Bu nə ilk, nə də sondur:“Mehriban xanım hər birimizin səsidir”

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib. Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb.


Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.



Birinci vitse-prezidentin humanist addımını “Sherg.az”a dəyərləndirən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Mehriban xanım xəstə və kimsəsizlərə hər zaman qayğı göstərir:

“O, illərdir ki, gözümüzün qabağında bu cür addımlar atır. Mehriban xanım qocalar və  kimsəsiz uşaqlar evinin təminatına ciddi nəzarət edir. Heydər Əliyev Fondu onların şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görür. 

Bu sahədə aparılan tədbirlər məhz Mehriban xanımın təşəbbüsü ilə reallaşıb. Tunar balamız üçün atılan addım nə ilk, nə də sondur. 

Tunara qədər də bir çox azyaşlı körpənin müalicəsinin təşəbbüskarı və təşkilatçısı, onların müalicəsi üçün ciddi işlər görüb. Bu da həmin işlərdən biridir. Mehriban xanımın Birinci vitse-prezident, ölkənin Birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlər alqışa layiqdir.

Mehriban xanım hər birimizin səsidir. Onun bu cür işlərə əl atması bizim alışdığımız hadisədir. Əlbəttə, bütün bunlar çox önəmli, insanpərvər, mərhəmətli bir addımdır və yalnız alqışlamaq lazımdır”.