Hər gün 50-100 nəfər jurnalist peyvənd olunacaq 

Zaur Xudiyev: "Öncüllərdən oldum, özümü yaxşı hiss edirəm"

Bu gündən Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Jurnalistlərin vaksinasiyası Mətbuat Şurasının binasında həyata keçirilib. Jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirilən mətbuat konfransında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, redaksiyalardan Mətbuat Şurasına daxil olan müraciət və siyahılara əsasən, media nümayəndələrinə mərhələli şəkildə peyvənd vurulacaq. Ə.Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiyası TƏBİB-ə həvalə olunub:

"Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır".

Oxu.Az saytının redaktoru Zaur Xudiyev də vaksin olunan jurnalistlər arasında olub. Z.Xudiyev "Şərq"ə açıqlamasında vaksinasiya prosesində redaksiyada ilk təşəbbüskarlardan biri olduğunu deyib:

"Redaksiyamızdan bildirdilər ki, jurnalistlərin vaksinasiya prosesi start götürür. Təbii ki, mən də bu işdə öncüllərdən biri oldum. Çünki düşünürəm ki, virusun yayılmasının qarşısını almaq üçün peyvənd ən effektiv, ən yaxşı yoldur. Proses çox rahat idi. Əvvəlcə tibbi müayinədən keçdim, daha sonra vaksinasiya olundum. Hazırda 2 saata yaxın vaxt keçib. Özümü çox yaxşı, normal hiss edirəm. Bir problem yoxdur. Hər kəsdən xahiş edirəm ki, əgər vaksinə qarşı bir əks göstəriş yoxdursa, mütləq vaksin olunsunlar".