliyi düzgün addımlar atsa, ağıllı qərarlar versə, düşdükləri acınacaqlı durumdan tədricən xilas olarlar.

Koçaryanın, Sarkisyanın və onların komandasında olan hansısa şəxsin yenidən hakimiyətə qayıtması Ermənistanın geriyə dönməsidir.

İndiki halda isə Ermənistana geriyə yox, irəliyə doğru addım lazımdır. Məncə, artıq erməni cəmiyyəti də dərk edir ki, Koçaryan kimilərinə yenidən şans vermək intihara bərabərdir. Böyük ehtimal ki, xalq koçaryanları tarixin zibilliyinə atacaq.

Bu ölkə daim qonşu ölkələri, bütövlükdə regionu risk və təhdid altında qoyduğu üçün Ermənistanda baş verənlər bizim üçün də maraqlıdır”.