ATƏT-in Minsk qrupuna ehtiyac olacaq

Metyu Brayzanın açıqlaması əslində reallığa daha uyğundur

"Biz Fransa və Amerikanın Rusiyaya qarşı mövqeyindən istifadə edib ordan müəyyən manevr imkanları qazanacağıq"

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza ATƏT-in Minsk qrupu barədə danışıb. O bildirib ki, ATƏT-in Minsk qrupunun missiyası olmalıdır: "Bu gün Prezident Əliyev də təklif etdi ki, Minsk qrupu nə edə biləcəyi ilə bağlı təkliflər verməlidir. Onlar müharibədən sonrakı mərhələyə necə kömək edə bilərlər? Azərbaycanın perspektivindən baxdıqda, ATƏT-in Minsk qrupu münaqişənin həlli yolunu tapmaq üçün formalaşmışdı, artıq münaqişə həll olunub.

Belə olan halda Minsk qrupu nəsə başqa bir iş görməlidir. Minsk qrupunun görə biləcəyi çox iş var. Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası, noyabrın 9-da imzalanan üçtərəfli Bəyanatın bəndlərinin həyata keçirilməsi və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəlkə də gələcəkdə sülhlə bağlı danışıqlara yardım etmək məsələləri. Ümumilikdə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasından söhbət gedir. Minsk qrupu bu istiqamətlərdə işləyə bilər”.

Siyasi analitik Turab Rzayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, Metyu Brayzanın bu açıqlaması əslində reallığa daha uyğundur. Çünki həqiqətən də ATƏT-in aktivliyi bərpa olunmalıdır:

"Düzdür, əvvəlki şəkildə ATƏT-in artıq sülhyaratma missiyasına o dərəcədə ehtiyac yoxdur. Çünki bəzi məsələlər artıq həll olunub. Amma burada nə var? Məsələ odur ki, erməni sərhədlərinin demarkasiyası, sülhlə bağlı şərtlərin həyata keçirilməsi, gələcəkdə münaqişənin tam olaraq nizamlanması, Ermənistanla sülh müqaviləsinin imzalanması və Dağlıq Qarabağda Ermənistanla Azərbaycan əhalisinin sülh və mehribançılıq şəraitində yaşamasıdır. Bunların hamısı təbii ki, həll olunmalıdır". 

T.Rzayev bildirib ki, bu məsələdə ATƏT-in Minsk qrupu kömək edə bilər:

"Çünki orda Rusiyadan başqa Amerika və Fransa var. Biz bundan necə istifadə edə bilərik? Qeyd edim ki, hazırda Rusiyanın bütün Qafqazda, Azərbaycan-Ermənistan münaqişəsində və Qarabağda nəzarəti əlinə alması Qərb ölkələrinin ürəyincə deyil. Bu həm Fransaya qıcıq yaradır, həm də Amerika buna qarşıdır. Yəni onlar tamamilə Rusiyanın söz sahibi olmasını istəmirlər.

Biz əslində fikir ayrılığından istifadə edə bilərik. Çünki burda da biz müəyyən güzəştlərə gedəcəyik. Bu, erməni əhalisinin hüquqları və ya başqa məsələlərlə bağlı ola bilər.

Biz Fransa və Amerikanın Rusiyaya qarşı mövqeyindən istifadə edib ordan müəyyən manevr imkanları qazanacağıq. Yəni ona görə də düşünürəm ki, Minsk qrupunun fəaliyyətini bərpa etməsi bizə lazımdır. Bu manevr imkanları nə ilə bağlıdır? Çünki bilirsiniz ki, Rusiya ordusunun əslində sülhməramlı mandatı yoxdur. 

Bir bəyanat imzalanıb və tam olaraq bu ordu sülhməramlı mandatına sahib deyil. Əgər gələcəkdə Azərbaycanla bir razılaşma olmasa və ya vaxtı bitdikdən 5 il sonra həmin ordu çıxarılmasını istəsə və Azərbaycan desə ki, mən bu sülhməramlı mandatı vermirəm, istəyirəm ərazini tərk eləsin, onda bizə təzyiq zamanı gərək digər ölkələr dəstək olsun, o cümlədən Fransa və Amerika. Çünki heç bir dəstək olmadan hər sözü bizə qarşı olsa, onda düşünürəm ki, Rusiyaya qarşı manevr imkanları xeyli daralmış olar".