Oruc tutanlar vaksinasiya oluna bilərlərmi? – Dini və tibbi izah 

Azərbaycanda 2021-ci il Ramazan ayının ilk günü aprelin 13-nə düşür. Orucluğun ilk günü  aprelin 13-dən 14-nə keçən gecəyə təsadüf edir.Qaydalara görə, xəstə insanlar oruc tutmaya bilərlər. Ölkədə isə koronavirus xəstələri və bu xəstəliklə əlaqədar karantində olan minlərlə insan var. Bu baxımdan pandemiyanın hökm sürdüyü bir vaxtda oruc tutulması ilə bağlı suallar yaranır.

Koronavirus müddətində oruc tutmaq olarmı?

Sualımızı cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi  Hacı Şahin Həsənli “Sherg.az”a bildirib ki, artıq 2-ci ildi Ramazan ayı pandemiya dövrünə təsadüf edir.

Onun sözlərinə görə, pandemiya zamanı sağlamlığı yerində olan şəxslərin oruc tutmasında heç bir qorxu yoxdur:

“Keçən il də koronavirusun yayıldığı bir vaxtda oruc tutmuşuq. Bu məsələdə həkimlərlə də müəyyən məsləhətləşmələr aparılıb. Onlar sağlam, düzgün və qaydalara uyğun şəkildə oruc tutularsa, bunun insan sağlamlığına zərər vurmadığı qənaətindədirlər. Oruc tutmaq virusa yoluxma riskini artırmır. Bu, həkimlərin fikridir. Sadəcə olaraq, insanlar mövcud qaydalara əməl etməlidirlər: Sıx təmaslardan çəkinməli, kütləvi mərasimlərdə və qapalı yerlərdə olmamalıdırlar. Qaydalara riayət edərlərsə, orucun insan sağlamlığına heç bir mənfi təsiri yoxdur. Bu sahənin mütəxəssisi olmasam da, həkimlərlə məsləhətləşmələr zamanı gəlinən qənaəti qeyd edirəm.

Düzgün qidalanma və axşam orucunu açarkən birdən-birə çox yeməmək məsləhətdir. Tərəvəzlər, çoxlu vitaminlər və maye qəbul etmək məqsədəuyğundur. Bu qaydalara əməl olunarsa, immunitet zəifləməsi baş verməz. Orucun orqanizmi zəiflətməsi əsaslı fikir deyil, əksinə insan sağlamlığına müsbət təsirləri var. Hədislərdə də peyğəmbərimiz buyurur ki, sağlam olmaq üçün oruc tutun”.

H.Ş.Həsənli qeyd edib ki, oruc zamanı vaksinasiya olunmağın da heç bir ziyanı yoxdur:

“Həkimlər bunun əks təsiri olmadığını deyir, dini baxımdan isə vaksin vurulması orucun pozulmasına səbəb olmaz”.

İlahiyyatçı vurğulayıb ki, hazırda məscidlər bağlı olduğu üçün dini mərasimlər sosial şəbəkələr vasitəsilə keçiriləcək və din xadimləri çıxışlar edəcək:

“Sosial şəbəkələrdə dini çıxışlar olacaq və dualar oxunacaq. İnsanlar öz evlərindən bu məclislərə qoşula bilərlər. Qısası, Ramazan ayında sağlamlığı imkan verən insanlar oruc tutmalıdırlar. Lakin koronavirusa yoluxan, müalicə alan və həkimlərin orucu qadağan etdiyi şəxslər istisnadır. Amma sırf koronavirusa yoluxma ehtimalına əsasən insan orucunu poza bilməz. Yalnız yoluxmuş xəstələr orucdan azaddırlar”.